Nə vaxtsa Azərbaycan futbolunda normal çempionat keçiriləcəkmi? Məncə, yox.
Yadıma düşür, əvvəllər PFL prezidenti Ramin Musayev tez-tez mətbuat nümayəndələriylə görüşlər keçirirdi. Guya jurnalistlərin fikirlərini dinləyir və buna uyğun ölkə çempionatının gələcəyi müəyyənləşdirilirdi. Hətta cənab Musayev reqlamentlə bağlı mütəmadi dəyişikliklərdən danışarkən eyham vurmuşdu ki, məhz siz belə istəyirsiz. Sən demə, qızıl ortanı tapmaq istəyirdilər ki, hələ də buna nail ola bilməyiblər.
Bu məsələylə bağlı PFL prezidentinə bir neçə dəfə eyni sualı vermişdim: nə vaxt ciddi dəyişikliklər olmadan normal çempionat izləyəcəyik? Hər dəfə müxtəlif don geyindirməklə vəziyyətdən çıxırdı. “Yol əhvalatı” filmində Qurban dayının dediyi kimi, hansı zəmanədə yaşayırıq, “raketa”, “svetnoy televizor”… Amma Azərbaycan futbolu hələ də keçmişdə qalıb. Rövnəq Abdullayev, Ramin Musayev, Elxan Məmmədov üçlüyü heç cür futbolumuzu bataqlıqdan çıxara bilmədi. Hər mövsümdə yeni reqlament, yeni legioner limiti, yeni qaydalar və daha nələr…
Əminəm ki, Lisenziyalaşdırma Komitəsinin verdiyi qərar hələ yekun olmayacaq. Növbəti mövsümün startınadək çox məsələlər dəyişə bilər. “Neftçala” olmasın, “Kəpəz” olsun, nə fərqi var. Yaxud “Bakı” olmasın, “Zirə” olsun. Hər birinin məqsədi, məramı eynidi. Onların gələcək mövsümlərdə tarixin yaddaşına köçməyəcəyinə heç kim zəmanət verə bilməz. Son illərdə “Abşeron”un, “Araz Naxçıvan”ın başına gələnləri xatırlamaq kifayətdi. Olsa-olsa, yalnız “Neftçi” öz yerini isti hesab edə bilər. Tarixi klub neft quyuları fontan vuranadək ayaqda olacaq. Sonrasını zaman göstərəcək…
Amma AFFA-nın “Rəvan”a “yaşıl işıq” yandırmasından sonra “Neftçala”yla “Bakı” da ümidini üzməsin. Avqustda – növbəti mövsümün startınadək, “İnter”, AZAL, elə “Sumqayıt”ın özü də çempionatda iştirakdən imtina edə bilər. Çünki bura Azərbaycandı. Nə vaxtadək AFFA-nın divarları arasında bəd niyyətli oyunlar oynanılacaq, futbolumuzun bu gününə şükür edəcəyik.
Kamal RZA
P.S. Bunların məqsədi birdi: birtəhər çempionat keçirmək. Komanda sayı 10 da ola bilər, 12 də, 14 də. Çempionatın ortasında komandalar dağıla da bilər, adlarını dəyişə də bilər, hətta mövsümün ortasında yeni komandalar da qoşula bilər Premyer Liqaya. Təki adı çempionat olsun.




Fikirlərini bizimlə bölüş!