Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox…
Rəhmətlik Nüsrət Kəsəmənlinin bu misralarını dünən axşam stadiondan evə gedərkən "26” saylı marşrut avtobusunda xatırladım. Elə bil ki, şair bizim bu günümüzü əvvəlcədən görüb. "Qarabağ”ın və onunla birlikdə azərbaycanlı futbol azarkeşlərinin Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək arzusunu, hər yayın bu çağında yaşadığımız məyusluğu öz qızıldan qiymətli misralarına düzüb.
"Zalsburq”la oyunda Bakıda nümayiş etdirdiyimiz qəhrəmanlığı dünən də təkrarlaya bilsəydik, indi tarixi ilkə şahid olmağın xoşbəxtliyini yaşayırdıq. Söhbətin rəqibin qapısına iki top vurmaqdan getdiyini anladınız. Avstriya çempionu ilə oyunda hər şey bizim üçün əla gedirdi. Hesabı Dias açmış, kefimizi kökəltmişdi. Rəqibin azlıqda qalması isə bizim üçün əla fürsət idi. 2-ci və 3-cü qolu vurmağa, sakitliklə müdafiə olunub, cavab oyunu üçün sərfəli sayılan hesablardan birini nəticəyə çevirmək üçün yetərincə zaman vardı. Amma Admir Telinin yersiz hərəkəti dünyanı başımıza yıxdı. Əvvəlcə meydanda oyunçuların sayı bərabərləşdi, daha sonra da hesab. Son dəqiqələrdə qələbə topunu vuran Reynaldo isə iki dəqiqə keçməmiş aldığı qırmızı vərəqəylə "Qarabağ”ı çətin səfər qarşılaşmasında öz köməyindən məhrum etdi.
"Zalsburq”la oyunda yaşananları bəxtsizliyin, təcrübəsizliyin, yersiz həyacanın ayağına yazdıq. Dünən biz "Seltik”lə oyundakı bacarığımızı belə sərgiləyə bilmədik. Şotlandlara qarşı Bakıda inamla müdafiə olunmuş, qapımızı toxunulmaz saxlamışdıq. "Viktoriya” qarşısında bu qəhrəmanlığı təkrarlamalıydıq. Qələbəni bayram etməyə, Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığına gəlməyə qapımızı toxunulmaz saxlamağımız yetərli idi. Amma olmadı. Pivarnikin 63-cü dəqiqədə meydana buraxdığı ucaboylu Krmençik bu arzumuzu da gözümüzdə qoydu.
"Zalsburq”, "Seltik” və "Viktoriya” ilə oyunların qısa müqayisəsi göstərir ki, hər dəfəsində 3-cü təsnifat mərhələsi səddini aşmağımız üçün nəsə çatmayıb. İki qol vurub, qələbə qazandığımız oyunda yersiz qırmızı vərəqələr, səfərdə həddən ziyadə qorxaq davranmağımız arzumuzu gözümüzdə qoyub. Növbəti mövsüm Şotlandiya çempionunun qapısına dəqiq zərbə vura bilməməyimizin cəzasını çəkmişik. Çexlərlə dueldə isə tilsimi qırmağa xeyli yaxın idik. Səfərdən sərfəli hesablı qayıtmış, evdəki oyunda hesabı açmışdıq. Bu dəfə ya 2-ci qolu vurmağı bacarmalıydıq, ya qapımızı toxunulmaz saxlamağı. Kaş ki, ikisindən birini edə bilsəydik…
… Olan olub, keçən keçib. Bundan sonra nə Qurban Qurbanovu qınamaqla, nə klub rəhbərliyini asıb-kəsməklə "Viktoriya”nı Bakıya qaytarıb, bizim mərhələni keçməyimizə kifayət edəcək hesabla qələbə qazanan deyilik. Əvvəl gündən bizimki belə gətirib. Qol vuranda qırmızı vərəqə almışıq, özümüz də top buraxmışıq. Qapımızı toxunulmaz saxlayanda da qol vurmağı bacarmamışıq. Çempionlar Liqasını nahaq yerə dünyanın ən nüfuzlu turniri deyil. Burda "biri vardı, biri yoxla” çox uzaqlara getmək olmur.
Ümid edək ki, nə vaxtsa daha kəsərli hücumçularımız, keçilməz müdafiəçilərimiz, etibarlı qapıçımız olacaq. Özü də hamısı eyni vaxtda!




Fikirlərini bizimlə bölüş!