Bu da sizə Prosineçki. Özü də Robert. Özü də xorvat. Özü də “Barselona” və “Real”da oynamış futbolçu. İspaniyada ona “satqın” deyirlər. Biz isə qəhrəman kimi qəbul etmişdik. Berti Foqtsdan gördüyümüzü görmüşdük axı. Deyirdik ki, bu “nemes” kimi olmaz. Bakıya təzə gələndə, üzündə təbəssüm hamıya salam verirdi, hər jurnalistin suallarını məmnuniyyətlə cavablandırırdı.
Deyirdik əsl mütəxəssis, işinin peşəkarı gəlib. Deyirdik ki, bu adam tapşırıqla iş görməz, baş katibin marionetkası olmağı özünə sığışdırmaz. Deyirdik ki, Prosineçki baxacaq, görəcək, kimin-kim olduğunu biləcək. Millinin heyətinə ancaq oyununu bəyəndiyi, formada olan, dəvəti haqq edən futbolçuları çağıracaq.
Deyirdik ki…
Robert Prosineçki fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına dəvət etdiyi futbolçuların siyahısını açıqlayıb.
Siyahı göz oxşayır ey… İspanlar olsaydı qətiyyən təəcüblənməzdilər, “satqın”ın siyahısı elə belə olar deyərdilər. Biz isə onu qəhrəman bilirdik axı… Bu “qəhrəman” klubsuz olan Anton Krivotçukun oyununu harda gördü, onu nə vaxt bəyəndi? Bilirəm, hamınız deyəcəksiz ki, Anton hardan çıxdı? Onu nə vaxt milliləşdirdilər? Krivotçukun Azərbaycana nə dəxli var? İcazə verin, əvvəlcə bu suala cavab verim, ürəyiniz sakitləşsin, sonra söhbətimizə davam edərik. Krivotçukun futbola dəxli olmasa da, Azərbaycana dəxli var. Onun babası Cəlilabad rayonunun Prişib (indiki Göytəpə) qəsəbəsində yaşayıb. Nənəsi AFFA-nın baş katibi Elxan Məmmədovun atası, xalq rəssamı Salxab Məmmədovun bəzi əsərləri üçün poz verib. Mavi gözləri, sarışın saçları, ağappaq mirvari kimi dişlərilə. Antonu da elə Elxan Məmmədov tapıb. Ukraynada. Xoşqədəm Hidayətqızı bunu bilsə, baş katibi “cıracaq”. Adam rəsmən adamın bazarına girib.
Hə, necədi? Ürəyiniz sakitləşdi? İndi Antonu da, onun cəlilabadlı baba-nənəsini də buraxaq bir tərəfə. Deyin görək, bu Robert “Sumqayıt”lı Orxan Əliyevi hansı keyfiyyətinə görə bəyəndi? “Bakı” ilə oyunda yaşanan hadisənin “iyi” hələ AFFA-dan getməyib axı. “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Orxanı ehtiyatda saxlayıbmış. Qarşılaşmadan əvvəl ona zəng gəlib: “Prosineçki oyuna gələcək, Orxanı meydana burax”.
Qoçağım Aqil də əmrə müntəzirmiş. Dərhal Təvəkkül Məmmədovu start heyətindən çıxarıb, Orxan Əliyevi dürtüb ora. Bu münasibəti ləyaqətinə sığışdırmayan Təvəkkül də səssiz-səmirsiz “Sumqayıt”ın düşərgəsini tərk edib. Aqil Məmmədov isə hələ də ordadı. Orxan Əliyev də Prosineçkinin açıqladığı siyahıda.
Vəssalam, şüt də tamam. Robert “Neftçi”nin futbolçusu Ruslan Qurbanovu Xorvatiyanın “Hayduk” klubuna düzəldir. Elə Berti Foqts da menecerliklə məşğul olurdu burda. Deyirəm axı, bura vicdanlı mütəxəssis gəlməz. Vicdanlı mütəxəssis zatən belə şəraitdə, belə adamlarla işləyə bilməz.




Fikirlərini bizimlə bölüş!