Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Dəyişmişlər

İllər öncə Bakıda Avstriya millisiylə qolsuz heç-heçədən sonra tribunaların qarşısına gəlib, sevincini azarkeşlərlə paylaşan, əl çalan millinin üçqat sabiq baş məşqçisi Vaqif Sadıqovun o hərəkətini xatırlayanlarınız da olar, xatırlamayanlarınız da. Onda Azərbaycan futbolunda ən xırda uğur da gözümüzə fil boyda görünürdü. O vaxt avrokuboklarda iki mərhələ keçmək artıq ciddi uğur sayılırdı.

O vaxt…

Dövran dəyişib. İndi yaşından, stajından, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər kəs Azərbaycan futbolundan daha böyük uğurlar gözləyir. İndi Avropanın bu əl boyda kiçik ölkəsində avrokuboklarda iki mərhələ keçmək böyük uğur sayılmır. Dəyişib Azərbaycan insanı, bu insanların futbola baxışları. Yaxşı! Xub! Dəyməyin, toxunmayın, imkan verək, dəyişsin!

Amma dəyişməyən bir şey var: idarə sistemi, bu sistemdə olanlar.

"Qarabağ"dan, "Qəbələ"dən, milli komandadan daha yekə-yekə uğurlar gözləyənlər üçün əslində indi Azərbaycan futboluna kimin, kimlərin başçılıq etməsinin heç bir fərqi yoxdu. Məmməd də ola bilər, Əhməd də, İvan da, əsas odu ki, azarkeş görmək istədiyini görür – Qələbə! Bəli, indi bu adamların eşitmə, duyma orqanları yalnız və yalnız buna köklənib – qələbə, zəfər görmək hissinə, arzusuna.

O qədər köklənib ki, məsələn, durub yazsaz ki, Xorvatiya millisi Bakıdakı oyunda ayağını sürüdü, qələbə qazanmaq üçün əlahiddə nəsə etmədi, sizi parçalamağa hazır olan bir qrup görərsiz qarşınızda. Məsələn, yazmaq istəsəz ki, Mario Mancukiç Kamran Ağayevin qapısına zərbə vurmurdu, ötürmə verirdi, qanınızı içməyə hazır olan bir dəstənin var olduğundan əmin olmanız gərəkər.

Bu dəyişmiş, deformasiyaya uğramış insanlar bizim də dəyişməyimizi istəyir, tələb edir. Tələb edirlər ki, onlara qoşulaq, "urra, yaşasın Azərbaycan millisi, Xorvatiyaya qarşı tər axıdıb, xal qazandı" yazaq.

Yazmırıq!

Yaza bilmərik!

Xəyanət edə bilmərik özümüzə, öz prinsiplərimizə, vicdanımıza!

Aldada bilmərik özümüzü!

Berti Foqtslu milli Bakıda Rusiya ilə danışılmış oyunda "sülh"ə razılaşanda, xəyanət etməmişdik jurnalist kimliyimizə, yazmışdıq.

İndi bizdən özümüzə xəyanətmi tələb edirsiz?

Böyükağa Hacıyevli "Bakı" "Neftçi"ylə illər əvvəl nəticəsi əvvəlcədən razılaşdırılmış oyunda uduzanda, bəndəniz matç başa çatınca ona yaxınlaşıb "oyunu satdız, Böyükağa müəllim, sabah bu barədə oxuyarsız" deyəndə, siz harda idiz? Hansı ki, həmin oyunun nəticəsinin necə olacağı hələ matç başlamamışdan əvvəl stadionda pıçhapıçla "elan olunurdu".

"Neftçi"ylə "Xəzər Lənkəran" bir-birinin bəhsinə girib, çempionatda tək-tək oyunları yox, az qala turu alanda, biz bunları həyatımıza təhlükə olsa da, yazanda, qələmə alanda, siz harda idiz, qardaşlar, bacılar?

İndi "oyun satan da, alan da şərəfsizdi" deyən Ramin Musayev yenicə PFL prezidenti təyin olunandan sonra, öz kabinetində bəndənizə sabiq referi İmanxan Sultaninin yeddi arxadan dönənini "yada salıb", "filan oyuna görə 70 min manata razılaşmadı" deyəndə, sizdən heç birinizi o otaqda görməmişdim.

