“Qəbələ”nin cari avrokubok mövsümündə uğurlu çıxış etməsindən sonra Azərbaycanda “Qarabağ”a əsl rəqib yarandı desək, yanılmarıq. Artıq həm “Qarabağ”, həm də “Qəbələ” Avropa Liqasının qrup mərhələsindədi.
Biz isə diqqəti bu iki komandanın baş məşqçilərinə – Qurban Qurbanovla Roman Qriqorçuka yönəltmək istədik. Baxaq, görək, hazırda ölkənin iki ən uğurlu məşqçisi arasında hansı oxşarlıqlar, fərqlər var.
Yaş
Roman Qriqorçuk – 50
Qurban Qurbanov – 43
Nizam-İntizam
İstər Qurbanovun, istərsə də ukraynalı mütəxəssisin nizam-intizam baxımından “axsamadığını” görürük. Həm “Qarabağ”, həm də “Qəbələ” heç bir ciddi qayda pozuntusu olmadan yoluna davam edir. Bu günə kimi mətbuatda nə Qurbanovla, nə də Qriqorçukla futbolçular arasında qalmaqal yaşandığı haqda məlumat çıxmayıb.
Təcrübə
Hər iki məşqçinin istər milli çempionatlarda, istərsə də avrokuboklarda yetərincə təcrübəsi var. Düzdü, Qriqorçukla müqayisədə Qurbanov Avroliqanın qrup mərhələsindən o tərəfi görməyib. Amma hər halda, “Qarabağ” artıq uzun illərdi ki, Qurbanovun rəhbərliyi altında avrokuboklarda çıxış edir, mərhələlər adlayır.
Legioner
Bax, burda Qurbanov Qriqorçuka uduzur. Özü də əməlli-başlı. Məşqçi kimi Azərbaycandan kənarda işləməyən Qurban bəydən fərqli olaraq, ukraynalı xeyli ölkə gəzib: Avstriya, Polşa, Rusiya, Latviya, Azərbaycan…
Oyun
Oyun baxımından Qurbanovun “Qarabağ”ı ilə Qriqorçukun “Qəbələ”si arasında yerlə-göy qədər fərq var.
“Qarabağ” topla oynamağı sevən, ardı-arası kəsilməyən ötürmələrə üstünlük verən komandadı. Bu, bir az da “köhlən atlar”ın oyununa ehtiyatlılıq gətirir.
“Qəbələ”nin oyununda isə güc futboluyla texnikanın sintezini görmək olar. Roman Qriqorçukun komandası haqda heç də “ehtiyatlı oyuna üstünlük verir” demək olmaz. “Qəbələ” qol vurmağı sevdiyi kimi, qol buraxmağı da “sevir”. Cari avrokubok mövsümündə iki komandanın vurduğu və buraxdığı qolların sayı da havadan yaranmayıb. “Qarabağ” 6 oyuna 5 qol vurub, 1-ni buraxıb. “Qəbələ” 8 oyuna 9 qol vurub, 6-sını buraxıb.
Şans
Qurban Qurbanov ciddi səhv edən, ya da özünü göstərməyən futbolçunun üzərində çox dayanmağı xoşlamayan məşqçidi. Məsələn, ötən il “Zalsburq”la Bakıdakı qarşılaşmada ciddi səhvə yol verərək, meydandan qovulan Admir Teli o gündən “Qarabağ”da əsas oyunçu statusunu itirdi. Və ya Nikolas Gelaşvili… Qurbanov bir müddət gürcü hücumçuya şans versə də (mətbuat buna görə onu tənqid etməyə başlamışdı), çox keçmədi ki, “bico” “Qarabağ”dan uzaqlaşdırıldı. Bir sözlə, Qurban Qurbanov hansısa futbolçunun nazıyla oynamağı elə də sevmir.
Roman Qriqorçuk isə bu baxımdan Qurbanovdan fərqlənir. Onun elə təkcə Aleksey Antonov “sevgisi” nəyə desən, dəyər. Ukraynalı forvard hücumçu olmasına baxmayaraq, az qala qapıçılar kimi, qola həsrət qalsa da, Qriqorçuk heyrət ediləcək inadla onu hər matçda start heyətində meydana buraxır.
