Zeynal Məmmədov öz qardaşından üz döndərərək Ziya Məmmədovla gizli saziş bağlamağa cəhd edib
Hələ bir bundan əvvəl qəzetimizdə dərc olunmuş materiallardan birində Nəqliyyat naziri Ziya Məmmədovla, uzun illər onunla biznes ortağı olduğu iddia olunan məşhur iş adamı, «Bakı» futbol klubunun və «Baghlan Group»un prezidenti Hafiz Məmmədovun biznes ortaqlığına son qoyulduğuna dair məlumat öz əksini tapmışdı. Bu xüsusda aldığımız məlumatlarda bildirilirdi ki, nazirlə Hafiz Məmmədovun münasibətlərinin kəskinləşməsinin səbəbi dəqiq bilinməsə də, aralarındakı biznes qurumlarının bölünməsi prosesi artıq başa çatdırılıb.
Mənbələr bildirirdi ki, biznes ayrılığında ən çox diqqəti çəkən məqam isə Ziya Məmmədovun nəzarətində olan bankın səhmlərinin Hafiz Məmmədov tərəfindən alınması sayıla bilər. Bu hadisə təxminən 2012-ci ilin sonlarında baş vermişdi. Məlumata görə Hafiz Məmmədov Ziya Məmmədovun nəzarətində olduğu deyilən hissəni də almışdı. İndi həmin bankın səhmlərinin 42,97 faizi Hafiz Məmmədovun oğlu Kənanın, digər 42.97 faizi isə digər oğlu Sənanın adınadır. 13,31 faizi isə qardaşı Mübariz Məmmədovun adına keçirilib. Bu və digər faktlar da göstərir ki, artıq Ziya Məmmədovla tanınmış iş adamı, eyni zamanda, hakim düşərgədə ciddi nüfuz sahibi olan Hafiz Məmmədovun nəinki ortaqlığı, həm də dostluğu da bitib. Bu fakt hətta bəziləri tərəfindən Ziya Məmmədovun tədricən təklənməsi və «vurulması» kimi də dəyərləndirilirdi.
Xatırladaq ki, sözügedən materialın dərcindən bir neçə ay əvvəl sözügedən “Bank of Azerbaijan” ASC-nin satılması ilə bağlı Ziya Məmmədovun oğlu Anar Məmmədovun sahibi olduğu «ZQAN holdinq» rəsmi açıqlama versə də, bankın kimə satıldığı məxfi saxlanılmışdı.Bu günlərdə redaksiyamıza yeni daxil olan məlumatlarda isə keçmiş biznes tərəfdaşları arasında münaqişənin yenilənməsinə dair ehtimallar verilir. Həm də məlumatlarda qeyd olunur ki, bu münaqişə artıq Hafiz Məmmədovun ən yaxın ətrafında belə ona qarşı addımlar atılmasına rəvac vermişdir. Belə ki, mənbə Hafiz Məmmədovun digər bir qardaşı Zeynal Məmmədovun nazirin “düşərgəsi” ilə gizli saziş bağlamağa cəhd göstərdiyini iddia edir. Belə ki, məlumata görə “Bakı” futbol klubunun sənədləri məhz Zeynal Məmmədovun adına qeydiyyata alınıb. Bildirilir ki, bu vəziyyətdən istifadə edən Zeynal Məmmədov qardaşından, yəni klubun əsil sahibindən xəbərsiz klubun bazasını Ziya Məmmədovun oğlu Anar Məmmədova satmağa qərar verib.
Lakin bu plandan xəbər tutan Hafiz Məmmədov prosesə müdaxilə edib və satınalmanın qarşısı alınıb. Bu zəmində qardaşlar arasında münasibət kəskinləşib. Mənbə bildirir ki, hazırda Hafiz Məmmədov klubun sənədlərini öz övladlarının adına keçirmək istəsə də, onun qardaşı buna müqavimət göstərir. Elə bu zəmində də qardaşlar arasında münaqişə getdikcə daha da dərinləşməkdədir. Digər tərəfdən isə mənbə Zeynal Məmmədovun bu münaqişədə heç də passiv etirazçı mövqeyi ilə kifayətlənmədiyini iddia edir.
Məlumata görə hal-hazırda Zeynal Məmmədov öz qardaşı barədə mətbuatda “ifşa edici” materialların dərcini sifariş etməklə məşğuldur. Qeyd edək ki, mənbə Zeynal Məmmədovun öz qardaşından üz döndərərək Ziya Məmmədovun “tərəfinə” keçmək kimi, ilk baxışda məntiqə sığmayan hərəkətinə də müəyyən aydınlıq gətirir. Bu xüsusda mənbə bildirir ki, Zeynal Məmmədovun bu seçimi onun qulluq mövqeyi ilə izah oluna bilər. Belə ki, Zeynal Məmmədov hal-hazırda Nəqliyyatda Baş Polis İdarəsində rəis müavini vəzifəsində çalışır. Amma bununla belə, tutduğu vəzifənin məsuliyyətinə baxmayaraq, mənbə onun işə öz “kefinə görə”, yəni nadir hallarda gəlib gedir…




Fikirlərini bizimlə bölüş!