Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Tirə zərbə, yoxsa bizə?!

Biz deyirdik ki, belə olmaz. Gec-tez Avropada və dünyada bizə güləcəklər, zəhmətlə, böyük pullar qarşılığında qazandığımız nüfuzumuzu itirəcəyik. İnanmırdılar. Gözlədiyimiz kimi də oldu. Birvaxtlar millimizin FİFA reytinqində “sürətli sıçrayış”a nail olduğunu, ölkə çempionatının ildən-ilə ən güclü futbol liqaları sırasında irəlilədiyini əllərində bayraq etmişdilər. Uca səslə çaldığımız həyacan siqnalına qulaq vermirdilər. Amma taleyin acı silləsini gec-tez dadacağımız şübhəsiz idi. Elə də oldu. Milli komandamız adı dünya xəritəsində olmayan ölkələrin arasında itib-batıb, ikinci yüzlüyün daimi sakininə çevrilib. Ətəyinə milyonlarla avro doldurduğumuz Robert Prosineçki də Berti Foqts kimi davranır, hər fürsətdəcə AFFA-nın bostanına daş atır, Azərbaycan futbolunu aşağılayır. Bizə hələ də dərs olmayıb. Səkkiz komandanın mübarizə apardığı premyer-liqanı da çox tərifləyirdik. Tərif deyənlərin gözləri aydın olsun. Çempionatımız 17 pillə geriləyib, 50-ci yerə qədər sürüşüb.
Hələ sağ olsun “Qarabağ”. Onlarla “Qəbələ”nin sayəsində hələ də adımızı çəkirlər. Əvvəllər ayağını Azərbaycandan kənara qoyanda futboldan söhbət düşən kimi “Neftçi”ni soruşurdular. İndi isə estafet bu iki komandadı. Allah qorusun, onlara bir şey olmasın. AFFA-nın uğursuz siyasəti, qohumbazlıq, şəxsi mənfəət güdmə, ifrat “milliləşdirmə” bizi çoxdan uçurumun kənarına gətirib. Güman edirəm ki, UEFA-da oturanlar futbolumuzda başverənlərin incəliklərindən xəbərsizdilər. Onlar bilsələr ki, elitada mübarizə aparan klublardan beşini, aşağı divizion təmsilçilərinin az qala hamısını eyni sponsor, yəni AFFA-nın özü maliyyələşdirir, onda bizim çempionatların legitimliyini qəbul etməz, nəticələri şübhə altına alarlar. Hər ilin sonunda mikrofonlar önünə keçən, Azərbaycan futbolunun inkişaf etdiyini deyən baş katib Elxan Məmmədov dua etsin ki, AFFA-nın bu böyük ayıbından UEFA-da xəbər tutmasınlar.
Premyer-liqada rəqabətin aşağı olmasının, cəmi səkkiz komandanın bu yarışa qatılmasının, onlardan da cəmi üçünün az-çox səviyyəsini qorumasının ilk fəsadı 50-ci pilləyə yuvarlanmağımızdı. Bu tendensiya hələ çox davam edəcək və bir müddət sonra adımızı, ümumiyyətlə, belə reytinq siyahılarından çıxaracaqlar. Kimə lazımdı belə çempionat? Barmaqlarımız yazmaqdan, dilimiz deməkdən qabar olub. Futbol Bakıdan kənara çıxmalı, bölgə təmsilçiləri mütləq premyer-liqada iştirak etməli, AFFA-nın fəaliyyət coğrafiyası genişlənməlidi. Dekabrın 20-də keçirilən İcraiyyə Komitəsinin iclasından sonra cənab Rövnəq Abdullayev bu mövzuda sualın cavabında “kommunizm düşüncələrindən çıxmaq lazımdı, bölgələrdə sponsor yoxdusa, Bayılda komanda olmamalıdımı” tipli cavab vermişdi. İlk dəfə bu cavabı eşidəndə AFFA prezidentinin jurnalistlərlə zarafat etdiyini düşünmüşdüm. Axı, cənab Abdullayev də, biz də yaxşı bilirik ki, Bayılda yaratdıqları komandanın sponsoru onun elə özüdü. Bölgələrdə futbolun olmasını əvvəlcə AFFA prezidentinin özü istəməlidi və sponsorluq imkanlarından bölgələrdə klub saxlamaqla yararlanmalıdı. Bayılda isə uşaq komandası yaratmaq, azyaşlıların futbola cəlb olunması üçün internat tipli məktəb saxlamaq daha yaxşı variant olardı.