2009-cu ilin 6 iyununda Azərbaycan millisi Bakıya "uşaq-muşaq"la gələn Uels yığmasına uduzanda, AFFA-nın bağışlanmaz günahı Berti Foqts mətbuat konfransına hırıldaya-hırıldaya girəndə, etirazı biz etmişdik, durub konfrans salonundan çıxmışdıq. Bizə qoşulanlar da olmuşdu, qoşulmayanlar da. Kimin üçün etmişdik? Qonşumuz üçünmü, qohumumuz üçünmü? Kimin üçün? Bu məmləkət, millət üçün. Dözə bilməmişdik aşağılanmağımıza, ələ salınmağımıza, aşağılanmağınıza, ələ salınmağınıza.

Sonra nə oldu?

Azərbaycan mətbuatı bir tərəfə oldu, biz tərəfə. Biz yazdıqca ki, bu "nemes oğlu nemes"dən xeyir gəlməyəcək, pulumuzu sümürür, başqaları Rusiyayla Bakıdakı nəticəsi öncədən razılaşdırılmış oyundan sonra Foqtsu Tanrı səviyyəsinə yüksəltməklə məşğul idilər. Onlar tərifləyirdi, biz tənqid edirdik. Onlar AFFA-nın təşkil etdiyi səfərlərə gedib, şəkillər çəkib sosial şəbəkələrdə paylaşırdı, biz AFFA-nın xalqın boğazından kəsilən pulları bivec almanların ayaqları altına tökdüyünü yazırdıq.

Siz indi bizdən sizə də, özümüzə də xəyanət etməyi, yalan yazmağımı istəyirsiz?

Siz inadla, bütün gücünüzlə Elxan Məmmədovun, Ramin Musayevin düzəldiyini, haqq yoluna gəldiyinimi isbatlamağa çalışırsız?

Siz sübut etmək istəyirsiz ki, Azərbaycanın futbol təsərrüfatı idarəçiliyində qarışqanın dırnağının ucu boyda dəyişiklik olmasa da, fil boyda dəyişikliklər olub?

İnsanlar dəyişməz ki… Bir dəfə oyun alan ikinci dəfə də, üçüncü dəfə də, üç yüzüncü dəfə də alar. Necə ki, bir fahişə üçün yatağa girdiyi ilk kişi yaddaqalandı, qalanları sapdakı muncuqlar kimi boy-boya düzüləcək. Bir dəfə ruslardan xahiş edən, ikinci dəfə bunu xorvatlardan da xahiş edər, xaxollardan da.

Berti Foqts haqda "indi deyirsiz bunu qavalayaq?" deyən Rövnəq Abdullayev üçün nə dəyişib ki?

Dünənə qədər Berti Foqtsa Azərbaycanda işlədiyi üçün təşəkkür edən, onu dahi məşqçi sayan Elxan Məmmədovda nə dəyişib?

Bütün futbol funksioneri kimliyi almaqdan və satmaqdan ibarət olan Ramin Musayev necə haqq yoluna gələ bilər? Varmı bunun bir düsturu, dəsturu?

Bilirsizmi, əzizlərim, jurnalist həmkarlarım, çoxunuzun Robert Prosineçkini, Azərbaycan millisini müzakirə etməyə haqqınız yoxdu. İtirmisiz, "kayb etmisiz" o haqqı! Bu haqqı o vaxt qazanardız ki, Foqts gedəndən sonra AFFA rəhbərliyinin yaxasından yapışıb, rüsvayçı "alman layihəsi"nə xərclənən milyonlarla vəsaitin hesabını sorardız. Soruşduzmu? Sizin ki bizdən fərqli olaraq Elxan Məmmədovu daha çox görmək imkanınız olur. Orda – Azərbaycandan uzaqda, xarici səfərlərdə. Soruşmamısız, dostlar, soruşmamısız. Soruşa bilməzdiz, qardaşlar, bilməzdiz. 6 il ərzində Foqtsa çəpik çalan əlləriniz qırılardı, diliniz lal olardi. Allah qorusun…

İllər əvvəl Avstriya ilə Bakıda güc-bəla ilə əldə edilmiş heç-heçədən sonra azarkeşlərin olduğu tribunaya yaxınlaşıb, əl çalan, sevinən Vaqif Sadıqov necə də səmimi idi…

P.S. Məsələ Robert Prosineçkidə, onun başında olduğu millidə deyil. Məsələ Azərbaycanın dəyişən azarkeş ordusunda, dəyişməyən, üzü-üzlər görmüş, futbolda "alver sənəti"nin bütün incəliklərinə yiyələnmiş federasiya, klub idarəçilərindədi. Anlada bildimmi?

Fikirlərini bizimlə bölüş!