Söhbət Şahin Diniyevdən və ya Kərim Diniyevdən getmir. Artıq gündəmdə olan Coşqun Diniyevdir. Həm ailə tərbiyəsinə, həm də oynadığı futbola görə təqdirəlayiq biridir.
Hazırda “İnter”in əsas heyətində oynamağa başlayan Coşqunun gələcəyinə böyük ümidlər bəslənilir. Əgər inkişafını belə tempdə davam etdirsə, haqqında danışılan oyunçulardan olacaq. Biz Şahin Diniyevi sadəcə Coşqunun atası kimi xatırlayacağıq, qeyd edəcəyik.
Əslində, Coşqun Diniyev üçün cari mövsüm heç də birənalı inkişaf etmədi. Əvvəl ancaq əvəzedici heyətdə oynayan Coşqun daha sonra Zaqatala hadisələrinə görə 9 oyunluq cəzalandırdıldı. Bu isə onun üçün br növ düşərli oldu. Kaxaber Sxadadze digər məşqçilər kimi davranmadı. Təcrübəli futbolçuların müəyyən müdaxiləsindən sonra Kaxa Coşqunu əsas heyətə dəvət etdi və “Neftçi” kimi komanda ilə əsas heyətdə döyüşə atdı.
Məhz bu addım Kaxaber Sxadadzenin səhv kimi görünən düz qərarlarından idi. Necə ki, Kaxa “Qarabağ”da itib-batmış Vaqif Cavadova kapitan sarğısı verməklə qınaq obyektinə çevrilsə də, onu yenidən qazanmış oldu. Gürcü məşqçi Diniyevə məhz bu məqamda güvənməklə onu da qazanmış oldu.
Bəli, bəzi oyunlarda Coşqunun düz addımları səhvlərindən az oldu. Sözsüz ki, bunu başa düşmək lazımdır. Çünki Coşqun peşəkarlıq yolunda ilk addımlarını atır. Daha təcrübəli oyunçularla çiyin-çiyinə çıxış edəndə təcrübəsiz futbolçunun səhvləri daha aydın görünür. Bu məlum məsələdir. Coşqunun təcrübəsiz olduğunu həm özü gördü, həm də biz. Amma Sxadadze ona güvənməyə davam etdi.
Çünki gürcü məşqçinin onunla bağlı qərarı fərqlidir: Gələn mövsüm bütün oyunlarda mütəmadi çıxış etməlidir. Xüsusi plan məhz budur.
Artıq “Qəbələ” ilə oyunda Kaxa bir daha əmin oldu ki, qərarı səhv deyil. Çünki Coşqun, həqiqətən də, kollektivdən geri qalmırdı. Oyunu izləyən bir şəxs kimi deyə bilərəm ki, Coşqun bacardı. Bu işi gördü, ona bəslənilən ümidləri doğrultu, meydançaya layiq olduğunu göstərdi və sübut elədi ki, milyonları verib, oyunçular gətirməklə deyil, yetişdirmək, üzə çıxarmaq lazımdır.
“Qəbələ” ilə matçda sərgilədiyi futbola görə, Coşquna əhsən və alqış düşür. Bir ötürmədə belə səhv etməyən oyunçu “İnter”in ən dəqiq futbolçusu idi.
Çox təmkinli və həyəcansız oynayır, meydançanı necə lazımdırsa, elə də görürdü. Sadəcə, təcrübəsizliyin gətirdiyi “birdən səhv edərəm, danlanaram” həyəcanı müəyyən mənada qalmışdı. Məsələ burasındadır ki, Coşqun bəzi epizodlarda təhlükəni hiss edir, irəli getməyə risk etmir, geri qayıdırdı ki, bu da onun oyununun effektliliyinə təsir edirdi. Top itirməmək üçün bunu etmək yaxşı haldır, amma bir dəfə. Mütəmadi olaraq, gözünün arxada qalması futbolçu üçün yaxşı hal deyil. Xüsusən də, Coşqun kimi topla davranmağı çox yaxşı bacaran futbolçu üçün.
Coşqun Diniyev bu yazıdan sonra rahatlıq hissini məsuliyyət hissi ilə əvəzləməlidir. Çünki o artıq gündəmdədir və Diniyev nəslinin davamçısıdır. Sənə əhsən, sənə alqış, amma burnunu yuxarı qaldırmaq qəti sürətdə olmaz.
Məncə, qaldırmayacaq da. Çünki Kaxadan əvvəl onun üzərində Şahin Diniyev nəzarəti var. Futbolçularına həm ata, həm də məşqçi olan Diniyev bununla yanaşı böyük psixoloqdur. Yəni Azərbaycanda Coşqunun burnunu qaldırması, şişməsi təhlükəsi, zənnimcə, çox azdır.




Fikirlərini bizimlə bölüş!