Ötən mövsüm Premyer Liqadakı yerini çətinliklə qoruyan "Lester" indi İngiltərədə at oynadır. "Mançester Yunayted", "Arsenal", "Mançester Siti", "Liverpul" kimi nəhəngləri geridə buraxaraq turnir cədvəlinin ən ali pilləsinə yüksələn 131 yaşlı klub, hər kəsi təəccübləndirməyə davam edir.
Bunu təsadüfi uğur adlandıranlar da var. Qış fasiləsindən sonra ənənəvi olaraq, turnir cədvəlinin ilk pilləsində üz-gözümüzün öyrəşdiyi komandalardan birini görəcəyimizi təxmin edənlərin sayı da az deyil. "Lester"in bu rəqabətə tab gətirə bilməyəcəyini, ikinci dövrədən sonra təslim olacağı proqnozlaşadırılır. Bunun baş verib-verməyəcəyini, Premyer Liqada "Lester" fırtınasının davam edib-etməyəcəyini görmək üçün hələ zamanımız var. Amma istənilən halda Klaudio Ranyerinin komandası hazırda milyonların proqnozlarını alt-üst edir. Deməli, "Çelsi"nin autsayderə çevrildiyi mövsümdə italiyalı çalışdırıcı komandada iş görməyi bacarıb. Və buna görə onu ayaq üstə alqışlamağa dəyər. Hələ mən az qala hər oyunda qol vuran hücumçu Ceymi Vardini demirəm…
Bu, mənə "Real Sosyedad"ın 12 il əvvəlki çıxışını xatırladır. Həmin mövsüm 23 qolla yadda qalan Nihat Kahveçinin komandası Madrid "Real"ı ilə çempionluq mübarizəsində son həftədə təslim olmuşdu. Bir sözlə, heyət, maliyyə imkanlarına görə nisbətən zəif olan komandaların hegomanlarla başabaş mübarizəsi azarkeş üçün daha maraqlıdı. Bu zaman həmin "zəif"lərə nəinki öz ölkəsində, hüdudlardan kənarda da rəğbət bəsləyənlərin sayı artır. Hansı azərbaycanlının ağlına gələrdi ki, La Liqada Nihatın, Xabi Alonsonun, Karpinin, Kovaçeviçin vuracağı qol onun sevincinə səbəb olacaq?
Təbii ki, bu, Azərbaycan klubları üçün keçərli deyil. Çünki ölkə olaraq, dünyanın diqqətində tam cəlb edə bilməmişik. O ki, qaldı Topaz Premyer Liqası… Yəqin ki, bizim çempionat da, İngilərə Premyer Liqası səviyyəsində olsaydı, ilk ilində elitada adından söz etdirən "Zirə" indi Avropa mediasının gündəmini bəzəyirdi. Zarafat deyil, ötən il yaranan klub hazırda Premyer Liqada son iki ilin çempionu "Qarabağ"dan sonra ikinci pillədədi. İndi onları ağdamlılardan 8 xal ayırır.
Ötən gün bakılıların "Qəbələ" üzərində 1:0 hesablı qələbə qazanmasından sonra komandanın baş məşqçisi Adil Şükürovdan "Zirə"nin uğurlarının sirrini soruşduğumda, bunun səbəblərindən biri kimi futbolçuların qələbə istəyini qeyd etdi. Təbii ki, bu, bəndənizi qane edən cavab olmadı. Görünür, mətbuat konfransında vaxt azlığı, həm də, gənc çalışdırıcının təvəzökarlığı sualı daha dolğun cavablandırmağa imkan vermədi.
"Zirə"nin Premyer Liqaya yüksələcəyi xəbərləri mətbuatın gündəminə çevriləndə, debütantın necə çıxış edəcəyi maraqla gözlənilirdi. "Bakı"nın aşağı yaş qruplarında çalışmış, Premyer Liqada ilk işi olan Şükürovun qəsəbə təmsilçisi ilə elitada necə mübarizə aparacağı da cavabı çətin olan sual kimi idi. Çoxları "qartallar"ın çempionatın ortabab klublarından biri olacağını düşünsə də, "Zirə" boyundan hündürə tullanmağı bacardı.
Deməli, klubda düzgün idarəçilik olandan sonra uğur qazanmaq elə də çətin deyil. Bura rəhbərliyin baş məşqçiyə etimadı, çalışdırıcının düzgün futbolçu seçimi, komanda daxilindəki intizam, yeyinti hallarının olmaması və s. daxildi. Bildiyim qədəri ilə komandanın büddcəsi 1 milyon dollardan çox deyil. Heyətə cəlb olunan legionerlərin aylıq maaşı da 7-8 mini keçmir. 1 milyon dollarlıq büddcə ilə "Neftçi", "Xəzər Lənkəran" kimi klublara uğur qazanmağın yolun göstərən "Zirə"ni indi alqışlamağa dəyməzmi? Onları Azərbaycanın "Lester"i adlandırsaq, yanılmarıq ki?
Yəqin ki, son iki suala müsbət cavab verənlərin sayı daha çoxdu. Bu komandaya məğlub olandan sonra "dünənin uşağına uduzduq" deyə, içini gəmirən klub rəhbərləri meydandan məyus ayrılmalarının səbəblərini özlərində axtarsalar daha yaxşı olar. "Qarabağ"dan savayı, "Neftçi"sindən tutmuş "Sumqayıt"ınadək…
Ötən mövsümədək 3 milyon civarında büddcəsi olan və çempionatı 8-ci yerdə başa vuran "Sumqayıt"ın "növbəti mövsümdə 7-ci pillə uğrunda mübarizə aparacağıq" deyən prezidenti Kamran Quliyev də, "Xəzər Lənkəran"ı tanınmaz hala sala Tuyqun Nadirov da, yalnız son 4 oyuna 10 xal toplayan, buna qədər isə az qala autsayderə çevrilən "Neftçi"nin rəhbərliyi də, papağını qabağına qoyub fikirləşməlidi. Amma kabinetlərindən çıxmamaq şərti ilə. Belə havada parkda, küçədə papağı qabağa qoyub fikirləşmək heç məsləhət də deyil.




Fikirlərini bizimlə bölüş!