Banka krediti üzündən özünü asan, körpünün üstündən atıb intihar edən insanların olduğu bir ölkədə "Simurq" adlı klubun dağılması faciə sayılmamalıdı. Faciə ondadı ki, biz hamımız nə olduğunu, nələr baş verdiyini bilirik. Bilə-bilə susuruq. Özümüzü elə aparırıq ki, sanki doğrudan da hər şey Az.TV-nin, ATV-nin, ANS-in, "Xəzər" TV-nin, ictimai- siyasi saytların, qəzetlərin bizə sırımağa çalışdığı kimidi: gözəl, xoşbəxt, işıqlı…
"Simurq" və ya istənilən başqa futbol klubu heç bir insan həyatından önəmli deyil. Hələ də ki, bu cür oyuncaq, gec-tez dağılacağına əmin olduğumuz klublar. "Simurq"a görə kefinizi pozmayın…
Heç "Simurq" niyə dağıldı" sualı üzərində də baş sındırmayın. Dünən "MKT-Araz", bu gün "Simurq", sabah da "Rəvan", AZAL, "Sumqayıt", başqa klublar dağılacaq. Hər dağılan kluba görə qanımızı qaraltsaq, kefimizi pozsaq, əlimizdən dəsmal, gözümüzdən yaş əskik olmasın gərək.
Amma yox, mütləq "axı "Simurq" niyə dağıldı" sualını verib, cavab axtarırsızsa…
Necə oldu ki, sizin banklara kredit borclarınız yarandı?
Necə oldu ki, siz banklara olan kredit borclarınızı ödəməkdə çətinlik çəkməyə başladız?
Necə olur ki, siz ayda 200-300 manat məvacib üçün dəridən qabıqdan-çıxırsız, nazir, məmur balaları yüz minlik avtobobillərdə gəzir?
Necə oldu ki, Xəzər dənizinin sahilləri varlılar, imkanlılar tərəfindən hasarlar arasında "həbs olunmağa" başladı?
Oxşar suallardı. Cavablarını bilirsizmi bu sualların? Bilirsizsə, "Simurq"un dağılmasına da cavab tapmaq çətin olmayacaq.
Hə, 2005-ci ildə dövlət futbola əl qoydu və Azərbaycanda bu idman növsünə pullar sel kimi axmağa başladı. Pul dövlətdən gəlirdi. Dövlətdən gələn pul azalmağa başlayınca, "Neftçi" kasıbladı, "Simurq" dağıldı, "İnter" AFFA-nın əlinə baxmağa başladı, AZAL "uşaq-muşağ"ın ümidinə qaldı. Bütün bunlar çox sadə məsələlərdi axı, dostlar. Bir klub ki, özünü dolandırmaq üçün bilet, forma satışından qazanc götürmür, hər şey neftin puluna bağlıdı, o zaman hər şey də neftin qiymətinin düşüb-qalxmasından asılıdı. Neftin qiymətinin hansı vəziyyətdə olduğunu isə hamınız bilirsiz. Sabah yenə neft qiymətə minər, onda yenə 5-10 dənə "Simurq" kimi klublar yağışdan sonrakı göbələk kimi ortaya çıxar.
Aranızda dualarla hər şeyin müstəcəb olduğuna inananlar varsa, durmasın, dua etsin ki, neftin qiyməti yenidən abıra minsin.
"Simurq"un dağılmasında böyük ölçüdə AFFA-nın, PFL-in günahı yoxdu. Axı izah etdik, bütün ölkə gözünü neft borusuna dikibsə, o borudan əvvəl sel kimi axan, indi damla-damla düşən pula görə dəyişəcək hər şey.
AFFA-nın, PFL-in günahı ondadı ki, 2005-2015-ci illərdə futbolun inkişafı üçün nəzərdə tutulan dövlət proqramı çərçivəsində ayrılan milyonlarla, milyardlarla pulu mənimsədilər, başına daş saldılar. Elxan Məmmədovun, Ramin Musayevin indi bir yox, bir neçə "Simurq"u saxlamağa imkanı var. Hansı pulların hesabına? Bu adamlar quruca məvacibə işləyir? Güldürməyin…
Azərbaycan elə bir ölkədi, Azərbaycan elə bir günə, hala salınmış ölkədi ki, burda heç bir klub özü-özünü saxlaya bilməz. Bəzən deyirlər e, "klublar Avropada uğur qazansın, yaxşı futbol göstərsin, gedib oyununa baxaq". Yalandı. Gözlərinin içinə kimi yalan deyirlər. "Qarabağ" ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etdi, əla oyunlar göstərdi. Azərbaycan Premyer Liqasında hansınız gedib daim "Qarabağ"ın oyunlarına baxırdız? Heç biriniz, heç birimiz. Normal ölkələrdə, normal çempionatlarda klublar bilet satışından, forma satışından qazanc əldə edir. Bizimki normal ölkə deyil ki…
Hə, qayıdaq yenə "rəhmətlik" "Simurq"a… Hansısa pullu kişi, məmur Zaqatala klubuna sahib çıxa bilərdi. Amma inanın ki, bu da müvəqqəti olacaqdı. Bir il, bəlkə də beş il sonra yenə eyni problem yaranacaqdı. Axı bu ölkədə məmurların, iş adamlarının özlərinin də taleyi klubların taleyinə oxşayır: sabah başlarına nə gələcəklərini bilmirlər. Ona görə də çoxu klublara bir gecəlik əyləncə, fahişə gözüylə baxır. İstədiyi həzzi alınca, "fahişə"ni də başından rədd edir.
Bir gecəlik fa…, üzr istəyirəm, klublara görə üzməyin özünüzü.




Fikirlərini bizimlə bölüş!