Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Banişevski: miflər və gerçəklər

Mən onu həyatda ikicə dəfə gördüm. Tələbəydim, metronun “Bakı soveti” stansiyasının qarşısında rəngli dondurma satılan yer vardı, önündə dayanıb növbə gözləyirdim, o isə yorğun, ağır yerişlə evinə tərəf düşürdü, necə oldusa, özünü təqdim etmək lazım gəldi və mən də təəccüblə sifətinə baxdım. İkinci dəfə də 97-nin oktyabrında evində gördüm. “Futbol+”in ilk sayı çapa hazırlanırdı, 1-ci səhifə üçün ondan maraqlı persona tapmaq olmazdı, fotoqrafımızla birgə evinə yollandıq. Guya müsahibə götürdük. Amma əslində müsahibə yox, dərdləşmə idi, azərbaycanlı futbolsevərlərin bütü, idealı, günəşi qürub edirdi, demək olar ki, heç nəyi xatırlamırdı. Bu, Anatoli Andreyeviçin son müsahibəsi idi. Amma mən həmin müsahibəyə dönməyəcəm. Sadəcə, əfsanənin həyatını müşayiət edən miflərlə gerçəkləri bir daha xatırladacam…

Manqanın qapısına neçə metrdən qol vurub?

Banişevski Braziliya yığmasının qapısına qol vuran ilk sovet futbolçusudu. Bu tarixi hadisə 1965-ci il noyabrın 21-də “Marakana”da 123 min azarkeşin gözü önündə baş verib. Həmyerlimizin topu bilərəkdən, yoxsa bilməyərəkdən vurması yönündə mübahisələr hələ də davam edir.

“Braziliya fiyestası – karnavalsayağı şadyanalıq çox qəfil bir şəkildə, gözlənilmədən kəsildi. Qapıçı Manqa topu oyuna daxil edərkən özündən bir qədər aralı dayanmış Banişevskini görmədi, SSRİ yığma komandasının mərkəz hücumçusu isə topu ələ keçirib onu boş qapıya yönəltdi. “Marakana” dərindən köks ötürdü və tribunalar lal sükuta qərq oldu”.

“Futbol” həftəliyi, 1965-ci il, N 48

Banişevskinin versiyası: “İkinci hissənin əvvəlləri idi. 0:2 hesabıyla uduzurduq. Növbəti hücumumuz boşa çıxdı. Manqa topu oyuna daxil etməyə hazırlaşana qədər biz geri çəkildik. Təxminən mərkəz xətlə cərimə meydançasının xətti arasında dayanmışım. Manqa topu irəli vurdu. Zərbə güclü olsa da, top alçaqdan uçurdu – düz üstümə gəlirdi. Qərar qəbul etmək üçün bir neçə saniyə bəs etdi. Təxminən 35-40 metrlik məsafədən topu başla qapıya doğru yönəltdim. Öz yerini tutmağa tələsən Manqa yalnız topun başı üzərindən qapıya düşdüyünü gördü. Böyük qapıçı nəsə etməkdə aciz idi”.

SSRİ yığmasından niyə qovulub?

Banişevskinin SSRİ yığmasındakı karyerası çox tez – cəmi 26 yaşında bitib. İndiki meyarlarla baxanda heç nədi. Amma sovet futboluna rəhbərlik edənlər AÇ-72-nin finalında AFR önündəki məğlubiyyətin günahkarı kimi iki Anatolini – Banişevski ilə Konkovu görüblər. Bu yazını hazırlayarkən həm 1972-ci il mayın 26-da AFR və SSRİ yığmaları arasında Münhendə keçirilən yoldaşlıq oyununu, həm də iyunun 18-nə təsadüf edən qitə birinciliyinin finalını bir daha izlədim. Guya final matçı ərəfəsində Banişevski deyibmiş ki, “bu oyuna çıxmağın mənası yoxdu, onsuz da uduzacağıq” və Konkov da onunla həmrəy olubmuş. Halbuki SSRİ-nin 1:4 uduzduğu yoldaşlıq oyununda Banişevski ən fəallardan biridi, videoyazıdan da görünür ki, Bekkenbaueri dəfələrlə aldadıb, zərbə mövqeyinə çıxıb, təsəlli qolu da onun ötürməsindən sonra vurulub. Sadəcə, həmin vaxt qitədə almanların önünə çıxası güc yox imiş.

