Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Baş katibin ikili standartı

Reynaldo və Elxan Məmmədov – birincisi futbolu bilən, oynayan, ikincisi isə ona baxan şəxsdi. Birincinin vəzifəsi rəqib müdafiəçilərini, ikincinin vəzifəsi bizim başımızı aldatmaqdı. Amma tam əminliklə demək olar ki, birincinin ölkə futboluna xeyri ikincidən daha çoxdu.

Elxan bəy 7 ildi ki, AFFA-nın baş katibi vəzifəsində çalışır. İndi sizdən soruşuram: bu 7 il ərzində Məmmədov bizi, futbol ictimaiyyətini və azərbaycanlı azarkeşləri nə vaxt sevindirib? Təbii ki, bu suala cavab tapmaqda çətinlik çəkirsiz. Hətta hafizənizi zorlayıb, bir qədər düşüncələrə dalırsınız. Heç özünüzə əziyyət də verməyin. O, buvaxta qədər bizi sevindirməyib. Əksinə, milliləşdirilmiş geydirmə futbolçuları yığma komandaya cəlb etməklə Azərbaycan seçmə komandasını bərbad günə qoyub. Elə bil ki, milli komanda deyil. Bu, daha çox dənizkənarı milli parkda kaktusun, palmanın əkilməsinə bənzəyir.

Hər kəs artıq bu fikirlə razıdı ki, Reynaldo ölkəmizdə ən səviyyəli legionerdi. Biz braziliyalını heç də şişirtmirik. Kor-kor, gör-gör. 20 aydı ki, “Qarabağ”da çıxış edən Reynaldo bu müddət ərzində azərbaycanlı fanatların rəğbətini qazanıb. Bundan başqa, onun sərgilədiyi gözəl və baxımlı oyun futbolçunun xarici klublar tərəfindən böyük marağına səbəb olub. Hətta onun ölkəmizdəki çıxışını görən bir neçə xarici klub 2 milyon avrosundan keçərək, Reynaldonu heyətinə qatmaq istəyirdi. Bu məbləğ futbolu inkişaf etmiş ölkələr üçün ciddi olmasa da, bizim üçün zarafat sayıla biləcək pul deyil. Reynaldoya verilən qiymət Məmmədovun himayədarlıq etdiyi “Sumqayıt”ın illik büddcəsi qədərdi.

Bəs, braziliyalı Reynaldo azərbaycanlıları nə vaxt sevindirib? Futbolçunun Makedoniya “Metallurq”u, İsveç “Gefle”si, Polşa “Piast”ı, Malta “Valetta”sı, səfərdə Almaniya “Ayntraxt”ı, doğma azarkeşləri önündə Avstriya “Zalsburq”una vurduğu bir-birindən şedevr qollara görə sevinmədikmi? Əslində, onun barəsində çox xoş söz demək olar. Futbolçuya hamınız bələd olduğundan çox da uzun-uzadı yazmaq istəmirəm. Və bütün bunların nəticəsində ictimaiyyətdə belə bir fikir formalaşdı ki, Reynaldo Azərbaycan milli komandasına cəlb edilsiin.

AÇ 2016-nın seçmə mərhələsində qarşıya uydurna böyük hədəf qoyulması yığmaya rəhbərlik edənləri yerindən tərpətdi. Məmmədov da Reynaldonun milliyə çağırılmasının əleyhinə olmadığını, yaxın günlərdə futbolçu ilə söhbət aparacaqlarını dedi. Çox keçmədi ki, Reynaldo baş məşqçisi Qurban Qurbanovla birgə AFFA-nın inzibati binasına çağırıldı, futbolçunun razı olduğu dəqiqləşdi. Bundan sonra da qalan işləri AFFA-nın görəcəyi bildirildi. Yəni ki, onun millidə oynanılması üçün FİFA-ya müraciət ediləcək.

Amma Elxan bəy bu gün tam fərqli açıqlama verib. Bildirib ki, Reynaldonin milliləşdirilməsi ilə bağlı heç bir müraciət edilməyib. Ona yerli pasportu verilsə, FİFA bizi “ak” edər: “Məlum olduğu kimi futbolçu Braziliyada doğulub, ata-anası və ya baba-nənəsinin Azərbaycanla heç bir bağlılığı yoxdu. Reynaldo dos Santos Silva adında azərbaycanlı olar? Azərbaycanda heç 5 il çıxış etməyib ki, onu milliləşdirə bilək. Ona görə də hələlik gözləmə mövqeyindəyik”.

Əslində, Elxan bəyin vicdanı oyanıb. Hiss edib ki, millidə əcnəbi futbolçu oynaya bilməz. Onun bu fikirini alqışlamaq da olar. Amma iş burasındadı ki, Məmmdovun vicdanı yalnız ona sərf etməyən vaxtlarda oyanır. Bəs, Azərbaycanla heç bir bağlılığı olmayan, atası-anası fars olan Kiyan Soltanpura bir günün içində necə Azərbaycan pasportu verdiniz? Bununla da “Sumqayıt”a “yerli” futbolçu qazandırdınız. Hələ mən Dmitri Nazarov, Əli Gökdəmir, Ufuk Budak, Emin Nurini demirəm. Hələ bir qədər əvvələ gedib, ladaqaları, ernaniləri, qomeşləri, ndukaları xatırlatmıram. Necə olur ki, futzal yığmasında Maşado dos Santos, Felipe Riberio dos Santos adında “azərbaycanlı” olur, millidə yox? Dəqiqi odur ki, heç Elxan Məmmədov adında baş katib də olmaz.

Biz də Reynaldonun milliləşdirilməsini ürəkdən istəmirik. Azərbaycanlı gəncləri o səviyyədə yetişdirib milliyə çağırmaq daha yaxşı olar. Bunu bacarmırsizsa, heç olmasa Reynaldo kimi səviyyəli oyunçunu azərbaycanlı edin, daha hər yoldan keçəni yox. Müxtəlif yaş qruplarından olan millilərimiz dağıstanlıların məskəninə çevrilib, bəzilərində alman dilində danışılır, komandalara azərbaycanlı çağırılanda özünü qərib hiss edir. Guya onlar qayda-qanun gözlənilərək milliləşdirilib? Bəlkə Reynaldonu milliləşdirmək sizə maddi baxımdan sərf etmir, cibinizə xeyri yoxdu, meneceri Kamran Quliyev deyil?..

Fikirlərini bizimlə bölüş!