Son günlər ölkə futbolunu ağuşuna alan oyun alqı-satqısı ilə bağlı cəzalandırlanların sayı durmadan artır. AFFA-da baş tutan hər toplantıdan sonra kimlərin futboldan uzaqlaşdırılacığı ilə bağlı gözləntilər olur.
Uzun illərdir Azərbaycan futbolunun bu mərəzə tutulduğunu hər kəs desə də, real olaraq kimsə cəzalanmırdı, ad çəkilmirdi. Ancaq hamı bilirdi ki, yaşıl meydanlarımızda hansısa qara əməllər həyata keçirilir. Çoxları oyun alqı-satqısında futbolçuları, bəziləri məşqçi və idarəçiləri, bəzən isə AFFA və PFL-in yüksək vəzifəli şəxslərini günahlandırırlar.
Bir müddət öncə yığma komandalarımızın şərəfini qoruyan Nizami Hacıyev və Mirhüseyn Seyidovun cəzalanması fonunda “Şərurspor”un meydanda çıxardığı hoqqalar, Birinci Divizionda vurulan və buraxılan əndrabadi qollar davam edirdi. Məhz bu iki tanınmış simanın futboldan uzaqlaşdırılmasından sonra bəziləri artıq belə işlərin qarşısının alındığını düşünürdü. Lakin son olaylar göstərdi ki, belə düşününlər yanılıblar.
Azərbaycanda “stavka”ya qoyulan oyunların çoxuna pulların cənub-şərqi Asiya ölkələrində və Gürcüstanda yatırılması söz-söhbəti daim gündəmdədir. Təbii ki, kartla pul qoymaq məsələsi də var. Cənub-şərqi Asiya ölkələrinə yollanaraq bu məsələni araşdırmaq imkanımın demək olar ki, olmaması məni həvəsdən salmadı. Əvəzində bizə qonşu olan Gürcüstana yollanaraq, Azərbaycandan axan çirkli pul trafikinin haralara gedib çıxdığını öyrənməyə çalışdım.
Sizi araşdırmam ilə tanış etməzdən əvvəl bildirim ki, Gürcüstanda futbola və digər idman növlərinə qanuni pul qoyuluşu bizdən çox daha əvvəl başlayıb. 90-cı illərin sonunda qonşu ölkədə uzun illər fəaliyyət göstərən “Toto Bembi” adlı bukmeker kontoru vardı. Həmin kontorun respublika üzrə cəmi bir neçə filialı fəaliyyət göstərirdi. Daha sonra Gürcüstanda xeyli sayda leqal və qeyri-leqal kontorlar yarandıqda rəqabətə tab gətirməyən bu şirkət iflasa uğradı. Hazırda Gürcüstanda 10-na yaxın leqal bukmeker kontoru var və onların hamısının paytaxt Tiflisdə müxtəlif qəbul məntəqələri yerləşir.
Mən ilk olaraq, qədim Tiflisin mərkəzi hesab edilən və xeyli sayda azərbaycanlının da yaşadığı Ortacala adlanan ərazidəki məntəqələrə baş çəkmək qərarına gəldim. Şəhərin mərkəzi olduğu üçün buralarda xeyli sıxlıqdır, elə bukmeker məntələri də bir-birinə çox yaxındır. Buna baxmayaraq, həmin yerlərdə sayda çoxlu adam toplaşır və pul qoyuluşları edir. Ümumiyyətlə, gürcülər azart oyunlarını çox sevirlər. Bu kiçik ölkədə müxtəlif idman növlərinə pul qoymaq uzun illərdir dəbdədir.
İlk baş çəkdiyim “Pari matç” adlanan məntəqədə Azərbaycan futbol klublarının oyunlarına pul qoyuluşları olub-olmadığını soruşduqda, kassada əyləşib kuponları qəbul edən gürcü qəribə sifət alaraq, “pul qoymaq istəyirsiz?”-deyə, sualıma sualla cavab verdi. Mənim “bəli” cavabımdan sonra əmsalların əllərində olmadığını, gələndə pul qoyuluşu etməyin mümkünlüyünü bildirdi. Ondan Azərbaycan çempionatına marağın olub-olmadığını soruşduqda, verdiyi cavaba heyrətlənməmək mümkün deyildi:”Sizin çempionatda hesablar əvvəlcədən bilindiyi(!!!) üçün burda heç kim ora “girişmir””. Onun söylədiyinə görə, Azərbaycanda Premyer Liqa komandalarının hamısı oyun satır. Birinci Divizionumuzdan isə danışmağa dəyməz. Belə ki, gürcü oranı Tiflisin məşhur “Dezerti” bazarına bənzətdi.
İkinci durağım məşhur Rustaveli prospektində yerləşən “Vivarobet” oldu. İçəri daxil olandan sonra aydın oldu ki, Azərbaycan çempionatı açıq bazar olduğu üçün gürcülər bizim yarışlara maraq göstərmir. Obyekti işlədənin sözlərinə görə, Azərbaycanda oyunları hər cür fırlada bilirlər, məhz bu amil pul qoyanları çəkindirir. Daha sonra Tiflisin 5-6 bukmeker kontoruna baş çəkdim, bəzilərində bizim Premyer Liqaya “stavka” edənləri də tapdım. Kazbeqi küçəsindəki “Fon” adlı kontoru işlədən David Jemalişvili ümumiyyətlə bizim çempionatımıza bukmeker kontorunun(“Topaz”ı nəzərdə tutur. Son mövsümdən xəbərdar deyildi. – A.Ə)sponsorluq etməsini absurd adlandırdı.
