Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Azərbaycan futbolundakı turist qapıçılar

Qapıçı komandanın 50 faizidir. Əlbəttə, qapıçı 5 nəfərin işini görə bilməz. Onun komandanın 50 faizi olması isə bir başqa məna daşıyır. Misal üçün hamının üzünü arxaya çevirib, 90+4-cü dəqiqədə vurulan penaltinin qol olacağını düşündüyü anda qapıçı səhnəyə çıxıb, bütün mülahizələri alt-üst etmək bacarığına malikdir. Bu səbəbdən qapıçı komandanın yarısı hesab olunur.
İnsafən, Azərbaycanın da güclü qapıçılıq məktəbi olub. Sergey Karamarenkodan tutmuş, Kamran Ağayevə qədər… Amma təəssüf doğuran məqamlar da var. Belə ki, Azərbaycan klubları azərbaycanlı qapıçılara güvənmək əvəzinə ölkə xaricindən qapıçılar dəvət edib, onlara etimad göstərirlər. Bəzi legionerlər isə Azərbaycan klublarında sadəcə, pul “yeməklə” məşğuldurlar. Biz bu yazıda məhz ehtiyat skamyada oturub, vaxt keçirən, eləcə də “onsəkkizliy”ə düşməyib Azərbaycan pulunu qazanan legionerlərdən bəhs edəcəyik.

İki qapıçı, yoxsa iki turist?
Başlayaq elə Qəbələdən. Qəbələ son vaxtlar inkişaf etmiş bölgələrimizdəndir. Can dərmanı da istəsən tapmaq olar. 35 yaşlı braziliyalı, heç bir perspektivi olmayan Dieqo Kosta niyə yaşamasın ki, burada? Haqqı çatmırmı? 35 yaşında bir il istirahət eləməsin deyirsiniz?
Zarafatı bir kənara qoyaq, “Qəbələ”də bu gün qapıçı qərargahı var. David, Dieqo, Kamran və Anar üzdə olanlardır. Hələ araşdırsan bir neçəsi də üzə çıxacaq. Mənə maraqlı olan budur ki, “Qəbələ” klubu bu qədər qapıçını nə edir? Bu qədər qapıçıya bu qədər pul xərcləyincə, müdafiənizdə olan o boyda problemi aradan qaldırsaydınız, heç nədən xallar itirməzdiniz, cənab Syomin…
Anar Nəzirovu gətirməklə millini də rəqabətsiz qoydular. Ümumiyyətlə, mən milli komandaya dəvət alan qapıçıların eyni klubda çıxış etmələrinin hər zaman əleyhinə olmuşam. Ona görə ki, onlardan birinin oyun təcrübəsi olmayacaq və bu, ümumi işin ziyanınadır. Əgər Anarı gətirmişdinizsə, Kamranı niyə gətirirdiniz. Və ya əksinə, Kamranın gəlmək ehtimalı var idisə, Anarı niyə futboldan məhrum etdiniz? Hələ o biri legionerləri demirəm. Bir sözlə, “Qəbələ”də bu gün paylanma düzgün deyil.
Dünyanın böyük klublarının heyətində maksimum 3 qapıçı olur. “Qəbələ”də isə bunların sayı 4-dür. Bəlkə biz bilmirik, Azərbaycan çempionatının səviyyəsi İngiltərə, İspaniya futbolunun səviyyəsindən üstündür? Hər şey ola bilər…

Tomiç, nə var, nə yox?
Kamran Ağayevin gedişindən sonra “Xəzər Lənkəran” bir müddət qapıçı problemi yaşadı. Toni Doblası gətirsələr də, o, üstü bəzək, altı təzək çıxdı. Doblasın gedişindən sonra isə komandanın zəif çıxış etməsi Orxan Sadıqlının da topu tez-tez tordan çıxarmasına səbəb oldu. Bütün bunları nəzərə alan yeni baş məşqçi Mustafa Dənizli Türkiyədən tanıdığı Vyekoslav Tomiçi komandaya cəlb etdi. Amma hələ ki, ondan bir səs-səmir yoxdur. Antalya toplanışına artıq çəki ilə qoşulan Tomiç hələ də “Xəzər Lənkəran”a qazandığı pulların tutumu yox, çəkisi qədər belə, xeyir verməyib. Əslində, bir yerli qapıçımızın legioneri üstələməsi çox yaxşı haldır. Amma bir legioner qapıçın da Azərbaycana gəlib, ehtiyatda oturub, milyonlar qazanması pis haldır. Mustafa Dənizli bəzən deyir ki, Orxan limitə görə oynayır. Mənə elə gəlir ki, təcrübəli mütəxəssis bu sözü deməklə Orxanın əməyinə kölgə salmış olur. Çünki Orxan bu gün, həqiqətən də, çox yaxşı təsir bağışlayır, mübarizə aparır. Tomiçlə bağlı gələn informasiyalar isə heç də xoş deyil. Bildirilir ki, qolkiperin nizam-intizam baxımından problemləri var və bu səbəbdən o məşqlərdə özünü tam göstərə bilmir. Hər halda, deməyim odur ki, istənilən sahəyə cəlb olunan legioner ilk növbədə yerli futbolçunu üstələməlidir, ehtiyatda oturmağı özümüzünkü də bacarar.

