Orxan, Mahir Şükürovdan geri qaldın, qardaş! Gərək, əlcəyi çıxarıb, orta barmaq göstərəydin! Amma Mahir Lənkəranda bir barmağını göstərmişdi, sən isə iki barmağını göstərib, onu üstələdin. “Əhsən”, “halaldır” sənə!
Vallah, mən bu mövzuda yazdığıma görə, çox məyusam. Çox təəssüf ki, biz bir-birimizi didirik. Çox təəssüf ki, azarkeşlərlə futbolçular əl-ələ verib Avropaya çıxmağı, orada uğur qazanmağı düşünmək əvəzinə bir-birimizə düşmən kəsilmişik. Ayıbdır, vallah ayıbdır!
Stadiona gələn, futbolun kütləviləşməsi üçün az da olsa əmək sərf edən, əziyyət çəkən hər bir insana böyük hörmətim var. Onları ayaq üstə qalxıb, alqışlayıram. Amma əziz azarkeşlər, sizə heç kim və heç nə haqq qazandırmır ki, kimisə təhqir edəsiniz, kimisə söyəsiniz. Hərə bir ailədən çıxıb, hərənin bir zəif nöqtəsi var. Bu zəif nöqtəyə toxunan zaman isə qarşısındakı peşəkarlığını unudub, hissləri ilə davranır. Sözsüz, öz sözümdə dururam. Futbol azarkeş üçün oynanılır və azarkeşlərin rahatlığı təmin olunmalıdır. Futbolçu da bunu bir növ nəzərə almalıdır. Amma bütün bunlar azarkeşlərə kimisə təhqir etməyə qəti sürətdə haqq vermir.
Kiçildilmiş böyük oyunda Orxan Sadıqlını orta barmaq göstərməyə məhz azarkeşlər məcbur etdilər. Necə? Əgər kütlə səni dayanmadan təhqir edirsə, çox nadir halda futbolçu buna reaksiya verməyə bilər. Reaksiyanı hərə bir cür verir. Kimisi “sifətin yadımda qaldı, səninlə görüşərik” deyir, kimisi gedib onunla dialoqa girir, kimisi də barmaq və ya barmaqlar göstərir. Nədənsə, “Neftçi” — “Xəzər Lənkəran” oyunlarında barmaq və ya barmaqlar işə düşür. Və çox təəssüf ki, biz bu “qəhrəmanlıqları” yerli futbolçuların ifasında görürürk. Və həmin hərəkətlər bir daha göstərir ki, azərbaycanlı futbolçular tam peşəkar deyillər. Amma unutmayaq ki, tribunada olanlar da azərbaycanlılardır, meydançada barmaq göstərənlər də. Bu mənada, hər iki tərəf son dərəcə diqqətli olmalıdır. Azərbaycan ərazisinə görə kiçik ölkədir. Burada edilən bir hərəkət bir anda bütün ölkəyə yayılır. Və illər keçsə də, oyunçu barədə danışanda belə bir cümlə işlədilir: “Hansı, o barmaq göstərən?”
Mənə elə gəlir ki, Orxan Sadıqlı ailə tərbiyəsi görmüş adamdır. Onun yaşadığı mühitlə də tanışam. Kənd uşağıdır, əzab-əziyyət görüb. Yaşı az olmasına rəğmən müəyyən publika qarşısında hörmət qazanıb. Ən azı Lənkəran kimi futbol sevdalılarının yığışdığı bir məkanın sevimlisidir. Və bütün bunlar yetərli deyil. İnsan daim hörmət qazanmağa, sevilməyə və işində uğurlar qazanmağa can atmalıdır. Ağac bar verəndə başını aşağı saldığı kimi…
Orxan, ilk dəfədir ki, belə hərəkət edirsən. Bəli, cəzanı almalısan. Mahir Şükürov da Lənkərandakı hərəkətindən sonra İntizam Komitəsi tərəfindən cəza almışdı. Eyni aqibət səni də gözləməlidir və gözləyir də. Amma cəza vallah, çıxış yolu deyil. Kim mənə zəmanət verə bilər ki, Mahir bir daha belə hərəkət etməyəcək? Təki etməsin, amma etmə şansı da var. Klublar futbolçulara qarşı konkret tədbirlər görməlidirlər. Futbolçu bu hərəkətinə görə, hətta klubdan belə qovulmalıdır. Futbolçu anlamalıdır ki, o, komandasının şərəfini qoruyur. Nüfuza xələl gətirmək isə heç bir peşəkara yaraşmır.
Eyni zamanda, azarkeşlərə də yaraşmır, qəti sürətdə yaraşmır ki, milli komandanın qapıçısını, ümumiyyətlə, hər hansı bir Allah bəndəsini, bir ananın, bir atanın övladını, bir ailənin “dirəyini” təhqir etsinlər!
Söyüş acizlik formasıdır, bizim azarkeşlərimiz isə aciz deyillər. Yenə deyirəm, futbol azarkeş üçün oynanılır. Azarkeşlər də onlara verilən bu dəyərə layiq olmalıdırlar.




Fikirlərini bizimlə bölüş!