"Qarabağ"ın göstərdiyi oyuna, demək olar ki, çempion olmasına görə bir çox dostlarımız vəcdə gəlib "kişilikdən deyil bu komandaya kiminsə dəstək verdiyini demək" yazırlar. Tamam da, haqlısız. Amma "Qarabağ" son illərdə çempion ola bilməyəndə niyə danışmırdız? Niyə yazmırdız ki, kişilikdən deyil bu komandaya "filan komandaya uduzmalısan" əmrini vermək. Niyə yazmırdız?
Bu klubun mətbuat xidmətində çalışan dostlar bir gün əvvəldən deyirdilər ki, sabah "Qarabağ" filan komandaya filan hesabla uduzacaq. Sabah açılırdı, "Qarabağ" elə həmin hesabla da uduzurdu. Sizi bilmirəm, amma mənim üçün oyun alanla, oyun satanın fərqi yoxdu. Amma bütün bunların "Qarabağ"ın bu mövsüm super oynamasına, əla formada olmasına da dəxli yoxdu.
Sadəcə, sifətinə Rövnəq Abdullayevin, Elxan Məmmədovun, Ramin Musayevin yarıtmaz idarəçiliyi, idman prinsiplərinə tüpürməsi, yerlibazlıq, qohumbazlıq etməsi üzündən ləkələr yapışan Azərbaycan çempionatında kişilik söhbətinin olmasını həzm edə bilmirəm. Kişilər oyun satmaz, atam balası, kişilər oyun almaz, oyuna getməz.
"Qarabağ" indi çempion olmalı deyildi. Daha əvvəl də çempion olmalı idi. Oyun verməyə məcbur edildiyi üçün ola bilmirdi. "Qarabağ"ın çempionluğa layiq olmadığını heç kim demir. "Qarabağ"ın Ramin Musayevin, AFFA-nın əlində bir oyuncaq olduğunu deyirik. Mən deyirəm. Arxasında da dayanıram. Çempionluğa layiq, amma başıqapazlı "Qarabağ".
Rəşad ERGÜN




Fikirlərini bizimlə bölüş!