Digər tərəfdən də həmin sponsoru tapmaq, iş adamlarını futbola cəlb etmək elə Rövnəq müəllimin rəhbəri olduğu AFFA-nın vəzifəsi deyilmi? AFFA-nın fəaliyyət prinsiplərinin əsası elə Azərbaycanda futbol siyasətini təşkil etmək, futbolun inkişafına çalışmaqdı. Qurumun Əsasnaməsində də bütün bu incəliklər bilavasitə AFFA-nın qarşısında vəzifə kimi qoyulub. Əksini düşünənlər asanlıqla həmin sənədləri tapıb, dediklərimin həqiqət olduğundan əmin ola bilərlər. AFFA-nın işi təkcə çempionatlar təşkil etmək, milli komandanı saxlamaq və İcraiyyə Komitəsinin iclaslarını keçirmək deyil. Azərbaycanda futbolun coğrafiyası ildən ilə paytaxta doğru təmərküzləşirsə, Bakıda artan komandaların əvəzinə bölgə təmsilçiləri bir-bir tarixin yaddaşına qovuşursa, AFFA-nın hansı uğurlu fəaliyyətindən danışmaq olar?!
AFFA tərəfindən keçirilən və texniki məğlubiyyətlərin sıralandığı aşağı yaş qrupları üzrə komandaların çempionatına ölkənin iki böyük şirkəti və bir otel cəlb olunubsa, deməli, qurumun menecerləri istəyəndə sponsor tapa bilirlər. Sadəcə, bunun üçün öz şəxsi maraqları olmalıdı. Bölgə komandalarına sponsorların gəlməsi, kənardan iş adamlarının futbol ailəsinə daxil olması indiki məqamda kimlərəsə sərf etmir. Birvaxtlar AFFA tərəfindən “Top çiləmə festivalları”nın keçirilməsi dəb düşmüşdü. Baş katib Elxan Məmmədov uğurlu layihələrdən danışanda hər dəfə bu festivalları xatırlayır, özü də Bakıda və Sumqayıtda təşkil olunan bu tip tədbirlərdə yuxarı başda olurdu. O festivallardan kim çıxdı, Azərbaycan futboluna kimi qazandırdılar? Bəli, heç kimi. Bu tip şoular qurumun büdcəsindən müəyyən vəsaitin silinməsinə, ucuz təbliğatın aparılmasına, futbolun inkişafı tədbirlərinin imitasiyasına xidmət edirdi. Son vaxtlar AFFA-nın rəsmi səhifəsində bu cür şouların davamını xatırladan daha bir rubrika rastıma çıxır. Futbolçuları boş qapının önünə yığırlar və onların neçə dəfə tiri dəqiq nişan ala biləcəyini sayırlar. Adını da qoyublar “Tirə zərbə”. Maraqlıdı ki, bu rubrikaya dərhal maliyyə dəstəyi ayıran şirkət də tapılıb. AFFA-nın apardığı siyasətin də mahiyyəti budu. Topu çilə, sonra onu tirə vur, desinlər ki, futbolumuz inkişaf edir, AFFA da bu inkişaf üçün gecə-gündüz çalışır. Onların topları tirə dəyir, zərbə isə futbolumuza.

Fikirlərini bizimlə bölüş!