Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Çayınızı için, yeni-yeni “azərbaycanlılar” “axtarın”

“Ölkə futbolunun gələcəyini qururuq”, “Azərbaycan futbolunun gələcəyini yetişdiririk”, “Biz daim axtarışdayıq” – bu tip gəlişigözəl sözlər AFFA məmurlarının, mütəxəssislərimizin dilindən düşmür. İşləməyə gəldikdə isə tam fərqli mənzərənin şahidi oluruq. Bu gün baş tutan “İnter” – “Kəpəz” qarşılaşması kimi. Söhbət əvəzedicilərin çempionatından gedir.

Soyuq hava şəraitində keçən qarşılaşma heç kimə maraqlı gəlmirdi. Nə AFFA-ya, nə PFL-ə, nə Məşqçilər Komitəsinə, nə də ən vacibi – aşağı yaş üzrə yığma komandalarımızın baş məşqçilərinə. 11 nəfər o yanda, 11 nəfər bu yanda “mərmi”ni yuxarı-aşağı sürüdü. Əlbəttə ki, hakimlər də öz yerlərində idi. Qışın oğlan çağında bu gəncləri yarıçılpaq vəziyyətdə (şortik və maykada) “İnter Arena”ya toplamaqda məqsəd nə idi? Kimin üçün oynayırdılar bu futbolu? Azərbaycan Premyer Liqasının oyunlarına Bakıda azarkeş gətirmək olmur, qalmışdı əvəzedicilərin çempionatı.

Amma azarkeş gəlməsə də, futbolun hesabına maşın, ev alanlar mütləq gəlməli idilər. Bir sadə misal. Hər iki tərəfin heyətində 17-21 yaşlı futbolçular qərarlaşmışdı. Futbolçu biləndə ki, oyununu münasib yaş üzrə yığmanın məşqçilərindən kimsə izləyir, o, daha böyük əzmlə mübarizə aparır. Ancaq tribunada matçın AFFA nümayəndəsi Əmir Zamanovdan başqa bir kəs yox idi. Təbii ki, o da məcburiyyətdən gəlmişdi. Ancaq nə Yaşar Vahabzadə, nə Nazim Süleymanov, nə də Təbriz Həsənovun başçılıq etdikləri məşqçilər korpusundan oyunu izləyənlər yox idi…

Qarşılaşmaya isə baxmağa dəyərdi. Hər iki tərəf maraqlı, özünəməxsus tərzdə futbol sərgilədi. Əlbəttə, texniki qüsurlar yetərincə idi. Amma bu, başadüşüləndi. Futbolu oynaya-oynaya öyrənirlər. Meydan sahiblərinin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmədovla birgə izlədiyimiz qarşılaşmada bolluca qolların da şahidi olduq. Hesabı açan meydan sahibləri olsa da, Gəncə təmsilçisi fasiləyədək bərabərliyi bərpa edə bildi. Fasilədən sonra “bankirlər” böyük qüvvəylə irəli atıldı ki, Nizami yurdunun təmsilçiləri sanki bunu gözləyirdi. Amma onların vurduğu qol qaydalar çərçivəsində deyildi. “İnter”in müdafiəçisi qapıçısı İsmayıl Muradova ötürmə edərkən, top yan xətti tərk etmişdi. Bunu laysman bayraq işərəsi ilə, baş hakim Nahid Xasıyev isə fit verməklə qeydə aldılar. Topu əlinə alan əlcək sahibi bir də onda ayıldı ki, qonaqlar autdan oyuna başlayıb və sürətli əks-gücum qurub. Biçarə Muradov özünü itirdi. Axı, top onun qucağında olsa da, rəqib digər topla qapılarına tərəf irəliləyirdi. Amma baş hakim buna məhəl qoymadı. Nəticədə qapıçı topu bir kənara atdı, amma iş-işdən keçmişdi. “Kəpəz”in həmləsi məhsuldar alındı və qonaqlar kuryoz şəkildə hesabda önə çıxdılar.

Bundan sonra da bir neçə dəfə gəncəlilər olduqca sürətli əks-hücumlar quraraq, göz oxşayan kombinasiyalarla yadda qalırdı. “İnter” isə daha çox meydanda olanlar arasında ən gənci – 17 yaşı hələ tamam olmayan Süleyman Əhmədovla öyünə bilər. Sol cinah yarımmüdafiəçisinin sərgilədiyi futbol ən azından U-17 yığmasına çağırılmasına təkan verməlidi. Bir şərtlə ki, həmin yığmanın məşqçilər korpusu oyununu izləsin. Yekun nəticənin böyük ölçüdə heç bir fəırqi yoxdu. Amma statistika üçün qeydə edək ki, meydan sahibləri 2:3 hesabı ilə məğlub oldu.

Hava həqiqətən də çox soyuq idi. Belədə, evdə oturub, isti çay içə-içə diskləri izləyib, xaricdən hansısa əndrəbadi futbolçuya pasport verdirib, yığmaya dəvət etdirməkdən gözəl nə ola bilər ki?!

Fikirlərini bizimlə bölüş!