Daha bir futbol klubumuz tarixə qovuşdu… Bu mövsüm Azərbaycan Premyer Liqasının autsayderi olmasına baxmayaraq, nəhəng AZAL şirkətinin adını daşıyan və bu aviainhisarçıya məxsus futbol klubu “dünyasını dəyişdi”.
Əslində bu qərar gözlənilməz deyildi. Tam əksinə, gözlənilməzlik bu "atalı-analı yetim"in indiyə kimi yaşaması idi. Klubun indiyəcən yaşamasında cibinin pulunu xərcləyən Tərlan Əhmədov böyük pay sahibidi. Gülməlidi, deyilmi? Ölkənin tək aviaşirkətinin klubunu bir məşqçi öz cibinin pulunu xərcləməklə dağılmağa qoymur. Amma bunun da bir sonu olmalıydı. Tərlan Əhmədov Cahangir Əsgərov deyil ki, artıq milyonları olsun! Tərlan Əhmədovun əlavə "bir tapançalıq" pulu olsa, həmin pulu da klubun yaşamasına sərf edərdi. Təəssüf ki, Cahangir Əsgərovun Telman İsmayılova ad günündə bağışladığı 500 min dollarlıq brilyant tapançadan Tərlan bəydə yoxdu. Halbuki bu tapançaya xərclənən məbləğə AZAL futbol klubunu yaşatmaq olardı…
Sahiblərinin AZAL-a "ögey uşaq" münasibəti ötən ildən bəlli idi. Tərlan Əhmədovun fədakarlığı sayəsində Avroliqaya vəsiqə qazanmağa yaxın olan kluba rəhbərlik dəstək vermədi. Əksinə, komandaya "bizə Avropada oynamaq lazım deyil, bu əlavə xərcdi" tapşırığının verildiyi deyilir. AZAL Avroliqaya vəsiqə qazansaydı və UEFA-dan alacağı pul talanmasaydı, bəlkə də yaşayacaqdı…
"Uşaq" demişkən, AZAL futbol klubunin dağılması ilə AZAL-ın sahibi Cahangir müəllimin Londonda yaşayan qızı Mila xanımın ingilis Robert Nortonla ailə həyatı qurması eyni vaxta təsadüf etdi. Mətbuatın yazdığına görə, hələ 1979-cu ildə 600 min rubla yaxın yeyinti üstündə həbs olunan, 2002-ci ildə Moskvada "Nord Ost" müzikli vaxtı tamaşaçılar girov götürüləndə terrorçulara milyonlarla dollar verib ailə üzvlərini ölümdən qurtaran Cahangir Əsgərov çox çətinliklər görüb. İnanaq ki, bundan sonra o, qızının toyu kimi yalnız xoş günlər yaşayacaq və bu arada, Mila xanımla Robert bəyə xoşbəxtlik arzulayaq.
Hamı bundan əvvəl dağılan, avrokuboklarda oynamış infrastrukturlu klublardan “Karvan”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Bakı” kimi, AZAL-ın da bazasının, stadionunun, uşaq komandalarının olduğunu və belə bir klubu itirməyin futbolumuz üçün çox üzücü olduğunu qabartdığı vaxtda həmkarım İlkin Xəlilov başqa bir incə məqama diqqəti çəkdi. Axı, bu qərarla həm də burda işləyən neçə-neçə ailə yaxşı-pis dolanışığını itirdi… AZAL futbol klubundan yalnız burdakından daha yaxşı şərtlərlə müqavilə bağlayan futbolçular yox, xadimə və sürücülərdən tutmuş müxtəlif yaş qruplarından ibarət uşaq komandalarının məqşçilərinə qədər neçə-neçə kasıb insan cüzi də olsa, maaş alıb birtəhər ailəsini dolandırırdı…
Əlbəttə, Tərlan Əhmədov, Vadar Nuriyev, yarandığı gündən ləğv olunana kimi yaxşı gündə də, pis gündə də kluba əməyini vermiş Eldəniz Yusifov kimi dəyərli dostlar işsiz qalmayacaq. Vay o xadimələrin, sürücülərin, fağır-füqəranın halına… Təbii, bu məqam sevimli olmayan bahalı oyuncağını – AZAL futbol klubunu zibilliyə atan oliqarxların “pistolet”inə də deyil.
Bu məzlum insanların taleyinə biganə qalmasaydılar, heç olmasa, tərkibində “N” qədər şirkət olan “Silk Way” holdinqində işlə təmin edərdilər.
Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə…
İslam Oyunlarınız və Formula-1 yarışınız mübarək!




Fikirlərini bizimlə bölüş!