Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Qarabağ” çempionatımızın ən bahalı komandası, Puxaç ən dəyərli futbolçusudu

“Qarabağ” çempionatımızın ən bahalı komandası, Puxaç ən dəyərli futbolçusudu

Azərbaycan Premyer Liqasında (APL) 2026/27 mövsümü qızğın mərhələyə qədəm qoyub. Klublar artıq birinci dövrəni başa vurmaq üzrədirlər. Bu üzdən komandaların heyətlərini tam olmasa da, buna maksimum dərəcədə yaxın şəkildə formalaşmış hesab etmək olar. Transfer pəncərəsi rəsmi olaraq hələ sentyabrın ortalarında bağlansa da, APL klublarının azad agentlər sırasından yeni oyunçular cəlb etmək imkanı var idi və hətta bəziləri bunu elə bu ayda da etdi.

Ötən yazımızda klubların mövsüm üçün sifariş etdikləri legionerlərə görə nə qədər ödəniş edəcəyini hesablamışdıq. Bu gün isə APL klublarının heyətlərinin hansı məbləğdə qiymətləndirildiyinə nəzər salacağıq. Təbii ki, hesablamada komandaların mövsüm üçün rəsmi sifariş ərizəsini əsas götürəcəyik. Çünki bəzən klubların əvəzedici heyətdən kimisə cəlb etməsi, bəzən də sərəncamında legioner olub onu mövsümə sifariş etməməsi halları baş verir. Hesablama apararkən tanınmış Almaniya portalı olan Transfermarkt-ın məlumatlarından istifadə edəcəyik.

Cari çempionatda elitanın heyətinə görə ən bahalı klubu “Qarabağ” hesab olunur – 24 700 000 avro (təxminən 47,15 milyon manat).

Ağdam təmsilçisinin ən bahalı oyunçuları isə dörd nəfərdir: müdafiəçi Elvin Cəfərquliyev, braziliyalı yarımmüdafiəçi Kadi Borqes, bosniyalı qapıçı Martin Zlomisliç və braziliyalı “dayaq” Pedro Bikalyo. Onların hər biri 2 000 000 avro (təxminən 3,82 milyon manat) dəyərində qiymətləndirilir.

“Qarabağ”dan nəzərəçarpacaq dərəcədə geri qalan “Sabah” klubu 18 650 000 avro (təxminən 35,6 milyon manat) dəyərə malikdir. “Bayquşlar”ın heyətində ən bahalı oyunçu 2 500 000 avro (təxminən 4,77 milyon manat) dəyərində qiymətləndirilən polşalı müdafiəçi Timoteuş Puxaçdır. Yeri gəlmişkən, Puxaç həm də bu mövsüm APL-in ən bahalı futbolçusudur.

Üçlüyü digər paytaxt təmsilçisi – 13 900 000 avro (təxminən 26,53 milyon manat) dəyəri olan “Neftçi” qapayır. “Ağ-qaralar”ın sifariş ərizəsində ən bahalı oyunçu müdafiəçi Rüfət Abbasovdur – 1 200 000 avro (təxminən 2,29 milyon manat).

Maraqlı məqam odur ki, hər üç klubda məhz sol müdafiəçilər ən bahalı hesab olunurlar. Qəribə təsadüfdür, elə deyilmi?

“Zirə” klubu heyətinin dəyərinə görə 4-cü pillədə qərarlaşıb – 11 800 000 avro (təxminən 22,53 milyon manat). Sifariş ərizəsində ən bahalı futbolçu komandanın kapitanı Qismət Alıyevdir – 1 400 000 avro (təxminən 2,67 milyon manat). Yeri gəlmişkən, Alıyev də müdafiəçidir, lakin sağ cinahda. Bu, ən bahalı oyunçunun məhz cinah müdafiəçisi olduğu dördüncü komandadır.

Cari mövsümdə tez-tez start heyətində yalnız legionerlərə yer verməsi ilə xüsusilə fərqlənən “Turan-Tovuz” futbolçularının dəyərinə görə beşincidir – 10 875 000 avro (təxminən 20,76 milyon manat). Və nəhayət ki, “Turan” heyətinin ən bahalı üzvü müdafiəçi olmayan ilk klubdur, özü də yerli: yarımmüdafiəçi Rəhim Sadıxov 1 200 000 avro (təxminən 2,29 milyon manat) qiymətləndirilir.

