Dünən İTV-nin “Sabaha saxlamayaq” verilişində futbolumuzun bu günkü durumu müzakirə olundu. Sözün doğrusu, verilişin sonunda özümü aldadılmış kimi hiss etdim. Hamı yaxşı danışdı, amma nəticədə nə qənaətə gəlindi anlamadım. Bir də dejavü yaşadım. Yəni, müzakirələrdə gedən mövzuları (uşaq futboluna diqqəti artırmaq lazımdır, yerli futbolçulara üstünlük vermək lazımdır, futbolumuza diqqət və qayğı və s.) dinlədikcə xəyalən 1985-ci ilə, sonra 2000-ci illərə, sonra, 2015-ci ilə səyahət etdim. Sizi inandırıram ki, hətta 1970-ci illərdə də eyni mövzular gündəmdə idi.
Daha sonra Vaqif Sadıqov ingilis məşqçi Bobbi Robsondan misal gətirdi ki, futbolun inkişafı üçün beş şərt lazımdır. Belə başa düşdüm ki, bizdə hamısı var, amma keyfiyyətli futbolçu yoxdur. Bütün şərtlər ola-ola keyfiyyətli futbolçu niyə yoxdur, onu izah edən olmadı. Hətta Sadıqov biz yenidən Rəşad Sadıxovlar, Mahir Şükürovlar yetişdirməliyik deyəndə bir an duruxdum, bu nəslin uğurları barədə düşündüm, amma yadıma bir şey düşmədi. Bayramdan-bayrama bir rəqibi udmağı Farer adaları da bacarıb, Lixtenşteyn də. Hər halda bunu uğur saymaz yəqin ki.
Futbolu sevən və səkkiz yaşından yaxından izləyən biri kimi mən də daim oturub düşünmüşəm və bu oyundan sonra da düşündüm. Yaxşı, niyə bizim milli komanda uğurlu ola bilmir, niyə Avropanın ortabab klublarında oynaya biləcək futbolçu yetişdirə bilmirik? Klubların uğuru olub, bunu danmaq olmaz. “Neftçi”, “Qəbələ” və “Qarabağ” Avropa kuboklarında uğurlu çıxışları olub. Amma bu inkişaf deyil. Klub səviyyəsində uğur qazanmağın resepti asandır. 4-5 legionerlə qrup mərhələsinə düşmək bu gün mövcud olan formatla çətin deyil. Məsələ ondadır ki, milli uğurumuz yoxdur. Mahir Əmrəli Avropaya gedib, adam izlədikcə elə təəssürat yaranır ki, canı ilə əlləşir, adamın ürəyi ağrıyır, istəyirsən deyəsən, “çıx gəl, “Sabah”la, “Səbail”lə 300 minlik müqavilə imzala oyna, özünə niyə o zülmü edirsən”. Sonra da baxırsan gürcülərə, ermənilərə…
Verilişdə kimsə dedi ki, Azərbaycan futbol ölkəsidir, xalq futbolu sevir. Sonra kimsə futbolun uğurundan danışmaq istəyərkən gedib çıxdı 1966-cı ilə. Yarım əsr geriyə. Yəni, bu qədər neft-qaz, bu qədər zaman , vəsaitin fonunda futbolumuzun tək uğuru yarım əsr əvvəl, özü də üçüncü yer olub. Niyə? Zənnimcə, dünənki müzakirələr də bunun səbəbini açıq göstərdi, amma heç kəs demədi. Gəlin səbəbini söyləməzdən əvvəl “Neftçi-1966”nın heyətinə baxaq: Kramarenko, Bruxti, Semiqlazov, Boqdanov, Trofimov, Qryazyev, Tuayev, Markarov, Melkumov, Banişevski, Valeri Haciyev və bir də nisbətən az oyun oynamış Adil və Yaşar Babayev qardaşları.
Problemlərin diaqnozu budur: biz futbol ölkəsi deyilik, futbol oynaya bilmirik. Uşaq ikən, həvəskar kimi oynayırıq, arada lipaları soxuşdurub yüngülvarı nəticə də qazanırıq, amma böyüyəndə oluruq ortababdan da aşağı. Heç zaman da Azərbaycanda fərli futbol olmayıb. İndi “Neftçi”nin bir qotur bürüncünə baxın, sonra qonşularımıza baxın. Dinamo Tbilisi SSRİ çempionatlarında 20 medal alıb, iki dəfə çempion olub, iki dəfə kubokun sahibi, bir dəfə də Avropa Kuboklar Kubokunu qazanıb. Gürcü futbolçular SSRİ yığmasında lider mövqelərdə olublar. Ararat bir dəfə SSRİ çempionu olub, iki dəfə SSRİ Kubokunu qazanıb, UEFA Çempionlar Kubokunda ¼ finala qədər irəliləyib. Özünüz müqayisə edin, bizim bir qotur bürünc uğurdurmu? Bu iki qonşunun fonunda “Neftçi” nə edib? Bürüncdən sonra heç nə. Hətta 1973-1976-cı ildə birinci dəstədə oynayıb. Yüksək liqaya çıxandan sonra ömür boyu aşağı pillələrdə sürünüb, üz qarası olub. Bir dənə 1987-ci ildə 9-cu yeri tutub, onda da illər sonra keçmiş DTX sədri Vaqif Hüseynov öz kitabında etiraf etdi ki, Bakı Şəhər Komitəsinin Birinci Katibi, sonralar AFFA yaradacaq Fuad Musayev “sexovşikləri” yığıb, deyib ki, sizə şərait yaradırıq qara pullar qazanırsınız, heç olmasa oradan pul ayırın “Neftçi”yə. Beləcə, oyunları almaqla birtəhər 9-a qalxıblar. Bir də 1981-ci ildə 10-cu yer. Qalan vaxtlarda 13-16-cı yerlərdə olub. Gülünc, lətifə və lağlağı obyekti olub. Hətta, o dərəcədə ki, film və tamaşalarda da yada salınıb. 1988-ci ildə isə yenidən aşağı liqaya düşüb. Sovet dövrünün futbolçuları hətta bütün bunların fonunda da elə yekə-yekə danışırlar ki?! Biz futbol oynaya bilmirik, heç zaman da fərli oynamamışıq, futbol ölkəsi deyilik və bunu etiraf etməkdə bir qəbahət yoxdur. Necə Cavadovlar, Hüseynovlar gedib “Dinamo”dan, “Çernamorets”dən geri qayıdırdılarsa, eləcə də indi bizimkilər “Legiya”da yararsız çıxır. Heç nə dəyişməyib. Çünki, özümüz dəyişməmişik. Elə həmin azərbaycanlıyıq. Biz özümüz nə zaman dəyişdik ki, futbolumuz da dəyişə.
Futbol oynaya bilməməyə görə çox da üzülmək lazım deyil. Məcbur deyil ki?! Lixtenşteyn futbol ölkəsi deyil. Nə olsun, güclü iqtisadiyyatı var, əhalisinin rifahı yaxşıdır.




Fikirlərini bizimlə bölüş!