, ,

Bərəkəti qaçmış çempionluq

“Sabah” çempionluğa heç vaxt olmadığı qədər yaxındı. Qalan 6 turda 10 xallıq fərqi itirmək çətindi (düzdü bir oyun çox keçiriblər). Qarşıdakı həftə əsas rəqibinə yenilməsə, qəsəbə klubunun tarixinin ən böyük uğuruna imza atması qaçılmaz olacaq.

Əlbəttə, Azərbaycan çempionatının tək aktyorun tamaşası olmaması müsbət haldı. Yəqin “Qarabağ” da daxili yarışlarda ciddi rəqabətlə üzləşməməkdən təngə gəlmişdi. İnkişaf üçün təkcə Avropa arenasında çəkişmək azdı.

Mövsüm ərzində “Sabah” Qurbanov və komandasını darıxmağa qoymadı. Çoxları bunun Avronağılın başa çatması ilə bitəcəyini gözləsə də, gümanlar doğrulmadı.

“Qarabağ” sanki bütün varlığını Çempionlar Liqasında qoyub gəlib. Ənənəvi olaraq finişə yaxın turdan tura artırmaq əvəzinə, tükənməyə başlayıb.

Əgər titulu qorumaq mümkün olmayacaqsa, günahı ilk növbədə özlərində axtarmalıdırlar. Daha doğrusu bunca böyük tarixi nailiyyətə və 65 milyon manat civarında qazanca rəğmən, xəsisilik edən klub rəhbərliyində. Tahir Gözəl nə yayda, nə də qış transfer pəncərəsində doğru-düzgün əlini cibinə salmadı.

Hücum xətti ancaq Kamilo Duranın ümidinə qaldı. İkinci səviyyəli forvard alınmadı. Müdafiədə Bəhlul – Medina duetinə eyni səviyyədə əvəzləyicisi tapılmadı. Ümumiyyətlə, “Qarabağ” tək klubun hər mövqedə layiqli alternativi olmalıdı. Zədəlilər, cəzalılar bir yana, aparıcı futbolçular vərdiş etmədiyi yüklənməyə tap gətirmir, üç cəbhədə çatdırmırlar.

Bəli, Ağdam təmsilçisinin hər il çempion olmaq kimi bir öhdəliyi yoxdu. Onsuz da 12 qızıl medalla ən yaxın izləyicisi “Neftçi”dən 3 titul irəlidədilər. Faciə yaşanmır. Amma məhz bu dəfə Çempionlar Liqasına gedə bilməsələr, Azərbaycan futbolu adına heç yerinə düşməyəcək. Niyə?

Çünki “Sabah”ın reytinqi ağdamlılardan çox geridədi. Püşkatmada daha ağır rəqiblər gözləyir, qrup mərhələsinə çıxmaq şansları daha azdı. “Qarabağ”ın top-klublar sırasında ardıcıl ikinci dəfə boy göstərməsi isə çox vacib idi. Təcrübə və nüfuzla yanaşı, ən yaxşıların liqasının daimi üzvünə çevrilməsi baxımından.

Düzdü, “Sabah” bunun əksini nümayiş etdirərək, xoş mənada bizi təəccübləndirə bilər. Təkcə ölkə içində deyil, beynəlxalq arenada da “köhlən atlardan” geri qalmadıqlarını isbatlamaq iqtidarındadırlar.

Baş məşqçi Dambrauskas öz dəsti-xətti olan inadkar komanda yaradıb. Səviyyəli legioner seçimi, maraqlı tərzləri var. Klub da əla iş ortaya qoyur, marketinqdən tutmuş azarkeşlərlə aparılan işə qədər. Heç kim “bayquşların” çempionluğa layiq olmadığını deyə bilməz. Amma və lakin…

“Sabah” rəsmilərinin AFFA-nın işinə ciddi müdaxilə etdiyi haqda iddialar səngimək bilmir. Hətta klub prezidenti Maqsud Adıgözəlovun hakim təyinatlarında birbaşa rolu olduğu deyilir. Onların xeyrinə hakim səhvlərinin adi hal alması isə bu söz-söhbətlərə ciddi rəvac verir.

“Zirə” ilə son tur matçı da (2:2) istisna deyildi. Oyunu idarə edən Tural Qurbanov cari mövsümdə ilk dəfə (!!!) “Sabah”ın qapısına onbirmetrlik cərimə zərbəsi təyin etsə də, matçın gedişində ikinci dəfə nöqtəni göstərməyə cürət etmədi. Paylaşdığımız videodan göründüyü kimi epizoddan sonra nəinki penalti qərarı (xəttin üstündə müdaxilə də 11-lik sayılır), heç cərimə belə verilmədi. VAR otağı isə “Sabah”ı məyus edəcək qərar çıxarmaq yerinə, yenə səssiz qalmağı üstün tutdu.

Mövsümboyu davam edən xətalar liderin qələbələrinə ciddi kölgə salır. Təkcə yerli hakimliyə, “Sabah”a və AFFA-ya deyil, ümumən Azərbaycan futbolunda ədalətin olmasına inamı itirir.

Hakimlərə “barmaq etmələrini” dərhal dayandırmasalar, bu zəfərin dadı-duzu qaçacaq. Çempionluğun da bərəkəti qalmayacaq…


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!