Tovuz klubundan bir pillə geridə “Sumqayıt” yer alıb – 8 400 000 avro (təxminən 16,04 milyon manat). Burada ən yüksək dəyər gənc yarımmüdafiəçi Səbuhi Abdullazadəyə biçilib – 1 500 000 avro (təxminən 2,86 milyon manat).

Sıralamada sonrakı komandaların dəyərində daha nəzərəçarpacaq fərqlərin şahidi oluruq. Maraqlıdır ki, bu klubların mövsüm üçün sifariş ərizəsinə daxil edilən heç də hər kəsə “qiymət nişanı”verilməyib . Xüsusilə bunlar aşağı liqalardan və ya əvəzedici heyətdən komandaya qoşulanlardır.

Siyahıda 7-ci pillədə “İmişli” gəlir – 5 925 000 avro (təxminən 11,31 milyon manat). Ən bahalı oyunçu kolumbiyalı müdafiəçi Edvin Bangera göstərilir – 700 000 avro (təxminən 1,34 milyon manat).

8-ci yerdə “Araz-Naxçıvan” qərarlaşıb. Naxçıvanlıların sifariş ərizəsi 5 800 000 avro (təxminən 11,07 milyon manat) qiymətləndirilir. Ən bahalı futbolçuları isə yarımmüdafiəçi Ceyhun Nuriyevdir – 650 000 avro (təxminən 1,24 milyon manat).

Ardınca “Kəpəz” gəlir – 5 350 000 avro (təxminən 10,21 milyon manat). Gəncə təmsilçisinin sifariş ərizəsində ən “çəkili” portəgiz müdafiəçi Dioqo Verdaşkadır – 650 000 avro (təxminən 1,24 milyon manat).

İlk onluğu “Qəbələ” tamamlayır – 5 300 000 avro (təxminən 10,12 milyon manat). Ən bahalı braziliyalı qapıçı Artur hesab olunur – 700 000 avro (təxminən 1,34 milyon manat).

Ardınca “Şəfa” gəlir – 4 900 000 avro (təxminən 9,35 milyon manat). Ən bahalı futbolçuları isə 700 000 avro (təxminən 1,34 milyon manat) dəyərində qiymətləndirilən portəgiz qapıçı Tiaqu Silvadır.

Siyahımızı mövsüm üçün heyəti 3 450 000 avro (təxminən 6,59 milyon manat) göstərilən “Şamaxı” tamamlayır. Şamaxılıların da ən qiymətli futbolçusu Portuqaliyadan olan legionerdi: yarımmüdafiəçi Rikardu Apolinario – 650 000 avro (təxminən 1,24 milyon manat).

APL klublarında sifariş olunmuş legionerlərin sayı və onlar üçün tələb olunan ödənişlərlə bağlı əvvəlki məqaləmizdə qeyd etmişdik ki, xərclər praktiki olaraq komandaların cari nəticələrini əks etdirir. Elə heyətlərin ümumi dəyəri də demək olar bunu təsdiqləyir.

Düzdü, “Sabah”ın heyəti “Qarabağ”dan geri qalsa da, məhz son çempion liderlik edir. Baxmayaraq ki, həm də paralel olaraq Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparırlar.

Həmçinin bu rəqəmlərə əsasən, “Kəpəz”in nəticələri yaxşı mənada təəccüb doğurur: gəncəlilər hazırda turnir cədvəlində 6-cı yerdədirlər, 4-cü “Turan” və 5-ci “Zirə”dən bir matç az keçirmələrinə rəğmən, cəmi bir xal geri qalırlar. Halbuki bu komandalardan təxminən iki dəfə aşağı dəyəri olan heyətə sahibdirlər.

Amma bu cəhətdən müsbət mənada ən çox seçilən məhz “Şamaxı”dı.

APL iştirakçıları arasında ən ucuz heyətə malik olmasına baxmayaraq,

“Kəpəz”dən cəmi bir xal geri qalırlar.

Fikirlərini bizimlə bölüş!