Banişevskinin versiyası: “Avropa çempionatının finalından bir ay əvvəl Münhendə yoldaşlıq görüşündə almanlara 1:4 uduzmuşduq. Zənnimcə, bu görüşün planlaşdırılması taktiki səhv idi. Aldığımız mənəvi zərbəni heç cür unuda bilmədik ki bilmədik. Beləcə pis əhval-ruhiyyədə soyunub-geyinmə otağına gəldik. Təzəcə özümüzü kreslolara yıxmışdıq ki, nümayəndə heyətinin başçısı, o dövrdə SSRİ Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin rəhbərlərindən biri gözlənilmədən düşdü üstümə: “Bu nə oyundu sən oynayırsan?”. Qayıtdım ki, siz mənim üstümə çığırmayın, baş məşqçi var, göstərişləri də o verir. Nə sözü var, qoy desin”. Kimə deyirsən? Əksinə, bir az da coşdu: “Ümumiyyətlə, sən nə futbolçusan?”. Gördüm çox baş aparır, mən də onu hara lazımdısa, ora da “göndərdim”.

İçki və siqaretə aludə idi?

Bəlkə də yeganə məqamdı ki, əleyhdarlarının önünə dəlil qoymaqda adam çətinlik çəkir. Banişevski rejimə fikir versəydi, zərərli vərdişlərdən uzaq dursaydı, bu gün “Fedotov klubu”nun üzvləri siyahısında adının önündə 115 yox, 215 rəqəmi yazılardı. Hələ hava limanındakı dava, qızlara “sataşmaq”…

Mixail Yakuşin (1967-68-ci illərdə SSRİ yığmasının baş məşqçisi): “Banişevski özünə qarşı heyrətamiz dərəcədə laübalı münasibət bəsləyirdi. Allahsızcasına siqaret çəkən idi. Bir dəfə o, Bakıdan Moskvaya gələndə gördüm ki, sifəti qapqara qaralıb. Soruşdum: “Dostum, bəs oyuna necə çıxacaqsan?”. O, küt baxışlarını üzümə zilləyərək özünü təmizə çıxarmağa çalışdı: “Heç nə olmaz, ara verəcəyəm, bu arada çəkməyəcəyəm”. İdman rejimi barədə onunla nə qədər söhbətlər eləmişdim! Banişevski dediklərimin hamısı ilə razılaşırdı, di gəl, hiss edirdim ki, sözlərim heç də beyninə batmır. Son nəticədə onun özü istedadının qəniminə döndü”.

Vladimir Ponomaryov (SSRİ yığmasındakı komanda yoldaşı): “20 yaşlı Banişevski komandanın ən gənc oyunçusu idi və bu üzdən topları daşımaq da onun öhdəsindəydi. İstedadlı oyunçu olsa da, heyf, öz sağlamlığına etinasız yanaşırdı. İnsafsızcasına çox siqaret çəkirdi! Ondan çox yalnız Yaşin çəkirdi. Ona görə qadağan etmirdilər ki, meydanda nəyi var can qoyurdu…”

Banişevskinin versiyası: “Cavanlıqda hamının səhvi olub, hamının əlindən xəta çıxıb. Mən də elə. İndi onların bir çoxunu unutmuşam, amma 1969-cu ildə aeroportda baş verən əhvalata görə bu gün də xəcalət çəkirəm. Mən, Vladimir Bruxti və Vyaçeslav Semiqlazov qızlara “ilişdik” və… Məni və Slaviki futbol oynamaq hüququndan ömürlük məhrum etdilər. Bir mövsümü tam itirdim. Sonra yığma komandanın mənafeyini nəzərə alıb oynamağıma icazə verdilər. Bir il ərzində xeyli kökəlmişdim, sürətimi itirib formadan düşmüşdüm. Buna görə 70-ci il mövsümündə həddən artıq məşq etdim, çəkimi saldım, amma əvvəlki oyunumu, özümə inamımı bərpa edə bilmədim. Necə deyərlər, qatar Meksikaya mənsiz yola düşdü” (DÇ-70-ə qatıla bilməməsini nəzərdə tutur – H.).

“Neftçi”yə sadiq idi?

Bu məsələdə də mübahisə etməyə dəyməz. Banişevski karyerasının parlaq vaxtlarında istənilən başqa klubun təklifini qəbul edə və bəlkə də tarixə daha parlaq nəticələrlə düşə bilərdi. Amma nə onda, nə də 90-nın qara Yanvarında Azərbaycanı tərk etmək fikrinə düşdü. Düzdü, bir dəfə az qala Odessaya yollanacaqdı. 1974-cü ildə – “Neftçi” artıq SSRİ çempionatının birinci dəstəsində yarışanda Əhməd Ələsgərov “Çernomorets”in baş məşqçisi idi. Ələsgərov Banişevskini komandasına götürmək fikinə düşdü və onu razı saldı. 1974 mövsümü üçün hücumçunu adını sifariş ərizəsinə də saldılar, lakin Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsinin diskvalifikasiya qərarı onun böyük futbola qayıdışına imkan vermədi (1973 mövsümünün sonunda çoxsaylı rejim pozuntuları üzündən “Neftçi”dən xaric olunmuşdu).

