Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Bayquşlar”ın ÇL-də ilk zəfər uçuşu!

“Bayquşlar”ın ÇL-də ilk zəfər uçuşu!

Tarixi qələbənin kölgəsində…

Azərbaycanın ən güclü klubu Çempionlar Liqasının liqa mərhələsində ilk qələbəsini ilk ev oyununda qazandı. Düzdü, “Sabah” Praqa “Slaviya”sı ilə qarşılaşmada doğma divarların dəstəyini elə də hiss etmədi…

Gözlənildiyi kimi, Olimpiya stadionunun tribunaları çexlərlə qarşılaşmada çox seyrəkdi. Təşkilatçılıq yüksək səviyyədə olsa da, 3 ildir boş qalmış arenanın yeni salınmış ot örtüyü standartlara uyğun gəlsə də, burada ÇL ab-havasının duyulmadığı təzə xəbər deyil.

İstənilən halda, “bayquşlar” işinin öhdəsindən layiqincə gəldi və dünyanın ən nüfuzlu klub turnirində qələbə əldə etməklə, kiçik tarixi üçün növbəti böyük nailiyyətə imza atdı.

Düzdü, oyun bərabər səviyyədə keçdi. Qarşılıqlı hücumlar və rəqiblərdən heç birinin ciddi üstünlüyünün nəzərə çarpmaması ilə yadda qaldı. Ötürmələrdə və müdafiədə çoxlu səhvlər qol epizodlarının hər iki qapı qarşısında yetərincə olmasına gətirib çıxarmışdı. Amma nə bizimkilər, nə də çexlər real qol vəziyyətlərindən yararlana bilirdi. Kahim Parrisin vurduğu qol isə ofsayd üzündən ləğv edildi.

İlk yarı bu hesabla da bitdi. İkinci hissə başlayan kimi Dambrauskasın yetirmələri özlərinə xas üslubda sürətli əks-hücum təşkil etdi və yenə Parris çərçivəni dəqiq nişan aldı.

Praqalılar hesabı bərabərləşdirməyə cəhd etsə də, hücumları kortəbii idi. Bəzən də bəxt Stas Pakatilovun yanında idi. Oyunun sonlarına doğru “Sabah”ın əsas qoleadoru Mikels çex qapıçının səhvini bağışlamadı və komandasının layiqli qələbəsini təmin etdi – 2:0.

Qələbə hamımızı sevindirsə də, üzücü məqam təkcə azarkeşlərin matça ciddi maraq göstərməməsi deyildi. Valdas Dambrauskas əvvəlki görüşlərdə heç olmasa, gözmuncuğu kimi Rəhman Daşdəmirovu əsas heyətdə buraxırdısa, bu dəfə çempionumuzun start heyətində heç bir azərbaycanlı futbolçuya ehtiyac duyulmamışdı.

Görünür, “bayquşlar” Bakı publikasına özlərini sevdirmək üçün hələ çox çalışmalı olacaqlar. Hərdən Çexiya çempionunu ÇL-də yenmək də bəs eləmir…

HƏFTƏLİK BÜLLETEN

Yazılarımız maraqlı gəlir?

Həftənin ən maraqlı təhlillərini e-poçtuna göndərək.

← Back

Your message has been sent

Fikirlərini bizimlə bölüş!