Ciddilik
Məşqçilərin mətbuatla münasibətləri də müasir futbolda az rol oynamır. Bu baxımdan Qriqorçukun Qurbanovla müqayisədə daha kreaitiv olduğunu deyə bilərik.
Qurban Qurbanov hər mətbuat konfransından sonra standart açıqlama “prosedur”undan kənara çıxmır. Qriqorçuk isə “filan komandanı keçsək, başıma “aerodrom kepka” qoyub mətbuat konfransına gələcəm” kimi kifayət qədər maraq doğuran açıqlama verə bilən biridi. Və növbəti mətbuat konfransında o, başında dediyi kimi, “aerodrom kepka” ilə jurnalistlər qarşısına çıxır.
Təsəvvür edə bilirsiz ki, oxşar açıqlamanı Qurbanov versin və başında “aerdrom kepka” mətbuat konfransına girsin? Yəqin ki, təsəvvür etmək çətindi.
Çılğınlıq
Qurban Qurbanovun meydançanın kənarında sakit, təmkinli görünüşünün yanında Roman Qriqorçukun bir yerdə dayanmayan, tez-tez əl-qol hərəkətləri edən portretini düşünün… Ya da heç düşünməyin, biz ki, ukraynalının Qurbanovla müqayisədə çox çılğın, emosianal olduğunu az qala hər oyunda görürük.
Legioner seçimi
Hər iki məşqçinin futbolçu seçimində eyni dərəcədə uğurlu və uğursuz olduğunu deyə bilərik. Prinsipcə, “Qarabağ”ın da, “Qəbələ”nin də heyətindəki legionerlər komandalarına lazım olan oyunçulardı. “Köhlən atlar” Raydell Pupondan hələ də xeyir görə bilmirsə (belə davam edərsə, Qurbanov qışda bu futbolçunu göndərsə, təəccüblənməyin), “Qəbələ”nin də Antonov adlı oxşar dərdi var. Amma unutmayaq ki, “Qarabağ”ın ölkədə ən yaxşılardan hesab olunan legionerləri – Reynaldo, Almeyda və Aqolli məhz Qurbanov tərəfindən kluba gətirilib. Qriqorçukun isə Zenyov, Qay, Zets kimi uğurlu transferləri var.
Azarkeş sevgisi
Heç şübhəsiz ki, Qurban Qurbanov Qriqorçukla müqayisədə daha çox sevilir. Bu, bəlkə də, Qurbanovun uzun illərdi “Qarabağ”la azərbaycanlı azarkeşlərə sevinc hissi yaşatmasına görədi. Qriqorçuk isə heç bir il deyil ki, Azərbaycandadı. Kim bilir, ukraynalı burda daha bir neçə il qalsa, uğurlarını sıralasa, bəlkə də ölkənin ən çox sevilən məşqçisi olar.
İlin məşqçisi kim olacaq?
Artıq uzun illərdi ki, Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilir və bu sorğunu “Komanda” keçirir. Əvvəlki illərdə Qurban Qurbanovun aşkar üstünlüyü var. Yalnız bir dəfə “Neftçi”ylə Avroliqanın qrupuna vəsiqə qazanan “Neftçi”nin çalışdırıcısı Böyükağa Hacıyev “ən yaxşı” ünvanını Qurbanovdan alıb.
Görünən budu ki, bu il “ən yaxşı” adı uğrunda əməlli-başlı mübarizə gedəcək. Qurban Qurbanov, yoxsa Roman Qriqorçuk? Hər iki məşqçi komandasını Avroliqanın qrupuna çıxarıb. İlin məşqçisinin kimliyinə “Qarabağ”la “Qəbələ”nin qrup mərhələsindəki çıxışı aydınlıq gətirəcək. Hətta hər qələbə, hər heç-heçə də hesaba alınacaq. Azərbaycanın ən uğurlu məşqçisi kimdi? İlin sonunu gözləyək…
Kürşad




Fikirlərini bizimlə bölüş!