Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Dabanına tüpürərək

Belə də olmalıydı. Lap Joze Mourinyo da olsa, bu düşüncə, bu təfəkkürlə “Xəzər Lənkəran”da qalmaq olmazdı.

Mustafa Dənizli düzgün düşünmürdümü, baxışı düzgün deyildimi? Əsla bunu iddia edə bilmərəm. Peşəkar məşqçi kimi türkiyəli işini bilən, yüksək hədəfləri qarşısına qoyan biri idi. Amma Azərbaycanda işləmək üçün başqa özəlliyin olmalıdı. Dənizlidə məhz bu çatmadı.

İstefasından bir gün əvvəl keçirdiyi mətbuat konfransına klub rəsmilərindən heç kimin qatılmadığını görəndə dalağım sancmışdı. Dəstəksiz, tək başına qalan Dənizli hər nə qədər fəxri prezidentdən dəstək alsa da, Xəzərdə uzağa üzə bilməzdi. Dünən elə, bu gün belə. Azərbaycan reallığında yaşaya bilməyən biri pərdəarxası oyunları taktikasında nəzərə almadığı üçün urvatsız edilib qovuldu.

Dünən transferlərdən danışan, xəyallar quran Dənizlinin yuxusuna ilk gecədəcə cin girdi, qorxutdu və “Qalatasaray”ın boş qalan idman direktoru postuna kimi qovdu. Qaçdı, nə qaçdı – dabanına (təkcə dabanınamı) tüpürərək…

İndi Lənkərana klub rəhbərliyinin dilində danışan biri gələcək. Biri deyəndə çox fikirləşməyə də ehtiyac yoxdu, Mirça Rednik çemodanlarını bir aydı yığıb, xəbərdar olduğu planın müsbət yekunlaşmağını gözləyirdi, atrıq təyyarəyə minə bilər. Belçikadan öz işlədiyi komandanın oyunlarına bukmeker kontorunda pul qoyduğu üçün qovulan Rednik bura rahat çörək qazanmağa və kimlərinsə də qazanmasına kömək etmək üçün gəlir. Dənizli isə getdi, rumın həmkarından fərqli olaraq – qayıtmamaq üçün.

Bu ölkəyə, bu ölkənin klublarına Dənizli kimi intizam sevən məşqçi lazım deyil…
Bu ölkəyə, bu ölkənin klublarına Dənizli kimi peşəkar lazım deyil…
Bu ölkəyə, bu ölkənin klublarına Dənizli kimi insan lazım deyil…

… Bu ölkəyə, bu ölkənin klublarına Rednik kimi saxtakar lazımdı.
… Bu ölkəyə, bu ölkənin klublarına Rednik kimi hamını dolandıran, özü də böyük tikəni götürən lazımdı.
… Bu ölkəyə, bu ölkənin klublarına Rednik kimi rəhbərliyin dilində danışan lazımdı.

BƏRƏKƏTLİ OLSUN!

Fikirlərini bizimlə bölüş!