Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Bütpərəstlər

Azərbaycanda idman jurnalistikasının ən böyük və ən vacib problemi hadisələrə şəxsi münasibət zəminində yanaşmadır. Bir mütəxəssislə, futbolçu ilə aranız yaxşıdırsa, demək, onu tənqid etmək heç bir halda “düz” çıxmır. Hələ mən xarici səfərlərə getmək asılılığına görə məcburi susmaları arxa plana atıram. Çünki bu mövzu uğrunda həmkar olaraq bir-birinə şillə atan, günorta birlikdə çörək yeyib, axşam dalıyca danışmaq kimi illərin olmuş zəngin əhvalatları var. Azərbaycanda azad media olmadığı üçün ən real, obyektiv meydan sosial şəbəkə, konkret, “feysbuk”dur.

Azərbaycanda da bir real futbol klubu, yəni “Qəbələ”nin maliyyə problemi fonunda üç il əvvəlki "Rəvan"a dönməsindən sonra ikinci bir gündəmdə olası "Qarabağ"dır. Əsla "Neftçi"ni unutmuram. Sadəcə, qədim klubumuz hazırda avrokuboklarda iştirak etmir, səfər perspektivi yoxdur, yeni rəhbərlik insafən, gözəl bir ortam yaradıb və əvvəlki kimi, sayt rəhbərləri ilə kafelərdə, restoranlarda görüşlər, razılaşmalar keçirilmir. Ən azından mənim Lənkərandan izlədiyim, esitdiyim və gəldiyim qənaət budur.

Hazırda isə Qurban Qurbanov və Rəşad Sadıqov müzakirəsi “feysbuk”da daha aktualdır. Bu iki futbol adamı haqqında matçlardan asıl olaraq geniş müzakirələrə, atmaca dolu statuslara, bəzən kollajlara belə, rast gəlmək olur. Ən pisi isə Qurbanovla Sadıqovu müdafiə edənlərlə tənqid edənlərin fikirləri, düşüncələri arasında böyük bir uçurumun olmasıdır. Müdafiə edənlər illah da düşünür ki, millinin və Ağdam təmsilçisinin baş məşqçisi ilə kapitanını tənqid edənlərin ağzı əyilməlidir. Yaxud, haqsız danışdığı üçün səhər evdən çıxanda başına daş düşməlidir. İkincilər – yəni tənqid edənlər nəyə əsaslanır, geniş yazmıram. Çünki özüm də ikincilər sırasındayam və subyektiv düşüncələrimi sevgili oxucularla bölüşəcəm.

İlk olaraq deyim ki, bəndənizin Qurban Qurbanovla da, Rəşad Sadıqovla da çox gözəl münasibəti olub və az qala iki ildən çoxdur yaxından görüşməsəm də, inanıram ki, ismimi unutmayıblar. Bununla belə, birdən inciyərlər deyə, lüksüm yoxdur və xarici səfərləri zamanında "Xəzər Lənkəran"la gəzib gəlmişəm və elə səfərlərdən yazdığım tənqidi notlar şəxsi arxivimdə əlahəzrət fakt kimi durub.

Mənim Qurban Qurbanov haqqında millinin baş məşqçisi kimi mənfi düşüncələrimin bir ana xətti var: hansı potensiala və hansı verilən vədə arxayın olub, bu posta gəlib? Yəni 8 komandalı çempionatdan yaranan hansı ümid qığılcımı Qurbanovda nikbinlik yaradıb? Əcəba, dünyanın istənilən nöqtəsində, saysız-hesabsız mütəxəsisslərin tez-tez işlətdiyi "əlimdə sehirli çubuq yoxdur" məşhur ifadəsinin Qurbanov əksinimi tapıb? Qurban Qurbanov millinin baş məşqçi postuna gətiriləndə sevincdən papağını göyə atan həmkarlardan fərqli, Azərbaycan xəritəsinin qarşısına keçdim və futbolsuz qalan böyük bölgələrə – Qərbə, Arana, Şimala, Cənuba baxdım. Bir göydəki papaqlara, bir də futbolsuz qalan Azərbaycana baxanda, tam olaraq anlamadım ki, bu sevincin, hədsiz inamın arxasında nə durub. Mən Qurbanovu dəli kimi sevənləri, onunla mümkün hədəflərə çatmağa inananları xəyalımda bir auditoriyada canlandırıram və qarşılarına keçib çox yox, cəmi üç sualı verirəm:

