Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Biri Yunis Hüseynova desin ki…

Qəbələdə keçirilən “Qəbələ” – “Xəzər Lənkəran” matçında (1:1) bir məqam diqqət çəkməyə bilməzdi.

Bir müddət əvvəl Lənkəran klubuna idman direktoru kimi dəvət olunan Yunis Hüseynovun oyunun gedişində canfəşanlığı o qədər böyük idi ki, hətta ekran qarşısında əyləşən izləyicilər də bunu görə bilərdi. Amma yəqin ki, ekrandan matçı izləyənlər bir şeydə çaşıb qalmışdılar: “Xəzər Lənkəran”ın baş məşqçisi kimdi – Oğuz Çətin, yoxsa Yunis Hüseynov?

Hüseynov xüsusilə də “ağ-yaşıllar” cavab qolunu vurandan sonra elə “performans” göstərdi ki, Azərbaycan futbolundan xəbəri olmayan onun baş məşqçi olduğunu düşünərdi. O, qışqırır, əliylə göstərişlər verir, qazonun kənarına kimi irəliləyirdi.

Azərbaycan futbolunda belə hallar az olmayıb. Hazırda Peşəkar Futbol Liqasının prezidenti olan Ramin Musayev də “Neftçi”də vitse-prezident işləyərkən çox vaxt baş məşqçini kölgədə qoyurdu. O, texniki zonada əyləşir, siqaret çəkir, qışqırır, əl-qol atırdı.
Yaxud birinci divizionda çıxış edən “Bakılı”nın prezidenti Misir Əbilov. Əbilov da adətən baş məşqçilərə fiqur kimi baxır, oyun vaxtı onların işini özü görür.

Lakin…

Komandanın baş məşqçisi varkən keçmiş çalışdırıcının, bügünkü idman direktorunun onun yanında dayanıb ondan daha çox, yüksəkdən qışqırması, ondan daha çox hərəkət, daha çox canfəşanlıq etməsi ən azı etik cəhətdən düz deyil. Bəlkə də Yunis Hüseynov etik normaların nə demək olduğunu bilmir. Ancaq klubda etik normaların nə olduğunu bilənlər mütləq var axı. Biri niyə izah etmir bunu Hüseynova?

Tək əldən səs çıxmaz deyib atalar. Amma “Xəzər Lənkəran”ın evini yıxsa, “cüt məşqçilik” yıxacaq. Və mütləq yixacaq.

Fikirlərini bizimlə bölüş!