Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Bild”in? Bilmədin!

Yaxşı zərb məsəlimiz var: “Bildi-bilmədi, danışır”. Almaniyanın məşhur “Bild” nəşri də bildirib ki, Renat Dadaşov millimizin şərəfini qorumaqdan ötrü 1 milyon avro pul alıb. “Şok! Şok! Şok!”

Renatın millimizin şərəfini qoruyacağı haqda xəbər məgər indi çıxıb? Yoxsa “Leypsiq”də yemək bişirmək informasiyası haqda məlumat “Bild”ə indicə bildirilib?

Bəs, əvvəlcədən “Bild” bunu bilirdisə, nəyə görə, yığmamıza qarşı oyuna saatlar qalmış gündəmə gətirdi? Deməli, “Bild” sadəcə, bildirmək üçün məqamı gözləyib. Buna el arasında “qurşaqdan aşağı endirilən zərbə” deyirlər. Söhbət əlbəttə ki, “Leypsiq” əhvalatından gedir…

Qayıdaq milyonluq məsələyə. “Pişiyin ağzı ətə çatmayanda, deyir iylənib”. “Bild” nəşri iddia edir ki, Dadaşova 1 milyon avro verilib. Bir ritorik sual səsləndirək: sənə nə?! “Bild” Azərbaycanın qeydinə qalır ki, Renatı bu şəkildə göstərməyə cəhd edir? Vaxtilə Məsut Özil Almaniyanı yox, Türkiyə yığmasını seçsəydi, görəsən, onun neçə milyon aldığı iddia olunacaqdı? Və ya başqa cür deyək, bilmirsiniz, Özil Almaniya yığmasını seçdiyinə görə, nə qədər pul alıb?

Bəli, dünya futbol xəritəsində Azərbaycan və Almaniya müxtəlif qütblərdə yerləşir. Bəli, rəqib bugünkü oyunda aşkar favoritdi. Ancaq bütün bunlar “Bild”in məqsədini dəyişə bilməz. Almaniya nəşri milli komandaları üçün istənilən şəkildə kömək etmək üçün hər şeyə hazırdı. “Bild” də bu mövzunu ortaya atmaqla, futbolçularımız arasında daxili narazılıq yaratmaq məqsədi güdüb. Bu qədər sadə, cənablar…

“Bild” bildi-bilmədi, yazmır. Lap əla bilir! Ancaq bilə-bilə bu mövzunu ortaya oyunun başlamasına saatlar qalmış atmaqla özünü yandırdı. Bildin, “Bild”?

Fikirlərini bizimlə bölüş!