Ya Qurban Qurbanov doğulmasaydı?..

Ya Qurban Qurbanov doğulmasaydı?.. — illüstrasiya

Qurban Qurbanov futbolçu karyerasını başa vurandan sonra həyatını analiz edərkən özünə bəzi suallar verib. Deyir, hərdən düşünürdüm ki, mən heç doğulmaya da bilərdim. Doğulmuşamsa, deməli, hansısa missiyam var.

İndi gəlin bu suala cavab tapaq:

– Qurban Qurbanov doğulmasaydı, nə baş verərdi?

Sadəcə, 1972-ci ilin demoqrafik göstəricilərində bir rəqəmmi dəyişərdi?

Yoxsa mərhum Güləbatın ana çoxuşaqlı qadın kimi altı uşağa görə 100 rubl əvəzinə, birdəfəlik 85 rubl alsaydı, ailə çətinmi dolanacaqdı?

Həmin illərdə Qurban Qurbanovun doğulmasına görə verilən aylıq 7 rublla nə almaq olardı? Uzağı iki kilo ət, bir neçə yumurta və bir kilo da şəkər…

Azərbaycan SSR-də, rublun dövründə dünyaya gəlmişdi Qurban Qurbanov… Amma o, zamanla bizim “mənəvi kriptovalyuta”mıza çevrildi.

Adi kriptovalyutanın qiyməti bazardan, tələb-təklifdən və dalğalanmalardan asılıdır. Qurban Qurbanovun dəyəri isə zaman keçdikcə artır.

Onun ən böyük sərvəti bank hesabında deyil, insanların yaddaşındadır.

Bizim “mənəvi valyuta”mızı heç bir birja satmır. Onun qiymətini illər, nəticələr, xarakter və xalqın sevgisi müəyyənləşdirir.

O, Azərbaycanın mənəvi kapitalının canlı simalarından biridir.

Bu kapital dollarla, manatla və ya milli komandanın baş məşqçisi postundan istefa verərkən imtina etdiyi milyonluq təzminatlarla ölçülmür.

Qurbanov öz dəyərini özü formalaşdırıb.

Hər qələbə onun kapitalına yeni dəyər əlavə edib. Hər çətinlikdə sınmaması isə həmin kapitalı daha da möhkəmləndirib.

Məğlubiyyətlər olub. Amma o, hər dəfə ayağa qalxmağı bacarıb. Yenə bacaracaq!

Bəlkə də Qurban Qurbanovun ən böyük fərqi elə budur, o, nəticələrdən daha çox, münasibəti ilə yadda qalıb.

İllər keçdikcə bəzi futbolçuların statistikası unudulur, bəzi məşqçilərin qazandığı kubokların sayı arxivdə bir rəqəmə çevrilir.

Amma bəzi insanlar statistikadan kənara çıxır.

Onlar bir dövrün özünə çevrilirlər. Qurban Qurbanov təkcə baş məşqçi postunda dayanan bir ad deyil, Qurban Qurbanov bir dövrdür.

Dövrü isə təyin etmirlər, onu yaşayırlar.

Bir gün Qurban Qurbanov futboldan gedəcək. O zaman Azərbaycan futbolunda qəribə bir boşluq yaranacaq. O, özündən sonra gələnlərə nəticə yox, ölçü vahidi qoyacaq. Onun ekvivalentini isə hesablamaq mümkün deyil…

Emin SƏFƏROV

Ya Qurban Qurbanov doğulmasaydı?.. — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!