“Neftçi”nin prezidentini dəyişdilər. Bu mövzuda çox yazılıb, çox mətləblərə toxunulub. Əvvəl xəbər yayıldı ki, guya Orxan Hüseynzadə istefa ərizəsi ilə təsisçilərə müraciət edib, onun istefası qəbul edilib, arxasınca isə yenə də guya həmin təsisçilər qərar veriblər ki, Kamran Quliyevi prezident postuna təyin etsinlər. Nə təsadüf ki, bir neçə saat əvvəl həmin Quliyev də “Sumqayıt”ın prezidenti postundan istefa vermişdi. İndi gedib Elxan Məmmədovdan soruşulsa ki, bu təyinatlar sizin düşüncələrinizin məhsuludu, “yox” deyəcək, o klubların təsisçiləri ərizələrə baxır, ərizələrə əsasən qərar verirlər, deyəcək, müstəqil klublardı o klublar, biz qarışmırıq deyəcək. Jurnalistikanın etika kodeksi belə mövzularda bu adamların bir müxtəlif simalılığına qarşı bizləri gücsüz, çarəsiz buraxır, nə yazıq ki.
***
Bu təyinat onu deməyə əsas verir ki, “Neftçi” yenidən sınaq poliqonu olaraq qalır. Dünənə qədər Orxan Hüseynzadə ilə agent Kamil Məmmədov özfəaliyyət dərnəyi kimi istifadə edirdilər, indi sıra Quliyevin komandasına çatdı.
Mayk Kampaz transferinin içində olan fırıldaq barədə media yazmışdı. Deməli, kolumbiyalını öz agenti “Neftçi”yə 70 min ABŞ dolları maaş tələbi ilə təklif edir, futbolçu “bəyənilmir”, bir müddət keçir, necə olursa, bahalaşdırılmış futbolçu 100 min dollar maaş qarşılığında Kamil Məmmədovun vasitəsi ilə taransfer olunur. Hüseynzadənin də prezident postundan göndərilməsinə bu fırıldaq işin səbəb olduğu deyilir.
Mən Orxanın “alverçi” olduğunu bir neçə platformada demişəm və onunla bağlı əlimdə sübutlarım da var. Təbii, alverçi xislətinə sahib birisini Kamil Məmmədovla işbirliyi zəminində təsəvvür edəndə vəziyyət daha da mürəkkəbləşir. Yəni fırıldaqlar, sadəcə, "Kampaz, Fransisko Qarsiya kimi 6 aylıq müqavilələrə niyə 100 min dollarlar verilir” sualı ilə çərçivələnmir. Məsələn, Lukas Qomes deyə bir hücumçu gətirirlər, 30 yaşında və nə hikmətsə, bu futbolçu ilə yarım illik yox, 1 illik yox, ilyarımlıq müqavilə bağlanır. Futbolçu gənc olsa, düşünərik ki, perspektiv üçün atılmış addımdı, lakin gənc deyil. Hər halda, gəlin, işin hikmətini açmağa çalışaq. Hüseynzadə “Neftçi”nin prezidenti deyil, istefa verdi və ya verdirildi, getdi. Ancaq bu adamı futbolçu alverindən əl çəkməyə ki məcbur edən səbəb yoxdu? Deməli, “Neftçi”də atılmış təməllər üzərindən alver etməyə davam. Qomesin 2019-a qədər müqaviləsi var. Bu gün baş məşqçi Tərlan Əhmədovdu, sabah böyük ehtimalla Kamran Quliyevin öz məşqçisi gətiriləcək. Qomesin müqaviləsinin sonuna qədər “Neftçi”də qala bilməyəcəyi isə son iki turdan sonra bəllidi. Tutaq ki, Əhmədov bu futbolçuların keçidinə “hə” demiş adam kimi, işləyəcəyi müddətcə Qomesi və Qomes kimi müqaviləsi süni şəkildə 2019-un yayına qədər olanları qanadlarının altında gizlətdi. Yeni məşqçi gələn kimi göndərmək istəyəcək. Bax, onda Hüseynzadə və ortağı Məmmədovun ticarətinin “yəhudi mərhələsi” başlayacaq. Bu futbolçular yerli oyunçu deyillər ki, göz ağardasan, imza atdırasan, yola salasan. Müqavilənin şərtlərinə əməl etmədən göndərirsənsə, təzminatı var. Ödəməyəcəksən, FIFA sağ olsun. Müqavilələrdəki o rəqəmlər ikiyə vurulur, dördə vurulur, transfer qadağası gəlir, xal silinir və s. Hə, əlbəttə, bu işlərin arxasında nə Hüseynzadə, nə də Məmmədov soyadı olacaq. Hansısa “SOCCER TALENT MANAGEMENT” futbolçu təmsilçiliyi və təmsilçi qismində “X” adlı, “X” soyadlı əcnəbi futbolçu agenti. Təzminat məbləğləri kiçik olmur, bölüşmək problem deyil.
***
Ramin Musayev açıqlama verib ki, Tərlan Əhmədovu öz üsullarımla cəzalandıracam. Sonra da fikrini müəyyən cümlələrlə izah etməyə çalışır. Düşünürəm ki, Musayevin bu tip köntöy açıqlamaları olmasa, ümumiyyətlə, maksimum danışmamağa çalışsa, cəmiyyət bu adamı AFFA-nın binasında oturan faydalı zəhmətkeşlərdən biri kimi qiymətləndirə bilərdi. İndi əyri oturaq, düz danışaq, adamın vəzifəsi premyer-liqa keçirməkdi, pis keçirmir, 1-ci divizion da klubların səviyyə problemini saymasaq, normal təşkil olnur. Səlahiyyətlərindən çıxır, Hakimlər Komitəsini təzyiq altında saxlayır, bu da yaxşı işdi. Xaqani Məmmədovu öz başına buraxmaq ölünü öz başına buraxmaq zərb məsəli ilə eyni mənanı verir. Uzun sözün qısasını deyim, Ramin Musayev ölkə futbolunda faydalı iş əmsalı baxımından Elxan Məmmədova uduzmur, kişi əziyyət çəkir, çalışır. Bircə danışmasa… Başa düşürəm, Musayev Tərlan Əhmədovu özü də etiraf etdiyi kimi, “Neftçi”nin baş məşqçi postuna “tapşırması” faktından ərk sahibi olduğunu düşünür. Lakin onun bu çıxışına Elxan Məmmədovun “tapşırıq” adamı, “tapşırıq”la ikinci prezidentliyinə başlayan birinin – Kamran Quliyevin o “tapşırıqlı prezidentliy”in ilk iş günündə sərt cavab vermək cəhdi isə daha dərin ikrah doğurdu, olduqca gülməli səsləndi.
Bir də ki, bir klubun prezidentinin həftənin əvvəlində rəqibi olan klubun başına həftənin sonundakı oyundan bir gün əvvəl prezident olması faktının yaşandığı bir ölkədə futbolu ciddiyə almağa çalışırıq. Siz bizim psixoloji vəziyyətimizi düşünürsüzmü? Ağıl alan şeylər deyil, bunlar.
***
1937-ci qara repressiyalar tarixini daşıyır loqosunda “Neftçi”. Rənglərinin qarasına qərq olub, ağına çıxacağına görünür, hələ də çox var.
Böyük şair Xəlil Rzanın şerindəki kimi:
Davam edir 37 –
Daha kəskin, daha ciddi!
Rəsul ŞÜKÜRSOY
Davam edir 37…




Fikirlərini bizimlə bölüş!