Azərbaycan çempionatına daha çox harda pul qoyulduğunu soruşa-soruşa Varketili rayonundakı “Leader-Bet” kontoruna gəlib çıxdım. İçəri daxil olan kimi bir nəfər cavan oğlan mənə yaxınlaşaraq azərbaycan dilində “”stavka” etmək istəyirsiniz? Bizdə Azərbaycan çempionatına da pul qoymaq olur”- dedi. Ondan kim olduğunu soruşduqda, gürcü olsa da, səlis Azərbaycan dilində özünü kontorun işçisi kimi təqdim etdi. Mənim istəyimi necə anlamasına gəlincə isə bura xeyli sayda həmyerlimizin gəldiyini və pul qoyuluşu etdiyini bildirdi. Daha sonra məni kontorun sahibi kimi təqdim etdiyi kök və hündür boylu gürcünün yanına apardı. Adı Vano olan və danışanda güclə nəfəs alan gürcü fısıldaya-fısıldaya hansı oyunlara pul qoyacağımı soruşdu. Mən Azərbaycan Birinci Divizionuna deyəndə, Vano tərəddüdlə nə qədər “stavka” edəcəyimlə maraqlandı. Məbləğin az olduğunu eşitdikdən sonra başı ilə “olar” dedi. Ondan bizim çempionatlara pul yatırmaq üçün gələnlərin sayı ilə maraqlandım. Cavabında Azərbaycandan, xüsusən də Bakıdan müxtəlif adamların gəldiyini və matçlara pul yatırdığını öyrəndim. Həmin adamların kimliyi ilə maraqlandıqda isə Vano, bu məsələnin onun üçün vacib olmadığını, amma həmin şəxslərin hər kimlərdisə, “tutarlı” adamlar olduğunu ilk baxışdan sezdiyini söylədi. Vanonun sözlərinə görə, “Azərbaycandan gələn qonaqlar” həmişə müxtəlif komandaların qarşılaşmalarına “stavka” edir və təxminlərində yanılmırlar. Demək ki, onun mənim qoyacağım pulun məbləği ilə maraqlanması əbəs deyilmiş. Ümumiyyətlə, Tbilisidə baş çəkdiyim məntəqələrin əksəriyyətində Azərbaycanla bağlı pul yatırımlarına çox könülsüz yanaşırlar. Təbii ki, bu pul qoyuluşunu qəbul edən kontorun əsasən uduzması ilə bağlıdı.
Tiflisin mərkəzində olduğu kimi ətraf rayonlarında da xeyli sayda “betlər” var. Onlardan biri Qldani rayonunda yerləşir. “Betvin” məntəqəsində olduğum müddətdə mənim Azərbaycan çempionatının görüşləri ilə maraqlandığımı görən bir gürcü yaxınlaşaraq, bizdəki oyunların hamısının “stavkaya” qoyulduğunu, “Qarabağ”ın APOEL-lə matçda onu “yandırdığını” bildirdi. Pul qoymaq üçün kontora gələn bu şəxs Azərbaycan komandalarının “şəninə” xeyli “xoş sözlər” də dedi.
Tiflisdə olduğum müddətdə bura Azərbaycandan xeyli sayda insanın təkcə kazinolara baş çəkmək üçün yox, həm də oyunlara pul qoymaq üçün gəldiyini gördüm. Əsasən Gürcüstanla sərhəd rayonlarımızdan olanlar tez-tez Tiflisə baş çəkərək, bizim “kirli oyunlarımız”a pul yatıraraq, qeyri-qanuni qazanc əldə edirlər. Gürcülər isə bu işə çox həvəssiz yanaşır. Ancaq bir yolunu tapıb bizimkilərlə işbirliyinə gedən gürcülər bu vəziyyətdən çox məmnundurlar.
Burda Azərbaycan futbolunda baş verən son proseslərdən, xeyli sayda insanın futboldan uzaqlaşdırılmasından xəbərdardırlar. Və gürcülər onu da yaxşı bilir ki, əslində həmin qurbanlar sadəcə böyük şahmat oyununun kiçik fiqurlarıdır. İlk baş çəkdiyim “Pari matç”da içəridə olanlardan birinin rusca “мы кто такие? это игра людей в галстуках” dediyi kimi.
Gürcüstandan yazılarımız bununla bitmir. Növbəti qələmə alacağım yazıda nədən bu günə qədər Gürcüstan yığmasında bir nəfər belə azərbaycanlı futbolçunun çıxış etməməsinin səbəblərindən xəbərdar olacaqsınız. Oxuyacağınız faktlar sizləri şok edəcək…
Araz ƏHMƏDOV




Fikirlərini bizimlə bölüş!