1) Qurban Qurbanovu ciddi, əyilməyən, sözünü birbaşa deyə bilən biri kimi qəbul edir və inanırsızmı? Aydın məsələdir ki, hamı bir ağızdan "bəli" cavabını verəcək.
2) Qurban Qurbanovun qazandığı kifayət qədər böyük nailiyyətlərə görə dövlət başçısından tutmuş, AFFA prezidentinə qədər böyük hörmət sahibi olduğunu qəbul edirsizmi? Yenə də hamının "bəli" cavab verəcəyinə şübhə yoxdur.
3) Qurbanov bu qədər riskli, imicini, adını, qazandıqlarını böyük təhlükə altına alacaq qərarı verərkən öz şərtlərini irəli sürə bilərdimi? Yəqin ki, kimsədə buna da şübhə yoxdur. O zaman mən deyirəm – Qurban Qurbanov millinin baş məşqçi postuna razılıq verərkən futbolun kütləviləşməsini, bölgələrdə böyük futbolun bərpasını tələb etməyibsə, onda Elxan Məmmədov, Ramin Musayev, Xaqani Məmmədov, hətta Ramil Diniyev də Azərbaycanda futbolun inkişafını Qurban hocanızdan daha çox istəyir. Qurban Qurbanovun gözü önündə Premyer Liqaya bazası, stadionu, azarkeşi olmayan "Sabah" gətirilirsə, "Səbail"in yerinə gəlin Aranda bir komanda saxlayaq", yaxud "bölgələrdə düz-əməlli akademiyalar quraq" demirsə, deyə bilmirsə, o zaman bunların hamısı kimə, nəyə xidmət edir, siz deyin. Bu mənada millinin Bakı çempionatından, 5 il öncə Azərbaycanda top qovub bu gün yenidən yekəqarın, tək ayaq formada oynamaq gücündə olan legionerləri geri qaytaran klubların səviyyəsi ilə uğur qazanacağına inanın, mən inanmıram.

Rəşad Sadıqova gəlincə, ölkə futbolu üçün adam dəyərdir, nümunədir, amma artıq bütləşməyə doğru gedilib. “Azərbaycanın ən böyük futbolçusu” deyiləcək qədər irəli getmək şarlatanlıqdır. Bu yaxınlarda tanıdığım məqşçilərdən birini gördüm və hal-əhvaldan sonra işi ilə maraqlandım. Cavabı siz də oxuyun:

“Yaxşılıqdır. İnşallah, millinin aşağı yaş qruplarından birinə məşqçi kimi söz veriblər. Hər şey danışılıb, hazırdır, amma Rəşad Sadıqovu gözləyirəm. Onunla görüşəndən sonra təyinatım bilinəcək" Yoldaşlar, adam klubunda oynayır, U-21 kimi kifayət qədər ciddi, vacib və yaralı bir yığmanın “sükanı arxasında”dır, digər aşağı yaş qruplarına məşqçi təyin edir, imkanı olsa, dövlətin xarici əlaqələrini də qurmaq həvəsinə düşər.

Yuxarıda dediyim kimi, Rəşadla da, Qurban Qurbanovla da gözəl münasibətim olub, amma bunları da kimsə deməlidir axı… Yaxud deyiriksə, biz ağıldankəm, onlara aqressiyası olan biri, futboldan bixəbər adamlar da deyilik axı… Daşlarınızı cibinizə, bütə çevirdiklərinizi qarşınıza qoyun, bir də düşünün. Hansımız səhv deyirik, səhv edirik?

Fikirlərini bizimlə bölüş!