“Xəzər Lənkəran”la “Neftçi” arasında keçirilən qarşılaşmalara “Böyük oyun” kimi baxmaq istəməyənlər, ölkə futboluna rəng qatan bu matçları hər fürsətdəcə aşağılamağa çalışanlar, necəsiniz? Bəlkə “Neftçi”- “Rəvan”, “İnter”-“AZAL” oyunları “Böyük oyun” kimi gərgin keçir xəbərimiz yoxdu? Minlərlə azarkeşə qarışıb həmin oyunları izləməyə gələ bilməmişiksə, lütfən bizi əfv edin. Növbəti “Böyük oyun”dan- “Neftçi” ilə “Xəzər Lənkəran” matçından sonra səhvimizi düzəldərik.
Premyerliqamızdakı görüşləri bomboş tribunlar önündə keçirib əzəli rəqiblərin “Böyük oyun”una dodaq büzənlərin fikrinə məhəl qoymamaq da olar. Şəxsən mənim vecimə də deyil. Xəlil Rza Ulutürk demişkən,
… mənə vız gəliyor,
vız…
Mən bizim “Xəzər”lə “Neftçi” arasında matçlara “Böyük oyun” kimi baxan minlərlə azarkeşdən biriyəm. Ona görə də bazar günü “Bakcell Arena”da keçiriləcək oyundan öncə düşüncələrimi bölüşmək istədim.
FİFA bizə məlum və bir az da məlum olmayan səbəblərdən “Xəzər Lənkəran”ı cəzalandırıb, mövsümə daha iddialı başlamaq istəyən “ağ-yaşıllar” yenə yerli futbolçuların, Lənkəranın yetirdiyi gənclərin ümidinə qalıb. Ötən mövsüm bu məsuliyyəti çiyinlərində gəzdirən gənclərimiz yenidən əzəli rəqiblə “Böyük oyun”a çıxmaq fürsəti qazanıblar. Adlarından söz etdirmək üçün əllərinə yaxşı bir imkan düşüb. Bu yazımı həmin qəhrəmanlara- 11 ümidə xitabən yazıram. Özü də jurnalist kimi deyil, bir qardaş ərki ilə…
Orxan Sadıqlı- Qapıçını komandanın yarısı sayanlar haqlıdı. Qarşıdakı “Böyük oyun”un taleyi xeyli dərəcədə sənin inamlı çıxışından asılı olacaq. Bir çox oyunlarda gözəl qurtarışların “Xəzər Lənkəran”ı uğurlara daşıyıb. Sən zəhmətsevərliyin, özünəinamın hesabına daha böyük klubların heyətinə düşə bilərsən. Yetər ki, sən özün buna inanasan və çalışmaqdan yorulmayasan.
“Böyük oyun” bitincə sənə ünvanlanacaq alqışları eşidirsənmi, Orxan?
Tural Cəlilov- Yavaş-yavaş “Xəzər Lənkəran”ın veteranlarından birinə çevrilməyə başlayırsan. Klubda bu qədər duruş gətirmək hər oğulun işi deyil. Bu illər ərzində rəqib komandaların heyətində top qovan bir çox tanınmış futbolçuya yerini göstərimisən. Bəzi epizodlarda bir qədər də qətiyyətli ola bilsən, mübarizə apardığın cinahda “Xəzər Lənkəran”a daha çox xeyir verə bilərsən. Tural, bu oyun sənin üçün əla məqam ola bilər.
Rasim Ramaldanov- Əldə etdiklərin fədakarlığın hesabınadı. Bu xüsusiyyətini bazar günü prinsipial matçdan əsirgəmə. Naxçıvandakı oyun yadındamı, Rasim? Başınla əzəli rəqibin əlindən Superkuboku alıb Lənkərana gətirdin. Ürəyimə damıb ki, növbəti uğurda sənin öz payın olacaq. Ürəyimi yalançı çıxarma!
İlyas Səfərzadə- “Xəzər Lənkəran”ın və yaşıdların arasında milinin formasını geyinməyinlə artıq çoxlarına tutarlı cavab vermisən. İlyas, sən təkcə Lənkəranın deyil, Azərbaycanın fəxr edə biləcəyi futbolçusan. Aqillərdən birik deyib ki, natiqlər yetişir, şairlər isə doğulur.
