Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Bir intiharın tarixçəsi

Uşaq küçük kimi zingildəyir, ayaqlarını yağışdan yadigar qalan nohurun tən ortasında döyəcləyir, bununla da anasının qəlbini fəth etmək istəyirdi. Anası – yayın cırhacırında aşbazların döşlüyünə oxşar qat-qat geyindiyi paltarın ətəyini sol əliylə yuxarı çəkərək, sağ əliylə nohurun içindən uşağını dartaraq "sahil"ə çıxardır, ətrafa nəzər yetirəndən sonra başına bir-iki sillə vuraraq "daha sənlə küçəyə çıxmayacam" deyirdi. Uşaq isə inadından dönmür, zingildəyir, "mənə top al" sözlərini təkrar edirdi. "Pul yoxdu, hamısını kartof-soğana verdim" – ananın bu sözləri də kara gəlmirdi. Uşaq zingiltisinə ara verir, "hamının topu var, mənimki niyə olmasın" sualıyla ona diqqət yetirir, yenə anasından "hə" cavabı eşitmədiyindən, zingildəyərək nohura doğru qaçırdı…

Küçə boyu dükan işlədən satıcılar avtomobil qəzaya düşmüş kimi olayı seyr edirlər, misə dönmüş qızılı dişlərini bayırda qoyaraq gülürdülər. Uşaq dilini boğaza qoymadan tutuquşu kimi "topsuz evə gedən deyiləm, mən yemək istəmirəm" təkrar edir, ananı heydən salırdı. Ana günah bir iş görürmüş kimi "siz Allah bağışlayın…" sözünü bitirmədən hamıdan üzrxahlıq edir, uşağının başına sillə çəkməzdən öncə sığallayır, dilə tutmağa çalışırdı. Bu, qaçdı-tutdu uzun sürmədi. Qızılı rəngdə avtomobilindən düşən 45-50 yaş arası, yekə qarın, saçı pırpız, avropasayağı geyimli bir kişi ana-oğul deyişməsinə qulaq kəsəndən sonra dükana daxil oldu. Az keçməmiş ordan əlində topla geri qayıdaraq uşağa sarı uzatdı. Ana başını aşağı salıb, gözündən yaş gilələrini oğlunun bulanıq hala gətirdiyi nohura axıtdı. Uşaq isə təşəkkür edərək anasının yanına qaçdı, əlindən tutaraq "gedək indi" dedi.

Səhər qəzetlər dəhşətli intihar xəbərini yayımladılar. Әslində, bu ölkədə özünə qəsd edənlərin sayı çox idi. Ancaq bu xəbər güllə kimi şəhərə yayıldı. Oğluna top ala bilməyən ana uşağının hansı hoqqalar çıxardığını yoldaşına deyəndə, sonra bu topu başqa bir kişinin aldığını bildirəndə əri heç nə demədən, başını aşağı dikərək o biri otağa getdi və uşağının dünən gecə islatdığı mələfəylə özünü asdı. Atanı torpağa təkcə kəfənlə qoymadılar. Bu yayın istisində, günün altında moizə oxumağa taqəti qalmayan molla, uşağın ağlayıb-sısqamasına dözməyib "mərhumu topla birlikdə basdırın, oğlu belə istəyir" deyib, fatihə verdi.

Bu, olayın üstündən 20 il ötüb. O balaca uşaq indi bığlı-saqqallı bir kişidi. Ancaq ayağı sonuncu dəfə topa zingildəyib, özünü ora-bura çırpdığı gün dəymişdi. İndi o "bığlı uşaq" futbola nifrət edir…

Fikirlərini bizimlə bölüş!