Rusiyalı inqilabçı yazıçı Nikolay Çernışevski həbsxanada yazdığı əsərin adını “Nə etməli?” qoymuşdu. Rəhmətliyin ölümündən az qala iki əsrə yaxın vaxt keçib, amma əsərinə ad olaraq seçdiyi sual aktuallığını heç vaxt itirmir.
Çernışevskini, onun məşhur sualını yadıma salan sosial şəbəkədə həmkarlardan birinin azərbaycanlı futbol hakimlərinin oyunlarda yol verdikləri çoxlu səhvlər haqdakı paylaşımı oldu.
Bizim hakimlər niyə bu qədər səhv edirlər? Nə etməliyik?
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov bir müddət əvvəl “Araz-Naxçıvan”la 2:2 hesabı ilə başa çatan oyunda hakimlərin “Turan Tovuz”un qapısına haqsız penalti təyin etdiyini açıqlamışdı. “Qəbələ”nin 0:3 hesabı ilə uduzduğu matçda isə baş hakim Cavid Cəlilovun “Neftçi”nin futbolçusuna qırmızı vərəqə verməli olduğunu etiraf edib.
Həsənovun etiraf etməyə güc tapdığı bu səhvlər ciddi və ağır səhvlərdir. Özündə bir komandanın qələbəsini əlindən aldığını, bir komandanı da məğlubiyyətdən xilas etdiyini ehtiva edən “ağır tonlu” səhvlər.
Mən Azərbaycan futbolunda hakimlərin klubların ofislərində “yatdığı”, elə həmin klubların təkcə həmin turda qarşılaşdıqları rəqiblərini deyil, o turda meydana çıxan başqa komandaları da satın aldığı dövrü görmüşəm. Hə, bu illər ərzində ölkə futbolunda çoxlu əxlaqsız hərəkətə, ləyaqət hissindən məhrum olan xeyli insanın varlığına şahidlik etmişəm. “Komanda”-nın ofisində müsahibə verib, “filan komandanın baş məşqçisi mənə “çempionatda siz bizə, kubokda biz sizə oyunu verək” dedi, ancaq aldatdı” deyən məşqçi də, əlini “Quran”a basıb, “klubda işləyəndə heç vaxt oyun satmamışam, lakin almışam” etirafı edən, futbol qurumunda rəhbər vəzifədə olanını da görmüşəm.
Amma hesab etmirəm, ya da, daha dolğun ifadə etsəm, inanmıram ki, indi əlinə fit alanlar sifariş yerinə yetirsinlər. Texnologiyanın inkişafının futboldakı varlığı olan VAR sistemi ilə indi bunu etmək də çətindir. Belə işlərdə nə qədər “peşəkar” hakim olursan ol, çətindir.
Onda niyə bu qədər hakim səhvləri var? Niyə “Turan Tovuz” kimi klublar az qala hər tur referilərin əlindən dad edir?
Məncə, məsələ birbaşa hakimliyin səviyyəsidir. O səviyyə ki, özbəklərdə var, “əkələr” yayda keçirilən dünya çempionatında İlgiz Tantaşev ad-soyadlı hakimlə təmsil olunmuşdular. O səviyyə ki, dünyanün ən kriminal ölkələrindən sayılan Somalidə də var, onlar da DÇ-2026-ya Abdulkadir Artan adlı referi göndərmişdilər. Bizdə yaxşı futbolçu yetişmədiyi kimi, yaxşı hakim də yetişmir, bunu qəbul etməliyik. Tofiq Bəhramov? Eldar Əzimzadə? Sovet dövründə bizdə yaxşı filmlər də çəkilib, yaxşı aktyorlar, musiqiçilər də yetişib, nə olsun? İndi hansı var?
O başqa məsələ ki, VAR sisteminin olduğu dövrdə, şübhəli görünən epizodu monitorda dəfələrlə izləmək imkanın ola-ola, yenə də səhv qərar verirsənsə, bu, artıq başqa “səviyyə”dir. Bu, Elza Seyidcahanın poema yazması, meyxanaçı Pərviz Bülbülənin muğam oxuması kimi bir şeydir. Bizim hakimlər məhz elə budur: Elza Seyidcahanın “poema”sı, Pərviz Bülbülənin “müğam”ı. O qədər uğursuz ola bilərdilər və elə bu qədər uğursuzdurlar.
İndi isə… Kim və hansı səviyyədə olduğumuzu bilərək o suala cavab tapmalıyıq: NƏ ETMƏLİ?
Rəşad ERGÜN


Fikirlərini bizimlə bölüş!