Sən də futbolçu kimi doğulan xoşbəxtlərdənsən. Hələ çox derbilərə damğanı vuracaqsan. Tanrı səni qorusun!
Adrian Skarlatake- Rednikin “Xəzər Lənkəran”dakı sonuncu nişanəsi. Sən hər dəfə meydana çıxanda rəqiblərdən başqa hamı rahat olur. Bu kluba könül verən insanların qəlbində sənin ayrıca yerin var. Skarla, sənin boyun hamıdan uzundu, bazar günü oynanılacaq derbidəki qələbəni görürsənmi?
Elşən Rzazadə- Lənkəranlı fanatlar yaxşı futbolçunu 100 kilometr uzaqdan tanıyır. Sən əsas heyətə düşən kimi tanınmağı bacardın. Qarşıdakı derbidə təkcə özün, formasını haqq etdiyin klub üçün deyil, doğma Lənkəran üçün döyüşəcəyinə elə arxayınam ki… Tilsimli dağın sirrini tapan, Göygöz Kosanı ram edən Elşənin adaşı üçün rəqib komandanı məğlub etmək nə çətin işdir axı…
Kamran Abdullazadə- Bu derbinin sənin üçün necə bir önəm daşıdığını sən də, elə bütün azarkeşlər də yaxşı bilir. Kamran, futbolçu kimi potensialının qədrini bil, sən bu kluba, bütün ölkə futboluna lazımlı bir oyunçusan. Sən də “Neftçi” ilə oyunda ürəklə oynamasan bəs kim oynayacaq?
Elvin Mirzəyev- Əsas heyətdə meydana çıxdığın hər oyunda sübut etdin ki, Lənkəran elə-belə futbolçu yetişdirmir. Daha böyük klubların heyətinə düşməyə layiqsən, çünki təkcə ayağın deyil, başın da yaxşı işləyir. Gələcəkdə qazanacağın hər uğur ana südü kimi halalın olsun. Təkcə doğma atan deyil, elə hamımız səninlə fəxr edirik, Elvin.
Rahid Əmirquliyev- Türklər demiş, böyük kaptan! Sənin bizim klub-yəni öz doğma “Xəzər Lənkəran”ın üçün etdiklərinin əvəzini heç nə ilə ödəmək olmaz. Rahid, sənin klubun tarixində, azarkeşlərin ürəyinin ən gözəl guşəsində yerin var. Necə deyərlər, sən qardaşsan, qardaş! Qarşıdakı “Böyük oyun”da yüksək insani keyfiyyətləri olan sənin kimi futbolçudan çox şey asılıdı. Komandadakı gəncləri başına yığ və əzəli rəqibə elə dərs ver ki, səsi- sorağı Qusarda da eşidilsin.
Orxan Əliyev- Sənin kimi əzmkar futbolçu hər zaman yetişmir, Orxan. Bu əzmkarlığın hesabına bir qədər də topla davrana bilsən, rəqib komandalar sənə həsəd aparacaq, “Fırtınalar meydanı” hər dəfə səni ayaq üstə alqışlayacaq. Yazdıqlarıma inanmırsansa, “Bakcell Arena”da nəyə qadir olduğunu göstər, gerisi ilə işin olmasın…
Elnur Cəfərov- Yaşın azdı, bəlkə də yadına gəlməz, mənim “Xəzər Lənkəran” klubunun rəhbərliyini tənqid etdiyim yazıları yan-yana düzən olsa, Qalayçılar məhəlləsindən “Su-8”ə dəmir yol xəti çəkmək olar.
Amma Azərbaycana sənin kimi istedadlı futbolçu qazandırdığı üçün bu klubun sahiblərinə ancaq və ancaq alqış düşür. Qəti narahat olma, sənin özün üçün də alqış gələcək. Əzəli rəqibə onun öz meydanında qol vurandan sonra kim səni alqışlamaz ki?
Elnur, arxayınlaşmasan, sən yaxın gələcəyin parlayan bir ulduzu olacaqsan, Lənkəranlı ulduzu!
Növbəti “Böyük oyun”dan öncə azarkeşlik etdiyim klubun oyunçularına düşüncələrimi çatdırdım. İnanıram ki, bu matçın elə gerçək qəhrəmanları da Yunis Hüseynovun meydana buraxdığı gənclər olacaq.
Dualarımız sizin üçün!




Fikirlərini bizimlə bölüş!