Təlim-məşq toplanışı üçün yollandığı Antalyada keçirdiyi yoxlama oyunlarında “Xəzər Lənkəran”ın göstərdiyi nəticələr heç də yaxşı deyildi. Kurort şəhərində qol vurmağa çətinlik çəkən, qələbəyə həsrət qalan “gəmiçilər”in qış fasiləsindən sonrakı çıxışı isə həm idman mətbuatı, həm də azarkeşlər tərəfindən maraqla gözlənilirdi. Çünki Toşakı əvəzləyən Dənizlinin keyfiyyətcə yeni səviyyədə komanda quracağını gözləyənlərin arzusu çin olmamışdı. Türkiyəli çalışdırıcının transfer pəncərəsi açılan kimi köklü islahatlara başlayacağına, yararsız futbolçuları yola salıb, əvəzində daha səviyyəli fiqurları Lənkərana gətirəcəyinə ümid bəsləyənlər pərişan oldu.
Bununla belə, fasilədən sonrakı ilk oyundaca “Xəzər Lənkəran” diqqətləri üzərinə çəkməyi bacardı. “Qarabağ”ı “Tofiq Bəhrəmov”da məğlub etmək asan məsələ deyildi. Üstəlik, səhhətində qəfil problem yarandığından Dənizli xəstəxanaya yerşəlşdirilmiş, “ağ-yaşıllar”ı buzlu meydançaya Oğuz Çətin çıxarmışdı. “Köhlən atlar” üzərində qazanılan qələbə təsadüf kimi qiymətləndirilsə də, Dənizlinin yetirmələri davamını gətirməyi bacardı. “Neftçi”ylə drammatik oyun, daha sonra Qəbələdə qazanılan 3 xal bir andaca azarkeşlərin üzünü güldürməyə, hər kəsi “Xəzər Lənkəran”la hesablaşmağa məcbur etməyə başladı. Şəxsən mən də düşünürdüm ki, futbolda illərdi müzakirəsi aparılan güclü məşqçi amili, “sehirli çubuq” deyimləri Dənizlinin timsalında özünü göstərir. Başqa cür ola da bilməzdi. Cəmisi bir neçə ay əvvəl eyni futbolçular məğlubiyyətləri sıralayır, meydanda aciz uşaq görüntüsü verirdilərsə və Mustafa hocanın gəlisindən sonra hər şey əksinədisə, bu, bilavasitə məşqçinin bacarığı kimi qiymətləndirilməlidi.
Amma sonradan nə oldusa, yenə “Xəzər Lənkəran”ın nəticələri “köhnə hamam, köhnə tas” deyimini xatırlatmağa başladı. Qəribəsi o idi ki, hər məğlubiyyətdən sonra təcrübəli çalışdırıcı eyni bəhanələri təkrarlayırdı: “əlimizin altında yerli oyunçuların sayı azdı, olanların da səviyyəsi aşağıdı.” Nədənsə heyətin yarıdan çoxunu təşkil edən yüksək ödənişli əcnəbilərin günahı heç kimin yadına düşmürdü. Eyni heyət, eyni futbolçular “Qəbələ”ni səfərdə udur, evdə “Simurq”a məğlub olursa, deməli, problem təkcə yerli oyunçuların səviyyəsinin aşağı olmasında deyil.
“Xəzər Lənkəran”da sürətli eniş hələ komandanın Naxçıvana səfəri öncəsindən hiss olunurdu. Birinci divizion təmsilçisi “Araz Naxçıvan” səddini çətinliklə aşan “gəmiçilər”in finala gedən yolda “Qəbələ”yə müqavimətsiz təslim olması şübhələri xeyli artırdı. Müqavimət təkcə futbolçuların meydanda topun arxasıyca ora-bura qaçması deyil. Qarşısında konkret hədəf olan komandanın oyununda həm məşqçi işi, həm də futbolçuların əzmkarlığı hiss olunmalıdı. “Qəbələ” ilə çətin dueldə isə bunların heç birisi “Xəzər Lənkəran”da görünmürdü.
Kubokdakı uğursuzluqdan sonra cənub klubun düşərgəsindəki çatlar dərinləşməyə başlayıb. Məhz həmin gündən bəri Dənizlinin postundan getməsinin an məsələsi olması haqda dedi-qodular gündəmdən düşmür. “Rəvan”la oyuna Dənizlisiz çıxan komandanın böyükhesablı qələbə qazanması isə ciddi mətləblərin xəbərçisiydi. Axı, bu futbolçular “Qarabağ”ı da Dənizli olmadan məğlub etmişdilər. Yoxsa, “Rəvan”ın qapısına vurulan 4 qol futbolçuların Mənsimovlara “biz Dənizlini istəmirik” mesajıydı? Bəlkə də elə rəhbərliyin özündə türkiyəli çalışdırıcını istəməyənlər var və sonuncu qələbəylə də çalışdırıcının əleyhdarları həm Mübariz Mənsimova, həm də Mustafa hocanın özünə “bu komanda Dənizlisiz daha yaxşı oynayır, qələbə qazanır” demək istəyib?
Hər halda görünən odu ki, “Xəzər Lənkəran” adlı gəmi növbəti dəfə müəmmalar dənizinin dalğaları arasında qərq olmaqdadı. Tanınmış çalışdırıcıya asanlıqla qapını göstərə bilməyən klub rəhbərliyi çətin vəziyyətə düşüb. Görünən odu ki, Dənizli fenomeni “Xəzər Lənkəran” rəsmiləri üçün başağrısına çevrilib.




Fikirlərini bizimlə bölüş!