"21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması növbəti oyununu keçirib. Səfərdə Avstriya yığması ilə qarşılaşan komandamız məğlub olub – 0:7” – AFFA-nın rəsmi saytı Avstriya ilə oyundakı rəzaləti azarkeşlərə bu şəkildə çatdırıb. Elə düz də edibər. Hesabın dil açıb danışdığı oyun haqqında başqa nə demək mümkündü ki?
Xoşbəxtlikdən, ya da bədbəxtlikdən hər kəsin nəzərləri əsas millinin bu gün İtaliya ilə keçirəcəyi oyuna yönəlib. Gənclərin faciəsinə diqqət yetirən, baş verənlərin ciddiyyətini qəbul edən yoxdu. Vəlvələdən, ya zəlzələdən bu gün Prosineçkinin komandası italyanlardan bir xal ala bilsə, Avstriyadakı hesabı heç xatırlayan da olmayacaq. Ta o vaxta kimi ki, yenə də oxşar rəzalətə şahidlik edəcəyik, ürəyimiz sızıldayacaq, qürurumuz sınacaq, utandığımızdan gözlərimizi məchul nöqtəyə yönəldib, susacağıq…
Avstriyadakı oyunun iştirakçıları Azərbaycan futbolunun gələcəyidi. Onlar artıq öz qruplarında liderliyi ələ alıblar. Təəccüblənməyin. Qələbələrə, qazanılan xallara görə demirəm. Buraxılan qolların sayına görə Azərbaycan millisi 7-ci qrupun lideridi. Avstriyalıların vurduğu 7 qoldan sonra millimizin buraxdığı qolların sayı 12 oldu. Fəxr elə oğullarına, Azərbaycan. "Neftçi”nin Müşahidə Şurasının sədri, çox hörmətli xalq yazıçısı Çingiz Abullayev də fəxr etməyindən qalmasın. Axı, hər müsahibəsində sevinə-sevinə rəhbərlik etdiyi komandadan milliyə çağırılan futbolçuların sayını vurğulayır. Mən də təkrarlayım, yadımızdan çıxmasın: Rahil Məmmədov, Məqsəd İsayev, Elvin Bədəlov, Fəhmin Muradbəyli. Sözsüz ki, acı məğlubiyyətin günahkarları təkcə bu futbolçular deyil. Keçmişə boylananda tariximizdə o qədər böyük hesablı yenilgilər var ki. Fransızlar Oserdə qapımıza 10 qol vuranda bu uşaqlar heç dünyaya göz açmamışdılar. Deməli, problem futbolçularda yox, bu idman növünə yanaşma tərzimizdədir.
İndi etiraf etməyə utanıram ki, uzun illər Frans Bekkenbauerə görə almanlara nifrət etmişəm. Adamın tək günahı 1998-ci ildə keçiriləcək dünya çempionatının püşkatması öncəsi milli komandaların gücünə görə qruplaşdırılmasını, "zəiflər”in əvvəlcə öz aralarında seçmə turlar keçirməsini və həmin mərhələdə fərqlənənlərin "top-komanda”larla qarşılaşmaq şansı qazanmasını təklif etməsiydi. Bu təkflifi səsləndirərklən almaniyalı mütəxəssis "cırtdan” ölkələrlə yanaşı Azərbaycanın da adını xatırlamışdı və bu mənim yeniyetmə beynimə qan vurmasına səbəb olmuşdu. Sonralar oxşar təklifi Joze Mourinyo da səsləndirdi. Onun da fikri beləydi ki, Almaniya, İspaniya, İngiltərə kimi komandaların Malta, San-Marino, Azərbaycan yığmalarıyla qarşılaşmaq üçün səfərə çıxması artıq əziyyətdən və vaxt itkisindən başqa bir şey deyil. Həmin vaxtlar belə təkliflər məni qəzəbləndirirdi. Amma zaman kişilərin haqlı olduğunu isbatlayr. Bekkenbauerin həmin sözünün üzərindən 20 ilə yaxın müddət keçib. Biz isə futbolumuzu bir buğda boyu belə inkişaf etdirə bilməmişik.
21 yaşadək futbolçulardan ibarət milli komandamızın 7-ci qrupdakı nəticələri gələcəyimizin xeyli dumanlı olduğunu, yaxın illər ərzində adımızı "cırtdanların” sırasından çıxara bilməyəcəyimizi düşünməyə ciddi əsaslar verir. Gələn vurur-gedən vurur. Farer adalarından başqa qarşılaşdığımız bütün rəqiblərə quru hesabla məğlub olmuşuq. Yeganə qolu Farerlə oyunun son dəqiqələrində onların qapısından keçirmişik, elə həmin oyunda sevindiyimiz qələbə və qazandığımız xal da yeganədi. Nə deyək, Yaşar müəllim? Özümüzü dağa-daşa vurmayaq, farerlilərin Bakıya gəlməsini gözləyək.




Fikirlərini bizimlə bölüş!