Sən hardan biləsən darıxmaq nədi?
Bilməkçün ürəkdən sevəsən gərək.
Ümid Abbasın şeirindən…
Yanvarın axırları idi, yığmanın Moldovayla yoldaşlıq görüşündən bir neçə gün əvvəl. Qurban Qurbanovun heyəti açıqladığı günü nəzərdə tuturam. Ay kişi, “feysbuk”a girmək olmurdu. Azərbaycanda “bir nömrə” kimi qəbul olunan məşqçinin heyət seçiminə o qədər lağ edən, yol göstərən var idi ki. Hər yerindən duran özünü mütəxəssis sayıb, Amil Yunanovla Bəxtiyar Həsənalızadənin kənardan qalmasına ağız büzür, Şahruddin Məhəmmədəliyevin bir nömrəli komandaya cəlb olunmasından narazılıq edirdi. Sanki kimin kim olduğunu Qurbanovdan yaxşı bilirlər.
Adama elə gəlirdi ki, bu ölkədə futbolu sevməyən, bilməyən yoxdu. Topun dalınca 22 nəfərin qaçdığından duyuq düşən hər kəs özünü as sayır(dı). Amma söhbət futbola baxmaqdan, stadiona gedib tribunada oturmaqdan düşəndə, canlarını dərd alır.
“Xəzər Lənkəran”ın tarixin yaddaşına qovuşmasından, “Neftçi”nin əvvəlki əzəmətini itirməsindən sonra premyer-liqada “Qarabağ” – “Qəbələ” qarşılaşmaları markaya çevrilib. Səbəb məlumdu: hər ikisi normal büdcəyə malikdi və buna görə də heyətlərində kifayət qədər səviyyəli futbolçular top qovur. Artıq üçüncü mövsümdü ki, çempionluq uğrunda əsas mübarizə bu iki komanda arasında gedir. Oyunlardan əvvəl sosial şəbəkələrdəki “atışmalar” artıq normal hal alıb. Məşqçi və futbolçuların məlum matça xüsusi köklənməsi, rəhbərliyin qələbə gözləməsi də öz yerində.
Azarkeşlər kimi, biz də çempionatın ikinci yarısının startını və elə startdaca “Qarabağ” – “Qəbələ” qarşılaşmasını səbirsizliklə gözləyirdik. Srağagün oyun baş tutdu. Hər iki komandanın layiqincə mübarizə aparmasının və Dmitri Bezotosnının inamlı oyununun nəticəsində qapılara qol vurulmadı. Amma protokoldakı azarkeş sayı bu oyunun, Qurbanovla Qriqorçukun, Sadıqovun, Şehiçin, Medvedevin, Almeydanın, Kintananın, Ozobiçin, Stankoviçin, Jozef-Monrozun, Qurbanovun adına yaraşdımı? Onlar cəmi 1500 nəfərin qarşısında meydana çıxmağa layiq idilərmi? Yeri gəlmişkən, bu 1500 rəqəmi özü də yetərincə şübhəlidi.
Burda söhbət ölkəmizi Avroliqanın və Çempionlar Liqasının qrup mərhələsində təmsil edən, Azərbaycan adını dünyaya tanıtdıran komandalardan gedir. Bu komandalara qiymət verənlərin sayı cəmi 1500 nəfərdi? Hanı “Tofiq Bəhramov”u, Olimpiya stadionunu dolduran onminlər? Danışanda özünü futbol mütəxəssisi kimi aparanlar, isti yanınızı “Azərsun Arena”nın soyuq oturacaqlarına qoymağa ərinirsiz, hə? Yoxsa tribunaları doldurmaqla Azərbaycan çempionatına marağı artırmaq, bununla da ağzıgöyçək legionerlərdə futbolumuz haqda xoş fikirlər yaratmaq çətindi?
Bakıda nə qədər qəbələli yaşayır? Əlimdə statistik rəqəm yoxdu, amma əminəm ki, təkcə gənclərin sayı 10 min nəfərdi. Əslən Qəbələdən olub paytaxtda yaşayanlar, tələbələr, iş dalınca gələnlər, məgər sizin aranızda çempionatın ən gərgin görüşünü izləmək istəyən 1000 nəfər yoxdu? Şənbə günü, oyun saat 19.00-da. Futbola baxmaq üçün bundan əlverişli vaxt? Uzağı 1 manat pul, 3 saat vaxt tələb edir. Klub rəhbərliyi, futbolçu, çempionatı keçirən qurum bundan artıq nə etməlidi?
Sabah uğursuzluq olanda qarşınızda dayanmaq olmur. Təhqirin biri 5 qəpik, söyüşün sayı ondan da betər. Günahkar bilmədiyiniz adam qalmır. Filan komanda belə gəldi, filan futbolçu belə getdi, məşqçi filan yerdə səhv elədi… Televizor qarşısında oturub isti evdə çay içməklə azarkeşlik olmur. Azarkeş isti-soyuq bilmədən stadionun yolunu tutandı, 90 dəqiqə sevimli komandasına dəstək verəndi. Bax, həmin şəxslərin kimdənsə, nədənsə narazılıq etməyə haqqı çatır. Futbolçuya da söz deyə bilər, məşqçiyə də. Hava soyuq olanda isti evindən bayıra çıxma, sabah da yayın istisində dilin olsun 5 metr. Azarkeşlikdi bu?
Odu ki, yalandan hoppanıb-düşməyin. Öncə tribunaları doldurun, futbola sevginizi göstərin, sonda bu oyunun incəliklərindən danışın, narazılığınızı dilə gətirin. Ki, sabah söydüyünüz futbolçunun, məşqçinin gözünün içinə baxa biləsiz. Futbol üçün darıxanlarıma bax…
Həbib ASLANOV
Belə darıxmaq olur?




Fikirlərini bizimlə bölüş!