Qurban Qurbanov nəhayət ki, milli komandamızın baş məşqçisi təyin edilib. Diskussiya aparmağımız üçün yaxşı mövzü var.
1. Görünən budur ki, qərar yuxarıdan verilib. Ölkə prezidenti "Qarabağ" klubunun nümayəndə heyətini qəbul edərkən onun Qurban bəyə olan simpatiyasını hamı hiss etdi. Məhz yuxarıların istəyinə görə də, Prosineçkinin müqavilə müddəti bitməsinə 2.5 ay qala-qala donduruldu.
2. Qurban Qurbanov nəinki əsas yığmanı çalışdıracaq, həmçinin bütün yaş qruplar üzrə milli komandalara nəzarət edəcək. Və bu düzgün ideyadı. Təbriz Həsənov kimiləri nə vaxta kimi A milliyə futbolçu “hazırlayacaq”?
3. Bununla belə, Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsində qalması nə etik baxımdan düzgündür, nə də məntiqlidir. Baş məşqçi "İspolkoma" hesabat verən adamdır. Qurban müəllim Vaqif Sadıqov deyil ki, öz-özünə hesabat versin?
4. Qurban Qurbanov həm millidə həm klubda uğurlu ola biləcəkmi? Hə, bax bu ən çətin məsələdir. Milli komandada uzun müddətli toplanışlar olur. Bəs bu vaxt "Qarabağ"da işlərə cavabdeh olan kim olacaq? Ağla ilk gələn Elçin Rəhmanovdur. Yoxsa Rəşad Sadıqov? Son "Atletiko" ilə oyunda kapitan sübüt etdi ki, futbol ilə vidalaşmaq hələ tezdir. Nə olur olsun, Qurbanovun iki yerdə çalışması az da olsa, "Qarabağ"ın ziyanınadı.
5. “Qurbanov özünü yandıracaq”, “AFFA-nın tələsinə düşəcək” kimi fikirləşənlərin sayı az deyil. Belə məqamda 1-ci punkta qayıdaq. Hə, AFFA-da müəyyən adamlar var ki, Qurbanova qısqançılıq hissi ilə yanaşır. Bir çox adama o sərf etməyəcək. Lakin qərar yuxarılarda verilib. Qurbanovun qarşısını kəsmək da ölkə rəhbərliyinin qərarına qarşı çıxmaq kimi qəbul olunacaq. Bir də ki, Qurban müəllim indiki "Qarabağ"ı yaradan adamdır. Futbol biliyi da bizdən yüksəkdir. Qurbanovun hər şeyi götür-qoy eləmək üçün kifayət qədər vaxtı olub.
6. “Foqtsa, Prosineçkiyə yaradılan şərait yerli məşqçiyə yaradılmayacaq” kimi fikirlər da səslənir. Narahat olmayın, Qurbanov nə Şahin Diniyevdı nə də Vaqif Sadıqovdu. İnanın ki, milli komanda gedib 2006-ci ildəki kimi Xırdalanda yerləşən DYP-nə məxsus stadionda məşq etməyəcək. Xəbəriniz olsun ki, Qurban müəllimin "Qarabağ"da aldığı maaş da çox yüksəkdir.
7. Mənə artıq bəllidir ki, qələbəyə görə artıq fantastik mükafatlar olmayacaq. Yəni San-Marinodan alınan 6 xala görə daha heç kim 100 min ödəməyəcək. Bu da Qurbanovun öz şərtidir.
8. Daha heç kimə milli komandamızda oynamaq üçün pul/mənzil verilməyəcək. Bu günə kimi Dmitri Nazarov, Eddi İsrafilov, Deniz Yılmaz, Renat Dadaşov və digərlərini millimizə cəlb etmək üçün AFFA 4 milyon manatadan artıq vəsait sərf edib! Qurban Qurbanov hesab edir ki, milli komandada oynamaq üçün heç kimi şirinləndirmək lazım deyil. Bəlkə düz demir?
9. Sırf mənim fikrimi bilmək istəyirsizsə… Qurbanovun gəlişi milli komanda üçün müsbət, klub üçün isə mənfi ola bilər. Bu gün dünya futbolunda çox az misal göstərilə bilər ki, məşqçi həm klubu, həm yığmanı çalışdırsın. Hə, Azərbaycan balaca ölkədir, çempionatda cəmi 8 komanda çıxış edir, hamı bir-birini tanıyır. Bir tərəfdən da Qurban bəy "Qarabağ"da artıq müəyyən sistem qurub. Unutmayaq ki, Qurban hocanın da futbolu əla bilən qardaşı Musa və dostu Rəşad kimi sirdaşları var..
Nə də olsa, bu təyinatın məntiqi var. "Qarabağ" ilə Qurban Qurbanov artıq inanılmazı bacarıb. Azərbaycan futbolunun durumunda maksimum nə idisə, ona çatıb. Bundan sonra da ardıcıl 3-4 dəfə ölkə çempionu olsun, komandası yenə ÇL-nın qrup mərhələsinə düşsün… Ondan o yana gedib çıxa biləcəkmi? Xeyr. Milli komanda isə istənilən məşqçi üçün yeni bir mərhələdir. Həm də unutmayaq ki, AVRO-2020-nın oyunları Bakıda da keçiriləcək. Futbol ictimaiyyəti olaraq, biz Qurban Qurbanovun ətrafında birləşməliyik. Və arzu edək ki bu qərar "Qarabağ"ın da zəiflənməsinə səbəb olmayacaq.




Fikirlərini bizimlə bölüş!