“Bakı” hamını təəccübləndirməkdə davam edir. İndiyədək legionerlərə qucaq-qucaq pul xərcləyib qarşılığını görməyən paytaxt klubu bu qış “transfer bazarı”nda susqun qalmaqla daha çox şeyə nail olur. Təsadüfi deyil, 3-cü dövrədə 5 oyun keçirən “zolaqlılar” yalnız son turda xal itirib. Özü də bu görüşdə komanda ikinci qolunu buraxıb.
Hazırda “Bakı”nın heyətində 15 əcnəbi futbolçu var ki, baş məşqçi Milinko Pantiç onların hamısının xidmətindən istifadə etmir. Heç etmək niyyətində də deyil. Baş məşqçi artıq hansı futbolçunun nəyə qadir olduğunu çox gözəl başa düşüb. Ancaq klub daxilində “transfer piştaxtası” açan klub prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədov özünün komandaya gətirtdiyi futbolçuların göndərilməsini istəmir. Çünki lazımsız legionerlərin komandada saxlanılması kluba ziyan versə də, Məmmədovun “özünə lazımdı”.
Pantiç də Zeynal bəyin Hafiz Məmmədovun qardaşı olduğunu nəzərə alaraq ağzına su alıb, dinməz oturub. Belə olmasaydı, serb çalışdırıcı Topaz Premyer Liqasının 2013-2014-cü il mövsümündə 1 oyunda belə şans vermədiyi Mario Rubionu komandadan çoxdan göndərmişdi. Maraqlısı budur ki, ispaniyalı yarımmüdafiəçi bu mövsüm heç ilk “18-liy”ə də daxil edilməyib.
Çox vaxt əsas heyətə düşə bilməyən Marius Pena da Zeynal Məmmədovun transferlərindəndi. Rumıniyalı hüçumçu Mario Rubiodan fərqli olaraq, bu mövsüm 222 dəqiqə meydanda ola bilib. Ancaq o, əksər vaxtlar heç “18-liy”ə belə salınmır. Sadəcə, transferinə 700 min dollar xərclənən forvardı Zeynal Məmmədov saxlamağı vacib bilir, çünki ondan umacağı var. Ən böyük “xidməti” 8 dəfə adı iştirak ərizəsinə düşmək olan Edin Nurəddinoski də bu siyahıdadı.
Mindauqas Kalonasla Kamran Ağayevi intizamsızlığına görə komandadan göndərən Pantiç yuxarıda adını çəkdiyimiz “üçlüy”ü də çoxdan gözdən çıxarıb. Ancaq məhz məlum səbəbdən onlar qışda göndərilmədi. İspaniyada, Fransada klub idarə edən Hafiz bəy Bakıda məhz qardaşına görə çıxılmaz vəziyyətdədi. Zeynal bəylə prezidentdən hər cür dəstək alan Pantiç üz-üzə qalıb. O, məşqçi üçün ölməyə belə hazır olan futbolçularla çempionatda mübarizə aparır, klubdaxili təzyiqlərin altına isə öz çiyinlərini verib. Pantiçin istəmədiyi, amma komandada olan legionerlər üçün büdcədən külli-miqdarda vəsait ayrılıb, onlar birlikdə aylıq 100-150 min dollar maaş alır. Bu pulun neçə faizinin onlara çatdığını deyə bilmərəm, amma bu oyunçuların komandada qalmasından daha çox gəlir əldə edənlər istənilən halda müqavilə müddəti bitənə kimi bu əcnəbilərin heyətdə olması üçün hər şey edir. Ortada dağıdılan Hafiz Məmmədovun pullarıdı ki, elə büdcənin tükənməsi üzündən qışda heç bir transfer edilmədi, hətta Pantiçin arzuladığı hücumçu da gəlib çıxmadı.
Böyük Məmmədovun bir ildi vəd etdiyi, amma reallaşmayan idarəçilikdə dəyişiklik planı da buna görə yubanır. Hafiz bəy sadəcə, həmin heyətdə qardaşına uyğun post tapa bilmir. Beləcə günlər keçir, ortada milyonlar əriyir, “Bakı” isə qeyri-sabit, daha çox nüfuz müharibəsinə meydan olan komanda kimi yaşamağa davam edir. Pantiç bu situasiyadan qalib ayrılaraq komandanı avrokuboklara vəsiqə qazansa, prezidentin gözündə daha da böyüyəcək. O zaman yayda bütün transfer səlahiyyətləri məhz baş məşqçiyə veriləcək. Yox, uğurlu çıxış qrafiki yerini ardıcıl məğlubiyyətlərə versə, yəqin ki, Hafiz bəy yenə iki od arasında qalacaq.
P.S. Komandanın yaxşı vaxtlarında, bütün transfer məsələlərinə nəzarət etdiyi günlərdə mətbuatın ulduzuna çevrilən Zeynal Məmmədov bir ildi heç kimə müsahibə vermir. Bəlkə bu yazıdan sonra danışıb, deyilənlərə aydınlıq gətirdi. Danışsa, ona tribuna verməyə hazırıq, sussa, bunu gəzən söz-söhbətlərə razılıq əlaməti kimi qəbul edəcəyik.




Fikirlərini bizimlə bölüş!