Əsrlərdi dünya türklərinin həyatını zəhərə döndərən ermənilərin Tovuz istiqamətində növbəti fitnəkarlığı ölkədə elə əhval-ruhiyyə yaradıb ki, onsuz da martdan bəri gözdən düşən futbol indi heç kimi maraqlandırmır. Vətənin, millətin maraqları olan yerdə futbolun arxa plana keçməsi də təbiidi. Təki nəsildən-nəslə keçən bu yükü üzərimizdən götürək, gələcək nəsillər erməni məsələsini onlara saxladığımıza görə gorumuza söyməsinlər.
Belə məqamda AFFA-nın Canni De Byazi seçimi mənim üçün sevimli mövzu deyil. Hərçənd İcraiyyə Komitəsinin (İK) iclasındakı müzakirələrin axarı adamı bir qədər ruhlandırır. 2008-in martından bəri qısamüddətli Qurban Qurbanov dönəmi istisna olmaqla yığmanı almana, iki xorvata və nəhayət, italyana tapşıran adamlar, deyəsən, yavaş-yavaş indiki futbolçu resursu ilə hansı məşqçinin çalışmasından asılı olmayaraq, iddialı nəticələr qazanmağın mümkünsüzlüyünü dərk etməkdədilər. De Byazinin Arif Əsədovu səsvermədə 8:5 hesabıyla məğlub etməsi də bunun sübutudu. Sadəcə, italyanın tərəfdarları Rövnəq Abdullayevi inandırmaq üçün sonda hansısa inandırıcı dəlillər tapıblar.
Sirr deyil ki, De Byazi ilə Əsədovun yığmanın baş məşqçi vəzifəsindəki qazancı eyni ola bilməz. İtalyan hər nə qədər bura pul dalınca gəlmədiyini iddia etsə də, iki məşqçi gətirəcəyini də nəzərə alsaq, yenə Azərbaycandan ilyarım ərzində milyonlar uçacaq. Ölkənin indiki iqtisadi durumunda bunun nə dərəcədə məqsədəuyğun olduğuna isə qoy Rövnəq Abdullayevlə Elxan Məmmədov, bir də İK üzvləri qərar versin. Bu müzakirələrin gedişində şəxsən məni razı salmayan bir məqam var ki, ona toxunmaya bilmirəm. De Byazinin təxminən 6 il çalışdırdığı Albaniya yığmasını Avropa çempionatının final mərhələsinə daşımasını xüsusi şəkildə vurğulayanların unutduqları bir prinsipial nöqtə var. “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin xoş təsadüf nəticəsində düşdüyü yığmanın heyətində Albaniya çempionatında çıxış edən iki futbolçu var idi ki, onlar da Fransaya qapıçı kimi yollanmışdı. Heyət İtaliya, Almaniya, Fransa, İsveçrə, Xorvatiya, Yunanıstan, Türkiyə çempionatından çağırılan alban legionerlərlə dolub-daşırdı. Bəs bizim bu ölkələrin elitasında bircə təmsilçimiz varmı? Təbii ki, yoxdu. Deməli, De Byazinin alban modelini Azərbaycanda təkrarlaya biləcəyinə yönələn ümidlərin də əsası yoxdu.
Başqa bir ilginc məqam AFFA-nın saytında yer alan “İcraiyyə Komitəsinin iclası keçirilib” xəbərindəki bu ifadədi: “AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə…” Düzdü, xəbərin sonunda qeyd şəklində bildirilib ki, “AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildi”.
Son illərdə ən azı 100 dəfə hansısa məşqçinin təyinatıyla bağlı xəbər oxumuşam. Amma heç birində belə yanıltmaca rast gəlməmişəm. Onsuz da aydındı ki, Azərbaycan yığması sentyabrda Millətlər Liqasının oyunlarına çıxmasa, De Byazinin “sükan arxasına” keçməsinin mənası qalmır. Yəni bu AFFA rəhbərliyi ilə italyan mütəxəssis arasındakı söhbətlərdə razılaşdırılası məqamdı, daha təyinatla bağlı xəbərə qoşulmamalıdı.
Hələ onu demirəm ki, De Byazinin bizim jurnalistlərə verdiyi müsahibə AFFA rəhbərliyinin bu məsələdə yumşaq desəm, qeyri-səmimi olduğunu göstərir. De Byazi açıq-aşkar deyir ki, məni təyinatla bağlı təbrik edə bilərsiz, artıq üç aydı Azərbaycan yığmasının oyunlarını izləyirəm, təhlil edirəm. Belədisə, onda AFFA rəhbərliyinin zaman-zaman bu mövzuda verdiyi şərhlər, Arif Əsədovun adının yerli-yersiz hallandırılması nə demək idi? Sağ göstərib, sol vururdular, yeni baş məşqçini gözdən-nəzərdən uzaq tutmaq, ya nə etmək istəyirdilər? Bu sualların cavabını bilmirəm. Hər halda, adam hansısa yeni işə başlayanda ona uğur arzulamaq adətdəndi. Elə mən də elimizin köhnə adətinə sadiq qalaraq, De Byaziyə yığmanın “sükanı arxasında” uğurlar, parlaq nəticələr arzulayıram. Bir də etiraz etməsəydi, soyadını azacıq dəyişərdim, yəni De yox, Ye Byazi!
HUŞƏNG
De yox, Ye Byazi!




Fikirlərini bizimlə bölüş!