Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Balaca ərəblərdən öyrəndiklərimiz

AFFA-nın rəsmi saytında bir foto yayınlanıb. Millimizin əcnəbilərdən ibarət məşqçilər korpusu Bernard Lippetlə birlikdə "Qarabağ"ın oyununa baxıblar. Ötən yazılarımın birində bu məqama toxunmuşdum. Bir halda ki AFFA-da oturanlar özlərini heç nə olmamış kimi aparır, bu cür şəkillərlə ucuz reklamda qəbahət görmürlər, biz də haqq sözümüzü təkrarlamaqdan yorulmamalıyıq. Adama deyərlər ki, məşqçinin işi futbola baxmaqdı, bizi bununla niyə təəccübləndirməyə çalışırsız?

Siz bizə Lippertin Prosineçkiylə birlikdə Antalyanın portağal bağlarında meyvə dərərkən çəkdirdikləri şəkli göstərsəydiz, ona da böyük maraqla baxardıq. Bir dəstə əcnəbini bizim hesabımıza Antalyaya göndərmisiz, onlar da günlərinin 1-2 saatını stadiona baş çəkməyə, oyuna tamaşa etməyə sərf etməklə böyük qəhrəmanlıq etmirlər.

Azərbaycan çempionatının oyunlarına gedənlər, orda Lipperti görənlər sözümü təsdiqləyə bilərlər. Əksər halllarda herr Bernard stadionu vaxtından əvvəl tərk edir. Orda oturduğu müddətdə də ya yanındakı xanımla şirin-şirin söhbətləşir, ya da telefonunu qurdalayır. Adamı qınamıram. Gələn ay düz 8 il tamam olacaq ki, Almaniyadakı ev-eşiyini tərk edərək, Bakıda məskunla-şıb. Yalan olmasın, Azərbaycan futbolununun cikini-bikini yerli mütəxəssislərdən daha yaxşı bilir. Bütün bu müddət ərzində onun əlinin altından yetərincə gənc futbolçu keçib. Klublarımızın idarəçilik mexanizmini, futbolçuların psixologiyasını, başbilənlərin işə yanaşma tərzini əla bilir. Odu ki, fərqi yoxdu, Bakıda, yaxud da Antalyada, azərbaycanlı futbolçulara göz qoymaq onun üçün elə də maraqlı məşğuliyyət deyil. Bunu AFFA-da oturanlar da əla bilir.

Neftin qiymətdən düşməsiylə kəmərlərini sıxdıqlarını bildirən AFFA başbilənləri nə əcəb əcnəbilərin Antalyaya səfərlərini də təxirə salmaq fikrinə düşməyib? Yoxsa onlardan qənaət etməyə cəsarətləri çatmayıb? U-17-nin Sankt-Peterburqa ezam olunmasını, Qranatkinin xatirəsini yad etmək üçün bir vaqon adamın Rusiyada 10 gün qalmasını da israfçılıq kimi qiy-mətləndirmişdik. Uzun illərdi ki, bizim uşaqları həmin turnirə aparırlar. Qazandığımız nədi? Yeniyetmələrin oyun təcrübəsi qazanmasını əldə bayraq etmək özümüzü aldatmaq cəhdindən başqa bir şey deyil. İndiyə qədər qazandığımız təcrübə ilə heç nə əldə etməmişik. Bundan sonra da dağı dağın üstünə qoyacağımız real görünmür.

Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21-in Antalyadakı toplanışının nəyə xidmət etdiyi də qeyri-müəyyəndi. Bu toplanış klubların hazırlıq planına əngəl olur. Onsuz da üzdə olan futbolçularımızın sayı elə də çox deyil. U-21-in üzvləri də öz klublarında aparıcı futbolçular sayılır. Onları ilin-günün bu vaxtında komanda yoldaşlarından ayırıb, Antalyaya aparmaq izafi xərcdən, israfçılıqdan başqa bir şey deyil.

Təsadüfi deyil ki, "Neftçi" rəhbərliyi Məqsəd İsayevin toplanış bitmədən Əsgər Abdullayevin sərəncamına qayıtması üçün danışıqlara başlayıb. Elə bu faktın özü yığmanın yanvar toplanışının əsl mahiyyətini ortaya qoyur. 3-5 günlük Antalaya səfərində Yaşar bəy futbolçularına nə öyrədəcək ki? Əvəzində klub məşqçiləri üçün əlavə problem yaradılıb. Ən əsası isə ölkəmizin üzləşdiyi iqtisadi böhran vəziyyətində yetərincə ciddi məbləğ bu mənasız toplanışın gerçəkləşməsinə xərclənib.

Tanınmamış Kosovanın millisiylə eyni turnirə qatılmaq isə bizə gələcəkdə dövlət olaraq böyük problemlər yarada, diplomatik qalmaqala səbəb ola bilər. AFFA tərəfinin bu məsələyə verdiyi ilkin izahat yetərincə naşı və başdansovdu yanaşmadı. 21 yaşlılarımızın özlərindən bir yaş kiçik ərəbləri böyük hesabla məğlub etməsi bizim hər birimizi sevindirməlidi. Yaş fərqini, rəqibin oyunun əvvəlində azlıqda qalması kimi xırda məqamları boş verin. Tarixdə nəticə qalır və biz də nəticəni qazanmağı bacarmışıq.

İllərdi neft pullarını bizdən daha sərsəm formada havaya uçuran ərəb qardaşlarımızla qarşılaşmağımız AFFA-nın böyük uğurudu. Məncə, ərəb qardaşlarla əlaqələrimiz daha da genişlənməli, belə oyunların sayı artırılmalıdı. Fərqli futbol qurumlarına üzv olduğumuza görə yolumuz futbol meydanlarında nadir hallarda kəsişir. Buna son qoymağın vaxtı çatıb. Elə Antalyadakı turniri də ilk addım saymaq olar. Zərrə qədər də şübhəm yoxdu ki, Yaşar Vahabzadənin və onun yetirmələrinin gələcək həyatında balaca ərəblərdən öyrəndikləri futbol elementləri böyük rol oynayacaq. Sükanı belə saxlayın!

Fikirlərini bizimlə bölüş!