DÇ-66-dan sonra İngiltərə klubları ona müqavilə təklif edib?

SSRİ yığmasının 4-cü yeri tutduğu DÇ-66-dan sonra İngiltərənin bəzi klublarının Banişevskiyə 500 min funt sterlinq məbləğində müqavilə təklif etdiyi haqda söz-söhbət gəzir. Amma həmin dövr üçün Britaniya futbolunda ən bahalı transfer 1962-ci ildə şotlandiyalı Denis Lounun 115 min funt sterlinqə “Torino”dan MY-yə keçidi idi. Göründüyü kimi, 500 min və 1 milyon söhbəti nağıldan başqa bir şey deyil və ötən əsrin 60-cı illəri üçün 150 min rəqəmi daha real olub. Yeri gəlmişkən, DÇ günlərində Banişevskini Britaniyanın məşhur mərkəz hücumçusu Tommi Loutonla müqayisə edən “Deyli Meyl” qəzetinin əməkdaşı da belə bir mülahizə irəli sürürdü ki, beynəlxalq transfer bazarında Banişevskinin “ən azı 150 min funt dəyəri var”.

Xəstəliyi harda tapdı?

Banişevski 1987-nin mayından 88-nin mayına qədər Burkino-Faso yığmasında məşqçi-məsləhətçi işləyib. Şəkərli diabetə tutulması haqda versiyalarda Afrika variantı xüsusi vurğulanır. Məsələn, Şakir Yaqubovun “Banişevski: olduğu kimi” kitabında deyilir: “Burkina-Fasoda yığmanın oyunu gedirmiş. Banişevski də ölkənin prezidentiylə fəxri qonaqlar lojasında oturub oyuna tamaşa edirmiş. Elə bu vaxt ölkədə silahlı dövlət çevrilişi baş verir. Qiyamçılar artıq ölkənin eks-prezidenti elan olunan şəxsi stadionun lojasındaca qətlə yetirir və… köksünü yararaq, ciyərini Banişevskinin də gözü qabağında çiy-çiy yeməyə başlayırlar”.

Bir başqa versiya: “Banişevski gənclikdə çox içdiyindən qaraciyər serrozu tapmışdı. Sonra-dan bu xəstəliyə şəkərli diabet də əlavə olundu. 1987-ci ildə ilk dəfə xəstəxanaya düşdü və rea-nimasiyada 10 gün qaldı. Həkimlər əlini üzsə də, idmançı orqanizmi onda davam gətirdi. Ardından bir ay Moskvada – Endokrinologiya İnstitutunda müalicə olundu. Xəstəxanadan çıxandan sonra həkimlərin xəbərdarlığına məhəl qoymayaraq Burkina-Fasoya yollandı. Vətənə qayıdandan sonra ikinci dəfə xəstəxanaya düşdü. Beyninin bir neçə nöqtəsi atrofiyaya məruz qaldığından yaddaşı pozuldu. Artıq evdən çıxarkən ad-soyadının və ünvanının yazıldığı kağız götürürdü”.

Yığmada 19, yoxsa 20 qol vurub?

Banişevskinin SSRİ yığmasında 50 oyuna 19, yoxsa 20 qol vurması ilə bağlı mübahisələr bu gün də davam edir. Söhbət DÇ-66-nın SSRİ – Portuqaliya oyununda (1:2) vurulan qoldan gedir. Həmin oyunda Metrevelinin zərbəsindən sonra qapıçıdan dönən tora həm Banişevski, həm də Malofeyev ayağını uzadıb.

Eduard Malofeyev: “3-cü yer uğrunda oyunda isə mən portuqaliyalıların qapısına qol vurdum. Düzdü, bu oyunun protokoluna əsasəndi. Metreveli cinahdan ötürmə verdi və mənimlə Banişevski qapıçıya tərəf elə qətiyyətlə cumduq ki, o, bir saniyəlik vəziyyətə nəzarəti itirdi. İndiyə kimi dəqiq deyə bilmərəm, ya mən son olaraq topa toxundum, ya Banişevski, bəlkə də top elə Metrevelinin zərbəsindən sonra qapıya daxil oldu”.

Banişevskinin versiyası: “Biz oyundan sonra da bu qolu kimin vurması barədə bir xeyli müzakirə apardıq. Heç kim boynuna götürmədi. Yəqin top portuqaliyalı müdafiəçinin ayağına dəyə-rək qapıya daxil olmuşdu. Yaxşı ki, fasiləyə hesabı bərabərləşdirib getdik”.

Fikirlərini bizimlə bölüş!