Avroliqadakı təmsilçilərimizin son oyunlarından sonra bir neçə gün gözləməyə qərar verdim. Futbol ictimaiyyətinin düşüncələriylə tanış olmaq çox vacib idi. İdman mətbuatını həmişəki kimi həvəslə izləyirəm. Səsləndirilən bütün əsaslı fikirlərə də hörmətlə yanaşıram. İstər "Qarabağ" – "Tottenhem", istərsə də PAOK – "Qəbələ" matçı ətrafında müxtəlif məntiqlər toqquşur. Həqiqəti qəbul etməyi bacaranlarla romantika dənizində boğulanlar yenə kəllə-kəlləyədi. Olsun, niyə olmasın ki… Mübahisə, müzakirə varsa, futbol var.
Tarixində ilk dəfə Avroliqanın qrupunda oynayan "Qəbələ"nin Yunanıstan səfərində qazandığı xalı uğur sayıram. Təbii, "qırmızı-qaralar" 1/16 finala adlaya bilməyəcək. Amma "Krasnodar"la ev oyununda qapını bərk çırpmaq fürsətini də qaçırmaq olmaz. Debütant üçün qazanılan hər xal böyümək yolunda atılmış önəmli addımdı. Hələ taleyüklü oyun statusuyla dəyərlən-dirilməyən qarşılaşmalara dırnağarası baxacaq səviyyəyə çatmamışıq. Nəinki "Qəbələ" fanatı, istənilən yerli azarkeş üçün də "Krasnodar"la görüş xüsusi əhəmiyyət daşımalıdı. Lap Roman Qriqorçukun komandası Rusiya təmsilçisiylə qarşılaşmaya qədər keçirdiyi bütün oyunları 0:5 hesabıyla uduzsaydı belə…
Qrup sarıdan bəxti gətirməyən ağdamlıların "Tottenhem"ə minimal hesabla uduzmasına gəlincə, "Qarabağ" yaxşı mövsüm keçirən rəqibdən 1 xal ala bilərdi. 13-cü künc zərbəsindən faydalanan qonaqların qapısı qarşısında bir neçə real təhlükə yaradan ağdamlılar güclü rəqibin imkan verdiyi qədər mübarizə apardı. Oyundan öncə də bilinirdi ki, Azərbaycan çempionu ən yaxşı halda 2-3 qol fürsəti yaxalayacaq və bunlardan birini dəyərləndirəcəyi təqdirdə nəsə etməyi bacaracaq.
Sərgilədiyi futbola görə meydan sahiblərini qınayanları anlamıram. Reynaldonun, Əlhərbinin yoxluğunda baş məşqçi mümkün olanın ən yaxşısını etmişdi. Heç Armenterosu ehtiyatda saxlayıb Pupona start heyətində yer verməsi də ciddi mübahisə mövzusu deyil. Həlledici anda tutaq ki, Kintana topu komanda yoldaşına ötürmək əvəzinə qapıya zərbə vurursa, bu taktiki çatışmazlıq sayıla bilməz. Fiziki hazırlıq sarıdan bizimkilərdən bir baş üstün olduğu növbəti dəfə görünən qonaqlar layiqli müqavimətlə qarşılaşdı. Təəssüf ki, şərəfli mübarizə ağdamlılara heç olmasa, 1 xal qazandırmadı.
Ümid sonda ölür. Taleyi öz əlində olmayan "Qarabağ"ın 1/16 finala yüksəlmək şansı minimuma ensə də, bütün imkanlar tükənməyib. Düzdü, öz meydanında "Anderlext"ə boyun əyən "Monako"nun İngiltərədə "Tottenhem"lə bərabərə qalacağı inandırıcı deyil. Amma gözlənilməzliklərlə dolu futbolda bu dəfə hər şeyin komandamızın xeyrinə yekunlaşması da mümkündü.
Ötən yay çex hakimin böyük səhvi üzündən yeni tarix yaza bilməyən "köhlən atlar" Belçika sə-fərində qrupun ilk oyununa çıxırmış kimi oynamalıdı. İngiltərədəki görüşdə nələrin baş verəcəyini götür-qoy etmək ikinci dərəcəli işdi. Bəli, Bakıda minimal hesabla uduzan belçikalılar qisas hissiylə alışıb yanır. Qələbə naminə bacardığından artığını etməyə hazırlaşan "Anderlext" üçün təmsilçimizi evə əliboş göndərmək nüfuz məsələsidi. Obrazlı yanaşsaq, bizimkilər son ümidin ətəyindən ikiəlli yapışmalı, "Tofiq Bəhramov"dakı matçın ardından daha güclü olduqlarını dilə gətirən baş məşqçinin qorxduğunu başına gətirməlidi. İngilislərlə fransızların nə oyun çıxaracağını deyə bilmərəm. Ancaq bu "Qarabağ" "Anderlext"lə döyüşəcək, qisasa köklənən rəqibi özüylə hesablaşmağa məcbur edəcək gücdədi.




Fikirlərini bizimlə bölüş!