Paşa, Azərbaycanda yaşa!
Xalq komandası sayılan “Neftçi”nin qapısı əcnəbilərin əlindədir. Saşa Stamenkoviç artıq hərəkətləri ilə daim gündəmə gəlsə də, öz oyunu ilə ən yaxşılar arasındadır. “Neftçi”nin ikinci qapıçısı Pavel Doroşevsdir. Doroşevs? O “Qəbələ”də oynamır?
Hə, sonuncu dəfə “Qəbələ”də oynayıb, necə oldu gəlib “Neftçi”yə düşdü, biz də bilmədik. Paşa təcrübəyə malik qapıçıdır, amma “Neftçi”nin öz qapıçıları da var. Misal üçün hazırda “Araz Naxçıvan”da çıxış edən Emil Balayev. Düzdür, Emil Naxçıvan klubuna getməklə oyun praktikası qazanmış oldu. Amma “Neftçi” Pavelin əvəzinə Emili heyətdə saxlamalı və ondan Stamenkoviçlə rəqabət aparmağı tələb etməli idi. Gənc qapıçını yetişdirmək üçün məhz bu lazımdır.
Qapıçı üçün oyun praktikası sahə oyunçularına lazım olduğu qədər önəmli deyil. Bunu bütün futbol mütəxəssisləri də bildirirlər ki, qapıçı üçün əsas xarakter və mübarizədən qalib ayrılma bacarığıdır.

Edin rəsmən pul “yeyir”
Bojidar Bandoviçin dönəmində “Bakı”ya cəlb olunan makedoniyalı Edin Nuredinoski hələ də buradır. Bəlkə də, bu faktdan çox adamın xəbəri yoxdur. Çünki Edin sonuncu dəfə nə vaxt meydançaya çıxdığını özü də unudub. Belə olan halda, onu klubda saxlamağın nə mənası var? Bu gün Uli Ştayn və Berti Foqts görməsə də, “Bakı”nın yetirməsi olan Aqil Məmmədov, həqiqətən də, çox yaxşı təsir bağışlayır. Və “Bakı”nın əsas heyətində oynamaq Aqilin haqqıdır. Bəs Edin ehtiyatda otura-otura luks şəraitdə yaşamağı, böyük pullar qazanmağı haqq edirmi? Mənə elə gəlir ki, yox. Heç vaxt haqq etməyib, etməyəcək də. Onu mütləq yola salmaq lazımdır. Bir legionerin ehtiyatda oturması və ya ehtiyatda oturacaq səviyyədə olması tamamilə absurddur.

Sapela, Kamal var
Azərbaycana Polşadan gətirilən qapıçılar səviyyələri ilə fərqlənirlər. Bunlardan biri də “Rəvan”ın qolkiperi Lukaş Sapeladır. “Qəbələ” ilə səfər oyununda iki penalti qaytarıb, daha sonra isə qırmızı vərəqə alan Sapela 3 oyunluq cəzalandırılıb. Belə olan halda, baş məşqçi yerli qapıçı Kamal Bayramova şans verdi. Kamal isə ilk oyunda yaxşı təsir bağışlayaraq, ən yaxşı qolkiper seçildi. Və bununla da Sapelaya rəqib olduğunu göstərdi. Mənə elə gəlir ki, Kamal qarşıdakı iki oyunda da yaxşı təsir bağışlasa, o zaman Sapela üçün yerini qaytarmaq asan olmayacaq.

Fikirlərini bizimlə bölüş!