Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Bu azarkeşin Reynaldodan sadiqlik tələb etmək haqqı yoxdu!

"Qarabağ" "Simurq" önünə çıxanda parlaq Avroliqa oyunundan düz 71 saat ötürdü. Jurnalistlər üçün nəzərdə tutulan lojada yerimi rahatlayan kimi üzbəüz tribunalara baxdım. Bir ovuc adam var idi. Cəmi üç gün öncə Fransanın ən güclü komandalarından biri ilə oyunda şou göstərən "Qarabağ" məhz 200 azarkeşin ümidinə qalmışdı. Üstəlik, oyunu hansısa telekanal göstərmirdi və adamların evdə baxmağa üstünlük verməsindən söhbət gedə bilməzdi…

Düzdü, indi kimsə deyə bilər ki, azarkeşlər eyni saatda başlayan MS – "Çelsi" oyununa baxırdı, ölkə çempionatının oyunları baxımlı deyil, stadion yerləşən ərazini güclü külək tutur və s. və i.a. Bütün bu fikir və mülahizələr şəxsən mənə nağıl kimi görünür. Sadəcə, biz növbəti dəfə azərbaycanlıların ifasında yalançı uravətənpərvərliyin, öz taleyinə, dəyərlərinə laqeydliyin parlaq nümunəsi və görüntüləri ilə üz-üzəyik. Bəzən həyatda elə məqamlar olur ki, söz, təhlil, düşüncə sərhədlərinə sığmır. "Qarabağ"ın üzləşdiyi azarkeş biganəliyi də məhz belə məqamlardan biridi.

Bəlkə də iki il əvvəl, yəni "Neftçi" Avroliqanın qrupunda mübarizə aparanda hansısa həmvətənimiz meydanda sərgilənən oyunun keyfiyyətini əsas gətirə, bəhanələrin arxasında gizlənə bilərdi. Amma bugünkü "Qarabağ" məhz futbol estetlərinin zövqünü oxşayan oyun sərgiləyir. Mənim də yaşım az deyil, dünya ulduzlarının ifasında ən mürəkkəb və cəlbedici fəndlərin necə ustalıqla yerinə yetirildiyini görmüşəm, bununla belə, düşünürəm ki, təkcə elə Reynaldonun sözün bütün mənalarındakı oyunbazlıqlarına görə stadiona getməyə dəyər. Adam meydanda şou göstərir, ürəklə, sevgi ilə oynayır, bacardığını ortaya qoymağa çalışır, topu hisslərinin ifadə vasitəsinə çevirir! Amma nə olsun? Amma kimin üçün? 200 "İmarət"çi üçün?

Yeni Əkrəm Əylisli olmaq fikrim yoxdu və şöhrətin zirvəsinə öz millətini yamanlamaqla çıxmaq mənlik deyil. Amma ədalət naminə deyim ki, "Sent-Etyen"lə oyundakı bayraq aksiyasın-dan da uravətənpərvərlik yağırdı. Bayraq tribunaları gəzən kimi yığışdırılmalıydı. Belədə nə cırılacaqdı, nə də oyuna baxmaq istəyən azarkeşlərin narazılıq sədaları ucalacaqdı. Biz bəzən hər şeyin dozasını o qədər artıq edirik ki, fransız jurnalist belə dilə gəlib, adama "niyə klub yox, ölkə bayrağı" sualını ünvanlayır. Və ya məsələni belə qoyaq: özümüzü Avropaya göstərmirdiksə, 31200 adamı tribunalara istisnasız "Qarabağ" sevgisi gətirmişdisə, onda srağagün axşam – "Simurq" ilə oyuna da həmin auditoriyanın heç olmasa, yüzdəbiri, yəni 312 azarkeş gəlməliydi? Gəldimi?

Saat uyğun, hava uyğun, yer uyğun, oyun səviyyəsi uyğun, bilet bir çaynik çayın qiymətinə – azərbaycanlı azarkeşlərin stadiona gəlişi üçün daha hansı şərtlər üst-üstə düşməlidi? Yox-yox, bir məqamı unutdum. Bəlkə stadionun önündən metronun "Gənclik" stansiyasının çıxışlarına qədər xalı-xalça da sərmək lazımdı ki, adamlarımızın ayağı asfalta dəyməsin?!

Zarafat bir yana, amma 4 milyonluq şəhərdə stadiona gəlməyə 400 adam tapılmırsa, biganəli-yin köklərini artıq meydandakı oyunda yox, başqa yerlərdə axtarmaq lazımdı. Bir daha deyirəm, söhbət oyunu və nəticələri ilə hər kəsi bezdirən yığmadan yox, məzmunlu oyun göstərən, hər il avrokuboklarda mərhələlər adlayan "Qarabağ"dan gedir. Kim nə deyir-desin, kim hansı bəhanənin arxasında gizlənir-gizlənsin, bu komanda heç bir halda belə münasibətə layiq deyil. Bu azarkeşin meydanda şou göstərən Reynaldodan sadiqlik tələb etmək haqqı yoxdu və günlərin birində onu qitənin aparıcı klublarından birinin heyətində görsəm, şəxsən mən təəccüblənmərəm. Düşünməyə, bəlkə də ağlamağa dəyər, dostlar…

Fikirlərini bizimlə bölüş!