Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Bəlkə “Neftçi” də uduzub?

Üçündən birinin mərhələ keçdiyini nəzərə alsaq, Azərbaycan klublarının Avroliqanın cari mövsümündəki debütü uğursuzluqdu.

Ən azı ona görə ki, mübarizəni dayandıran “Keşlə” ilə “Sumqayıt” da rəqiblərini evdə qəbul edirdi. Bu iki komandanın uğursuzluğunu şərtləndirən səbəblər haqda son günlər çox yazılır, çox danışılır. Amma təəssüf ki, bəzi həmkarlar, sosial şəbəkə istifadəçiləri yeri gəldi-gəlmədi “Neftçi”ni də uğursuzların gözünə qatır, paytaxt klubunu amansız şəkildə tənqid edirlər.

“Neftçi”nin zəngin tarixinə, ənənələrinə, flaqman statusuna görə daim vitrində olması, bütün uğur və uğursuzluq epizodlarında dərhal göz önünə gəlməsi təbii haldı. Son illər “Qarabağ”ın çempionluqları sıralaması, avrokuboklarda da yetərincə inamlı görünməsi, “Neftçi”nin əsasını qoyduğu qruplara düşmək ənənəsini uğurla davam etdirməsi tənqidçilərin mövqeyini bir qədər də gücləndirib. Digər tərəfdən ötən il “Arsenal”ı inamla məğlub edib, bu komandadan aşkar zəif olan “Bney Yehuda” ilə bacarmaması “Neftçi”yə yönələn tənqidləri daha da artırdı, azarkeşlərin avrokubok ümidlərini isə bu ilə daşıdı. Bu dəfə püşk “ağ-qaralar”a “Şkupi”ni rəqib etdi. Hər kəs onların rəqibi birnəfəsə keçəcəyini gözlədiyi halda, flaqman oyunun gedişində müəyyən çətinliklər yaşadı, bununla da azarkeşlərin qorxusu daha da artdı.

Artıq “Neftçi”nin növbəti mərhələdəki rəqibi də bəllidi. Püşkün hökmü ilə Bakıya türk futbolunun qürurlarından biri “Qalatasaray” gəlir. Uzun fasilədən sonra “Qalatasaray”ı Bakıya gətirəcəyinə görə “Neftçi” ən azı təşəkkürü haqq edir. Təbii, hazırda özünü göstərmək eşqi ilə alışıb-yanan, heyətində Falkao, Arda, Dianye, Fequli, Belhanda kimi ulduzların olduğu rəqibi “Neftçi” məğlub edə bilsə, təşəkkür payımız daha da artacaq.
Sirr deyil ki, “Neftçi” mövsümlərarası fasilədə ciddi yenilənməyə məruz qalıb, Gerye, Mustivar, Platellas, Dabo kimi bu gün də istənilən komandanın bəzəyi ola biləcək legionerlər heyəti tərk edib. Yenilərin komandaya uyğunlaşması, yeni oyun üslubunun formalaşması, xətlərarası əlaqənin qaydaya düşməsi üçün vaxt lazımdı. Bütün bu məqamların üzərinə rəqibin zəifliyinə görə mümkün uğursuzluğun səbəb ola biləcəyi psixoloji gərginliyi də gələndə “Şkupi” ilə oyunun ilk yarısındakı boşluqları, rəqibin qol imkanları qazanmasını anlamaq mümkündü. Onu da unutmayaq ki, ölkə futbolunda yaranan uzunmüddətli fasilə, futbolçuların ciddi oyun praktikasından məhrum olması kimi amillər də istər-istəməz “Neftçi”nin oyununa təsir göstərir.
Deməyim odu ki, “Neftçi”nin ehtiyatlı, bəzi hallarda isə məzmunsuz görünən oyununu ən azı qələbə qazandığına görə bağışlamaq, komandanın növbəti oyunlarda daha əzmkar, daha istəkli görünəcəyinə ümid etmək olar. Axı enində-sonunda bakılılar uduzmayıb. Bir qədər inamsız qələbə ilə olsa da, “Qalatasaray”ı Bakıya gətirmək imkanı qazanıb. Bu üzdən debüt oyununu qiymətləndirərkən bir qədər rasional yanaşmaya, “tarixdə nəticə qalır” prinsipinə söykənməyə ehtiyac var.

Bu məsələyə bir qədər də fərqli yöndən yanaşaq. “Neftçi” oyunboyu hücum edib, rəqibi daim təzyiq altında saxlayıb, məğlub olsaydı, publika, idman yazarları və azarkeşlər bu uğursuzluğu komandaya bağışlayacaqdımı? Təbii ki, yox. Məğlubiyyət hər imkanda “Neftçi”nin başına qaxınc olacaq, illər boyunca unudulmayacaqdı.

…Və o oyun artıq tarixdə qaldı. Sentyabrın 17-də “Qalatasaray” Bakıya gəlir. İnşallah, türk dünyası futbol bayramı yaşayacaq. Bayramın gerçək qəhrəmanının “Neftçi” olmasına isə yəqin Azərbaycandakı “Cim-Bom” azarkeşləri də etiraz etməz.

HUŞƏNG

Fikirlərini bizimlə bölüş!