"Prosineçki ilə iki dəfə görüşmüşdük. Sonuncu dəfə Moldova ilə matça çağrılanda söhbətimiz oldu. Qərara gəldik ki, millidəki karyeraımı davam etdirim. Mən də öz növbəmdə milliyə layiq olmaq üçün əlimdən gələni edəcəm. Belə olmasa, oynamaram” – Rəşad Sadıqov jurnalistlərlə son söhbətində belə deyib. Onun bu qərarı verənə qədər uzun müddət düşündüyünə şübhə etmirəm.
Mənim həm də ona şübhəm yoxdu ki, bundan əvvəlki qərarını verərkən də Rəşad hər şeyi ətraflı götür-qoy etmiş, həm öz karyerası, həm də Azərbaycan millisi üçün doğru olan variantı seçməyə çalışmışdı. Rəşadın xarakteri onu az-çox tanıyanlara, Azərbaycan futbolu ilə maraqlananlara bəllidir. Kifayət qədər səbrli, hər adımmının və sözünün yerini bilən nadir futbolçularımızdandır. Yaşının üstünə yaş gəlib, təcrübəsi də xeyli artıb. Hələ gənc yaşlarından sahib olduğu keyfiyyətlərini daha da təkmilləşdirməyi, liderlik qabiliyyətini yüksəltməyi bacarıb. Pis-yaxşı legioner karyerası yaşayıb, əsl peşəkarın necə olduğunu, xaricilərin futbolu necə oynadığını da gözəl bilir.
Milli karyerasını bitirmək istədiyini açıqlayanda bütün reallıqları göz önünə gətirmişdi. Həm öz gücünü, həm də ara-sıra özünü göstərən köhnə zədəsini nəzərə almışdı. Üstəlik, "Qarabağ”ın artıq əvvəlki kimi təkcə ölkə daxili yarışlarla kifayətlənmədiyini, avrokubokalarda da çətin və uzun marafon keçdiyini, onun da üzərinə bu marafon ərzində böyük yük düşdüyünü hesablamışdı. Məhz bütün bu məqamların ona eyni anda həm millidə, həm də klubunda yüksək səviyyədə çıxış etməyə, bacarığını sərgiləməyə imkan vermədiyini yaxşı başa düşürdü. Zaman artıq o zaman deyil.
Mən heç də Rəşadın qocaldığını, fiziki baxımdan zəiflədiyini iddia etmirəm. Amma istəsək də, istəməsək də yaş öz işini görür. Düzdü, Rəşad fiziki cəhətdən axsadığı anlarda təcrübəsini və istedadını önə çəkir, səhvlərini "sığortlamağı” bacarır. Məhz bu xüsusiyyəti onun müdafiəçi kimi etibarlılığını və nüfuzunu artırıb, hər kəsin onunla hesablaşmasına səbəb olub. Bu gün klub və milli karyerasının zirvəsində olan "14” nömrənin yaddaşlarda elə həmin zirvədəki görünüşüylə qalması vacibdi. Əminəm ki, elə bu arzuyla da seçim qarşısında qalanda "Qarabağ”a üstünlük vermiş, gücünə qənaət etməklə yalnız bir cəbhədə mübarizə aparmağın doğru olacağı qənaətinə gəlmişdi.
Elə həmin gündən millinin baş məşqçisi Robert Prosineçki və AFFA-nın baş katibi Elxan Məmmədov Sadıqovun bu qərarından narahat olduqlarını gizlətməmişdilər. Məlum məsələdi ki, bu gün Azərbaycan futbolunda Rəşadın boş qoyacağı xarizmatik lider və etibarlı müdafiəçi mövqeyini dolduracaq heç kim yoxdu. Məmmədovla Prosineçki də bunu gözəl bildiklərindən iki ayaqlarını bir başmağa dirədilər, Rəşadı qərarından döndərməyə nail oldular.
Hər halda bizim Rəşadın seçiminə qarışmaq imkanımız yoxdu. Uzaqbaşı öz fikrimizi, təhlillərimizi ortaya qoya, fikirlərimizi əsaslandıra bilərik. Ümid edirəm ki, yuxarlda sadaladığım bütün məqamları Rəşadın özü də nəzərə alıb və doğru seçimini edib. Bundan sonra bizə qalan onun seçiminə hörmət etməkdi. Kaş ki, bu seçimdə uduzan olmasın!




Fikirlərini bizimlə bölüş!