Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Balıq futbol adamları

Futbol gündəminə yaxşı baxın. Oyundan qabaq millini öz aləmində ruhlandıranlar başlayacaqlar səhvləri bar-bar bağırmağa, iki-üç səhvin üzərində uzun mülahizələr edəcək, yenidən reallıq hissindən uzaqlaşıb başlayacaqlar içi boş yeni xülyalara qapılmağa. Atalar hədər yerə misal çəkməyiblər ki, “Balıq başdan iylənər”. Düzü Azərbaycan yığmasını balıqla müqayisə etmək elə balıqların özünə qarşı hörmətsizlik olar. Quruda yaşaya bilsəydilər bəlkə bizim millidən də abırlı oynayardılar. Belə baxanda nəinki balıq, suiti də millimizin oyunçularından cəlddir, daha cəld fikirləşir, daha tez qərar qəbul edir, daha tez hücum edir. Amma AFFA funksionerlərini balıqnan müqayisə eməyə dəyər. Neftin qara pulları içərisində oynayan balıqlar…

Özü də bu qurumun içərisində bilirsiz hansı növ balıqlar var? Nə başı bilinir, nə quyruğu. Genetik kodları sanki Çernobıl radiasyasına uğrayıb. Heç bilməzsən harasından iyləyəsən. Su, quru tanımırlar. Kosmosa atsan orada da “divijenya” eləyib Ayi Marsa , Marsı da Veneraya qatıb özlərinə oxşadarlar. Sizi nə çox yorub kosmosa aparacam, nə də suya. Bu balıqların qara qızıl içərisində çıxardıqları qara oyunları sadalamaq da lazımsız bir şeydir. 2006-cı ildən ölkə futbolunda “ oynanılan” hər oyunun fonunda bir Hollivud filmi çəkmək olar. Baş rollarda da yan xətt hakimləri, komitə sədrləri, dönərçi azərkeşlər…

Görününür futbolu “gizlənqaç”, “gözyumdu” kimi oyunlarla səhv salıblar. Ya da, elə bilirlər ki, klub səviyyəsində etdikləri “Kürü alveri”ni milli futbol komandalarına da tətbiq edə bilərlər. Problem də məhz burada başlayır. Acı reallıq özünü göstərir. İnsanlar dərk edir ki, klubların dirəyləri sayılan legionerlər millidə ola bilməyəcək. Olsa da, Almanyanın kənd komandalarından gətiriləcək, iki-üç oyun zaylayıb, balıqlara pul yedizdirib gözdən itəcəklər. Niyə, nəyə görə? Bax burada quyruğu, başı bilinməyən balıqlar başlayırlar fantazyalarını işlətməyə, pulla aldıqları saytlarda “pulcuk”larını işə salamağa.

Özlərinin qara qızıl alverindən fikir yayındırıb əlaltılarını məşqçilərin, futbolçuların üzərinə cumdurmağa, günahkar çıxartmağa. İnsanları aldadırlar, hər oyundan qabaq boş ümidlər verirlər, hər məğlubiyyət sonrası bir günahkar çıxardırlar, məşqçi, futbolçu qovurlar, azərkeş həps edirlər, adam qatillərini, ayağı top tutmayanları, adlarını, soyadlarını ömrümüzdə ilk dəfə eşitdiyimiz avaraları “xaricdə oynayan azərbaycanlı futbolçu”, “prespektivli futbolçu” adıyla millətə sırıyırlar. Özləri isə balıq kimi aradan sivişib dururlar bir kənarda və futbolun neft çirkabında necə batdığını səssiz-səssiz izləyirlər.

Fikirlərini bizimlə bölüş!