Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Bakı”: Arxadan vurulan zərbə

“Bakı” klubunun başı yenə həngamədədi. Azərbaycan futbol tarixində avrokuboklarda texniki məğlubiyyət alan və bununla da qeyri-peşəkarlığın öndəri olan bu klub, növbəti dəfə rücvayçı duruma düşüb. Ancaq gəlin hadisələri qabaqlamayaq və “Bakı”nın idarəetməsinə diqqət yetirək.

Milinko Pantiçin təyinatı hələ baş tutmamışdı, “Bakı” Bojidar Bandoviçlə qırğına çıxdı. Təbii ki, pul üstündə. Ancaq serb azərbaycanlı iş adamı Hafiz Məmmədovun şirin vədlərinə aldanmadı. Bir neçə dəfə Bandoviçə kompensasiyanın ödəniləcəyi ilə bağlı vədlər verildikdən sonra, serbiyalı lakonik mesaj göndərdi: “2 günə pulumu verməsəniz, FİFA-ya şikayət edəcəm”. Dərhal da vədlər əməli işlə, yəni kompensasiyanın ödənməsi ilə nəticələndi…
“TopAZ” yaranandan bəri “Bakı”nın adı daim danışılmış oyunlarda hallanır. Bizdə olan məlumata görə, AFFA-ya bununla bağlı məktub da daxil olub və şübhəli bilinən görüşlərin əksəriyyətində “Bakı” iştirak edib.

Daha bir məqam klubun sahibi Hafiz Məmmədovla bağlıdı. Fransa “Lans”ını aldıqdan sonra bu komanda qeyri-adi nəticələrə imza atmağa başladı. Doğma meydanda autsayder komandalara məğlub olan, xalları yarı bölən “Lans”, səfərdə yüksək dəstəyə iddialı komandaları məğlub etməyi bacarır. Son 3 ev oyununda qələbəyə həsrət qalan komandanın 20-ci turda “Dijon”la heç-heçə etməsi müəyyən mənada başadüşülən olsa da, 18 və 22-ci turlarda “İstr”a məğlubiyyət, 22-ci turda isə “Laval”la qazanılan 1 xal gözlənilməz idi. Özü də son iki komanda turnir cədvəlinin son pillələrində qərarlaşıb. Maraqlıdı, deyilmi?

Yeri gəlmişkən, dünən “Trua” ilə oyunda “Lans” minimal hesabla məğlub oldu. Bunun məsələyə bir dəxli olmasa da, hər halda xəbəriniz olsun deyə yazdıq. Bir xırda parallel aparmaq yerinə düşər: Roman Abramoviç “Çelsi”nin prezidenti olduqdan sonra London klubu da əndrabadi nəticələr göstərməyə başladı.

Nəhayət, ötən mövsüm “Bakı”nın şərəfini qorumuş Ruslan Leviqayla ciddi problem ortaya çıxdı. Məlum oldu ki, Hafiz Məmmədov ukraynalı futbolçuya 51 min dollar borclu qalıb. Leviqa isə Bandoviç kimi xəbərdarlıq etməyib, birbaşa FİFA-ya şikayət göndərib. Nəticədə FİFA-nın mübahisəli vəziyyətlər Palatası paytaxt təmsilçisini cəzalandırıb. Komandaya yaxın iki transfer pəncərəsi zamanı heyətinə yeni oyunçu cəlb etməyə qadağa qoyulub. Məhz bu üzdən də Milinko Pantiç qış fasiləsində heyəti gücləndirmək yönündə əməli addım ata bilməyib.

Maraqlıdır ki, hər imkan düşdükdə Azərbaycan futbolunu, ölkəmizi beynəlxalq miqyasda tanıtmağa can atdığını söyləyən klub prezidenti, ölkəmizdə sahib olduğu komandaya qeyri-peşəkar münasibət bəsləyir. İndi siz deyin, “Atletiko”nın maykalarında Azərbaycan adının reklam edilməsinə 20 milyon vəsait ayıran iş adamının ölkəmizə xeyri dəyirmi? Axı futbol dünyası çapında “Bakı”nın prezidenti kimi tanınan və bu klubun qeyri-peşəkar idarə olunduğunu dəfələrlə nümayiş etdirən Məmmədov ölkəmizin adını necə ucalda bilər?

Hələ fransız jurnalistlərə verilən bahalı saatları demirik. Azərbaycanda rüşvətin adını mülayimləşdirib “hörmət” qoyublar. Lakin Fransada rüşvət elə rüşvətdir. Həmin saatlarla bağlı geniş materialların dərc olunması da bunun bariz nümunəsidir.
Bəli, azərbaycanlı məşqçilərin, futbolçuların başına ip keçirib, fırlatmaq olar. Əcnəbilər bura pul qazanmağa gəlirlər. Azərbaycanlı iş adamlarından maksimum yararlanmaq niyyəti güdürlər əcnəbilər. Yalandan adını “Avropa mədəniyyəti” qoyub, “Həsən, Məmməd mənim dostumdu”, deyirlər. Bizimkilər də düşünürlər ki, həqiqətən də onlara dost gözü ilə baxılır. Ay-hay!

Konkret amal olur və avropalının da məqsədi pulları sağa-sola xərcləyən azərbaycanlılardan maksimum faydalanıb, sonra arxa çevirməkdir. Yox, əgər azərbaycanlı onlara vəd etdiyi pulu vermirsə, dərhal təzyiq mexanizmləri işə düşür. Qısası, avropalıyla dost olmaq üçün ona pul verməlisən. Vermədinsə, nəyinə lazımsan onun?!
“Bakı”nın sahibinin öz klubuna bu cür biganə yanaşması, avrokuboklardan kənar qalmasının daha bir sirri AFFA-nın dəhlizində gizlənir. Heç kimə sirr deyil ki, federasiya prezidenti Rövnəq Abdullayevlə Hafiz Məmmədov, yumuşaq desək, dost deyillər. Belədə, Məmmədov gözəl başa düşür ki, komandasına dünya yığmasını toplasa da, çempion ola bilməyəcək.

Ancaq mətləbdən uzaqlaşmayaq. “Bakı” rəhbərliyinin “ver” sözü ilə arası yoxdu. Axı nə qədər də olsa, “TopAZ”ın sahibi ancaq “al” sözünə öyrəşib. Allah axırını xeyir eləsin. Hələlik isə, “Bakı” Azərbaycanın imicinə növbəti zərbəni vurdu.

Fikirlərini bizimlə bölüş!