Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Baş katibin əsəri – heç kimə lazım olmayan yığma!

Trnavada möcüzə baş vermədi, Azərbaycan yığması cari seçmə mərhələni biabırçı nəticə, yəni 1 xal ilə bitirdi. Belə bədbəxt durumda olanlar yalnız Baltikyanı ölkələrdi, San Marino, Cəbəllütariq və bizik. Statistikaya nəzər salarkən daha bir məqam diqqətimi çəkdi. Yığmamız AÇ-96-nın seçmə tsiklindəki yeganə xalı 1995-ci il noyabrın 15-də qazanıb. Üstündən düz 24 il və 1 gün keçəndən sonra yenə 1 xalla qalacağımız, demək olar ki, dəqiqləşdi. Bu həm taleyin ironiyasıdı, həm də faciə və rəzalətdi. Rövnəq Abdullayev – Elxan Məmmədov dueti belə sənət əsərindən zövq alsın gərək…
Bəli, Qurban Qurbanov Millətlər Liqasında hədəfə çata, yəni qrup qalibi ola bilmədi. Amma zaman göstərir ki, onun qovulması səhv qərar imiş. O istefanı şərtləndirən səbəblər çoxdu. Mənə görə səbəblərin başında Elxan Məmmədovun yığma ətrafında yaratdığı etimadsızlıq mühiti, yəni Qurban bəyə istədiyi-öyrəşdiyi tərzdə işləməyə imkan verməməsi dayanır. Qurbanov isə “Qarabağ”dakına bənzər mühit tapmayanda, sadəcə, işləyə bilmir. Sirr deyil ki, baş katib Qurbanovlu yığma üzərində uzaqgedən planlar qura, belə nifaq toxumları səpə, jurnalistləri “özünkülər” və “yadlar” adlı iki düşərgəyə bölə bilməyəcəkdi. Amma o indi istədiyini edir və hətta o dərəcədə arxayınlaşıb ki, nə İTV sayır, nə jurnalist, nə də ictimai rəy.
Hər kəsə bəllidi ki, bu gün ölkə futbolunda mütləq hakimiyyət Elxan Məmmədovun əlindədi. Bura pul bölgüsündən tutmuş ayrı-aydı adamların işə, vəzifəyə çəkilməsinə qədər ən müxtəlif məsələlər daxildi. Və indi ölkə futbolunu, yığmaları elə rəzil duruma salıb ki, sadəcə, deməyə sözü yoxdu. Ona görə də jurnalist görəndə ilan vuran ala çatıdan qorxan kimi qorxur, suallardan yayınır, manevr etməyə, vaxt qazanmağa çalışır.
Mənə çatan bəzi bilgilərə görə, özü də belə durumdan, yəni mütləq əksəriyyətin nifrət hədəfinə çevrilməkdən bezib. Amma futboldan belə hörmətsiz şəkildə, əli ətəyindən uzun getmək istəmir. Adamın arzuları geniş və çoxşaxəlidi. UEFA-da özünə iş tapmaq da ağlından keçir, hansısa ölkəyə səfir getmək də, İlham Əliyevdən orden-medal almaq da. Aman səfir getməsin. Gedəcəyi yerdə münasibətləri elə duruma salar ki, Ermənistanın ardından daha bir ölkə ilə müharibə vəziyyətinə gələrik. Gedə bilirsə, qoy UEFA, FİFA-ya getsin, dünya futbol ailəsi də onun mərifətlərindən xəbər tutsun.
Məmmədovun idarəçiliyinin acı mənzərələrini ötən şənbə bir daha seyr etdik. Tribunaları dolduran qonaq azarkeşlər, Kardiffə bənzəyən Bakı, özünü doğma şəhərdə yad hiss edən və qapısından iki cavabsız top buraxan yığma, istəmədiyi halda bilet əldə edib tribunada əyləşməyə məcbur olan ARDNŞ işçiləri… Yadımdadı, əvvəllər AFFA-nın saytına yığmanın ev oyunlarına bilet satışını əks etdirən fotoreportajlar qoyulardı. Görəsən, indi o reportajlardan yapmaq olarmı? Görəsən, bu ölkədə yığmasını sevən neçə azarkeş qalıb? Görəsən, Məmmədov sevimli işçisi Firuz Abdullaya belə fotoreportaj hazırlamağı tapşıra bilərmi?
AFFA-nın ölkəyə yaşatdığı rəzalət yaşıl meydan çərçivəsindən də çıxıb. Uels yığmasının oyunöncəsi mətbuat konfransında dünyanın 3-5 futbolçusundan biri sayılan Beylin və ya xanım tərcüməçinin dediyi kimi cənab Qarefin başına gələnlər nə idi? Görəsən, uelslilərdə azərbaycanlıların dil biliyi ilə bağlı hansı təsəvvürlər formalaşdı? İngilis dilini tum kimi çırtlayan baş katib 10 milyonluq ölkədə bir nəfər normal tərcüməçi tapa bilmir?
Necə deyərlər, sualdan sual doğur. Elxan bəylə başının dəstəsinin vətənə dönüşünü gözləməkdən başqa çarə yoxdu. Ümid edirəm ki, heç olmasa, tərcümə biabırçılığına aydınlıq gətirən olacaq.
HUŞƏNG

Fikirlərini bizimlə bölüş!