Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Dərinə batan “Titanik”

Həyatda var olduqları müddətcə ürəkləri hər zaman "Xəzər Lənkəran"la birlikdə döyünəcək insanlar sevimlilərinin illərlə koma vəziyyətində yaşamasıyla barışmaq istəmirdi. Bəlkə də onlar möcüzənin yetişəcəyi günü gözləyirdilər. Bu günlərdə üzləşdikləri məyusluq hissinin həcmi isə daha böyük, sarsıdıcı idi. Süni nəfəs aparatına qoşulan xəstənin ürək fəaliyyətinin bərpası bir növ qorxulu yuxudan çətinliklə ayılmasına bənzəyəcəkdi. Qaranlıq tunelin sonunda görünməli olan işığa ehtiyac duyan klub birdəfəlik çökdü. Əzəmətli qala, dəbdəbəli saraydan qopan daş qırıntıları küçələrə səpələndi. Dəniziylə də fərqlənən məkan – Lənkəran adlı misilsiz səhnədəki böyük bir gəmi sanki "Titanik" kimi Xəzərin sularına qərq oldu. Beləcə, bu şirin nağıl bitdi.

İtaliyada nələrə göz yumulmayıb ki!

Heç nəyə baxmayaraq, "Xəzər Lənkəran"ın adının daim uca zirvələrdəykən səslənməsini özlərinə əsl şərəf hesab edənlərin komandaya sevgisi bitməz-tükənməzdi. Lap bir sıra cəhətlərdən aramızdakı oxşarlıqların hiss olunacaq dərəcədə sezildiyi italyanlar demişkən: eterno amore (əbədi sevgi).Yeri gəlmişkən, bəlkə də indiyədək dünyanın heç bir futbol ölkəsində hakimləri İtaliyadakı qədər mühakimə etməyiblər. Hətta orda məhz hansı klubların daha çox haqsızlığa məruz qaldığı təxminən bilinir: "İnter" və "Roma". Bugünədək ən çox dəstəklənən komandaların adları da heç kimə sirr deyil ("Yuventus" və "Milan"). Zəngin ənənələrə malik, nostalji dolu skudetto uğrunda mübarizələr zamanı vaxtilə nələrin şahidi olmamışıq ki… Bir kollektivin az qala qulaqlarından tutulub, sürüdülərək çempionluq kubokunun onlara sanki bir xüsusi hədiyyəymiş kimi verilməsinə qədər!

Maraqlı məqamlardan biri də budu ki,adətən İtaliya təmsilçiləri Avropada daha yaxşı oyun idarəçilikləriylə ön plana çıxırlar, nəinki A seriyasında. Yəqin ki, hələ də unudulmaz ədalət qoruyucusu, əfsanəvi Pyerluici Kollinanı yaxşı xatırlayırsız. Elə bu yaxınlarda onun həmvətəni Nikola Ritsolinin başçılıq etdiyi hakimlər briqadasının aşkar penalti epizodunda ("Atletiko" – " Barselona" matçında) bağışlanmaz səhvə yol verməsi oyunun nəticəsinə kölgə saldı. Amma bu o demək deyil ki, onlar beynəlxalq arenada düzgünlükdən daha çox xətalara meyllidilər. Ən azı daxili çempionatla müqayisədə, İtaliyanın xaricində heç də pis tablo formalaşdırmayıblar.

Səhv hər dəfə bilərəkdən edilmir

Bizimkilər isə dürüstlükdən uzaq, günaha yaxındılar. Saysız-hesabsız suallar doğuran məsələnin mümkün qədər haqq çərçivəsində həlli barəsində indiyədək hakimlərimiz daha dərindən, hərtərəfli şəkildə fikirləşiblərmi? Etdiklərinə görə vicdanları heç sızlamadan, qətiyyən peşmanlıq hissi keçirmədən gecələr necə rahat yuxulayıblar?

Vəziyyət o həddə çatıb ki, ziddiyyətlərlə dolu Azərbaycan çempionatında hətta bilməyərəkdən və ya istəməyərəkdən belə, səhvlə yadda qalırsansa, dərhal bütün nəzərlər sənə yönəlir. Lakin digər tərəfdən, bunun tam əksi sayılan başqa mənzərəylə də tez-tez rastlaşırıq. Belə anlarda hakimlərin özlərinə ünvanlanası yetərincə məntiqli sual budu: Tutaq ki, qurduz bir səhnə, iki səhnə, bəs əməlləriniz ifşa olunsa aləmdə?

Daha çox şey itirməmək naminə

İtalyanlar öz ölkəsinin klublarının "qəbirqazanlığıyla” ad çıxaran referilərinə necə bələddilərsə, az qala biz də eyni dərəcədə özümüzküləri tanıyırıq! Hətta kimin hansı komandaya işlədiyinə qədər bölgülər də aparılmaqdadı. Bağlı qapılar arxasındakı kabinetlərdə oyunlaröncəsi planlaşdırılan pərdəarxası oyunların təfərrüatlarını aydınlaşdırmaq üçün xüsusi gizli kamera mütləq deyil ki. Onsuz da bəzi məqamlar göz qabağındadı. Daha çox gərəkli olan isə yuxarıda haqqında bəhs etdiyimiz ölkə kimi məhz Avropaya fəxrlə yollaya biləcəyimiz əsl hakimlər yetişdirib, onları daha məsuliyyətli işə hazırlamaqdı. Yoxsa beynəlxalq arenada başımızı aşağı edən, bizə utanc hissi gətirən Rəhim Həsənov kimilərin sırasına qoşulanların sayıyla bərabər, hələ çox şey itirəcəyik. Bəs, belə olan halda, kimin varlığıyla təsəlli tapacağıq? Axı onları AFFA-ya hansısa şəkildə bağlılığıyla bilinən şəxslər idarə edir. Necə ki,bizimkilərin İtaliyadakı həmkarları mafiyanın təsiri altında işləməyə artıq artıq çoxdan öyrəşiblər.

Saatın əqrəbləri ox kimidi

Həm uğurlarını, həm də uğursuzluqlarını görməyə alışdığımız "Xəzər Lənkəran"ın futbol xəritəmizdən silinməsi, dəyərsizləşməsi isə bütün bunlardan daha əhəmiyyətlidi. Belə qənaətə gəlmək olar ki, komanda ən çox Mübariz Mənsimovun gözündən düşüb, nəinki başqalarının. Klubu həqiqətən qiymətləndirən hər bir kəs üçün sanki zaman dayanıb. Saatın əqrəbləri sükuta dalmış insan kimi səssizləşib. Elə bil oxları qəlblərə sancılıb. Bu üzüntünü dərindən anlatmağa nə sözlər, nə də rəqəmlər yetməz.

Fikirlərini bizimlə bölüş!