Azərbaycan futbolu

Xəbərlər və təhlillər

B planı olmayan “Neftçi”

Azərbaycan çempionatının son turu olduqca maraqlı qarşılaşmalarla yadda qaldı.

Mustafa Dənizlinin gəlişi ilə ciddi irəliləmə müşahidə olunan “Xəzər Lənkəran” Qəbələ səfərindən də qələbə ilə dönərək fasilədən sonra uğurlu oyunlar seriyasını davam etdirdi. Cənubluların ilk üçlükdə qərarlaşan komandalarla keçirdiyi ard-arda üç oyunun heç birində məğlub olmaması xüsusilə diqqət çəkən məqamdır.

Lider “Qarabağ” isə AZAL-la oyunlardakı uğursuzluq sindromunu qıraraq əsas izləyicilərinin məğlubiyyəti fonunda xal fərqini bir az da artıraraq liderlik kürsüsündə yerini rahatladı. Heyətindəki səviyyəli braziliyalı oyunçuları ilə hədəfə doğru inamla addımlayan ağdamlılar çempion olmaq üçün önəmli şansa malikdir.

“Neftçi” isə paytaxt derbisində “Bakı”ya yenilərək liderlə arasındakı fərqin bir az da açılmasına razı olmağa məcbur oldu. Əslində, böyük oyundan ağır yara ilə çıxan flaqmanın çətinlik çəkəcəyini proqnozlaşdırmaq olardı. Belə ki, birdən-birə əsas heyətin 5 oyunçusundan məhrum olan komanda ehtiyat heyətin çatışmazlığı ucbatından rəqibinə boyun əyməli oldu.

Bu oyun həm də “komandada hər şey qaydasındadır, əlavə transferə ehtiyac yoxdur” deyən Böyükağa Hacıyevə və komanda rəhbərliyinə yaxşı bir nümunə oldu. Əlbəttə, heç kəs birdən-birə dörd əsas müdafiəçinin cəzalı duruma düşəcəyini proqnozlaşdıra bilməzdi. Ancaq bu cür fors-major hallar futbolda qaçılmazdır və mütləq nəzərə alınması vacib nüanslardır.

Qeyd olunan oyunçular cəzalanmamış da ola bilərdi, zədə səbəbindən də kimsə oyunda iştirak etməyə bilərdi, ancaq “Neftçi” kimi çempionluğa oynayan komandanın heç olmasa, layiqli əvəzediciləri olmalıdır ki, gözlənilməz hallarda komandanı çətin vəziyyətdən çıxara bilsin.

Konkret oyun haqqında danışmaq lazımdırsa, oyunsonrası mətbuat konfransında Hacıyevin də qeyd elədiyi kimi, Platyenin məsuliyyətsiz və bacarıqsız oyunu məğlubiyyətin əsas səbəbidir. Bəlkə də, oyunun əvvəllərində ələ düşən imkanları holland hücumçu qola çevirə bilsəydi, nəticə tamam başqa cür olacaqdı.
Ancaq bütün günahı təkcə Platyenin üzərinə atmaq da olmaz. Mətbuat konfransında bir həmkarımızın da Böyükağa müəllimə dediyi kimi bu komandanın B planı yoxdur. Ən böyük problem də məhz budur.

Cəzalı oyunçuların yoxluğunda məcburi yerdəyişmələr bir işə yaramadı. Hacıyev isə əlindəki hücumçulardan, Platyedən, Nasimovdan şikayətlənir. Ancaq “bu komandanın heyətlə bağlı problemləri yoxdur” deyən bir adamın sonradan əlindəki oyunçulardan şikayətlənməsi nə dərəcədə düzgün addımdır? Kimdən kimə şikayət edirsiniz?

“Bakı”nın vurduğu ikinci qolda isə ciddi müdafiə xətası, taktiki düzülüş səhvi var idi. Topla birlikdə son xəttə qədər irəliləyən Rauf Əliyevə heç bir maneçilik törətmədən “Neftçi”nin dörd oyunçusu izləyirdi. Cərimə meydançasında isə böyük boşluq yaranmışdı. Raufun o boşluğu görməsi və ötürməsi ilə bir anda boşda qalan topa müdaxilə edəcək “ağ-qaralı” bir oyunçu belə yox idi. Bu boşluğu Stamenkoviç doldurmağa çalışsa da, Noquera bir hərəkətlə onu arxada qoydu və topu boş qapıya göndərdi.

Məncə, əsas müzakirə olunası məqam budur. Deməli, əsas müdafiəçilərin yoxluğu özünü Böyükağa Hacıyevin dediyi kimi cüzi şəkildə yox, çox açıq-aşkar şəkildə göstərdi. Müdafiəçilər rəqib hücum edən zaman harda durmağı belə bimirlərsə, o komanda əlbəttə ki, yeniləcək.

Fikirlərini bizimlə bölüş!