Bu gün yığmamız Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində son matçını keçirəcəyi Bolqarıstana yola düşdü. Təqribən saat 15 radələrində milli üzvləri hava limanında görünməyə başladı. Bir qədər sonra isə təyyarəyə minik başladı. Saat 16:30-da hava gəmisi yerlə fiziki əlaqəni kəsdi.
"Boinq"də futbolçulardan ən tez Kamran Ağayevin səsi çıxdı: "Yastıq hardadı? İngiliscə yastığın tərcüməsi necədi"?
Az sonra, təlimatlara zidd olsa da, millimizin kapitanı Rəşad Sadıqovla söhbətləşməyə imkan tapdım (həmin müsahibəni az sonra oxucularımıza təqdim edəcəyik). Daha sonra yüngül nahar və artıq bu sətirləri yığarkən, salonda AFFA-nın baş katibi Elxan Məmmədov göründü. Çoxdandı baş katiblə müsahibəyə zərurət duyulurdu. Maraqlı olduğuna görə, Məmmədovla qısa dialoqumuzu da bölüşürəm.
– Elxan müəllim, müsahibə götürmək üçün nə vaxt müraciət edə bilərəm?
– Sabah millinin məşqindən sonra.
– İnanmıram. Orda ən yaxşı halda brifinq olacaq.
– Ok, onda təyyarə endikdən sonra, elə Sofiya hava limanında.
– Vaxt məhdudiyyəti olacaq. Bəlkə elə burda və indi?
– (Gülümsəyir) Bilirəm, indi həmkarlarınız da söhbətə qoşulmaq istəyəcək. Amma söz vermişəm, sırf eksklüziv müsahibə olacaq.
Müsahibənin sonlarına yaxın Mikayıl Nərimanoğlu bizə yaxınlaşdı. Dialoqumuz başa çatdıqdan sonra Mikayıl bəy "uşaqlar, brifinq. Kim istəyirsə, buyurun, Elxan müəllimin brifinqi", deməklə, həmkarlarımı baş katibin başına topladı.
Bizdən 4 sıra öndə isə Rəşad Sadıqov komanda yoldaşlarını başına toplayıb: futbolçular şıdrığı "duraka" oynayır. Kimin qalib gəldiyini deyə bilmərəm. Ancaq oyunçular arasında hökm sürən münasibət göz oxşayır. Zarafatından qalmayan PFL prezidenti Ramin Musayev Rəşada "kart oynamaq günahdı", deyərək, hamının təbəssümünü qazandı.
Robert Prosineçki də ara-sıra ayağa qalxır, futbolçulara yaxınlaşır, bəzilərinin başına sığal çəkməklə, ata qayğısı göstərir. Xorvatiyalı mütəxəssis İtaliya yorğunluğunu futbolçularının üzərindən atmaq üçün (həm fiziki, həm də psixoloji) hətta təyyarədəki vaxtdan istifadə edir. Necə alındı? Bunu oktyabrın 13-də görəcəyik.
Hələliksə, təyyarə addım-addım Sofiyaya yaxınlaşır. Hava gəmisinin qanadında yazı hazırlamağın zövqünü sözlə ifadə etmək çətindi. Sağımda AFFA-nın baş katibi jurnalistlər üçün brifinq keçirir, solumda bəyaz buludlar həsrətlə bizi Bolqarıstana yaxınlaşdıran təyyarənin cızdığı cığırın arxasınca boylanır…




Fikirlərini bizimlə bölüş!