Milli komanda daha bir ili boşa verdi.
Bu il Sent Lüsiya, Syerra Leone, Malta, San Marino, Litva (2 dəfə), Lixtenşteyn (2 dəfə) və Andorra ilə qarşılaşıb.
Bu komandalar dünyada və qitələrində ən zəiflərdən sayılır.
Ayxan Abbasovun U21-də qısamüddətli də olsa, yetərincə yaxşı işini əsas millidə də davam edəcəyinə ümid böyük idi.
Ötən il keçirilən oyunlar bu ümidləri bir qədər də artırmışdı.
Amma builki matçlar Abbasovun daha güclü rəqiblərlə görüşlər üçün daha yaxşı məşqçi olduğunu göstərdi.
Burda rəhbərliyin baş məşqçinin qarşısına qoyduğu hədəflər də vacib şərtdir.
Bu cür göydəndüşmə zəif rəqiblərlə matçlarda heyəti tam yeniləmək məqsədi qoyulsa, Abbasov şübhəsiz ki, U21-dən tanıdığı gəncləri ilboyu oynadar və gələcəyin heyətini qurardı.
Amma bu gün verilən müsahibədən anlaşılır ki, Abbasovun qarşısına Millətlər Liqasının ən sonuncu – D qrupunda qrup lideri olmaq hədəfi qoyulubmuş…
Bu, heç bir məntiqə, ağlasığmayan hədəfi düşünəndə beyin error verir. Axı D qrupunu lider bitirmək milliyə heç nə qazandırmır. D Liqasındakı bütün komandalar avtomatik C Liqasına yüksəlir. Çünki D Liqası ləğv edilir.
D Liqasında yeganə normal hədəf hər iki qrupdakı komandalar arasında ən yaxşı nəticə göstərən yeganə komanda olmaqdır.
Çünki, həmin komanda AVRO-2028-ə düşmək üçün pley-off oynayacaq.
***
Emin Mahmudov kimə görəsə Azərbaycan millisinin tarixində ən yaxşı, ən istedadlı, ən yaxşı xarakterli futbolçudu.
Dəyişilməz fakt odur ki, Emin hələlik milli tarixində ən çox qol vuran oyunçudu.
Eminin millinin tarixində 2-3 ən yaxşı futbolçudan biri olması da məncə, müzakirə mövzusu deyil.
Eminin 35 yaşına yarım il qalıb və gec-tez milli ilə də, futbolla da vidalaşmalıdı.
Amma bu şəkildə yox!
Emin ən azı canlı əfsanəsinə çevirildiyi "Neftçi"nin stadionunda, minlərlə pərəstişkarının gözü önündə, karyerasına, xidmətlərinə layiq şəkildə milliyə vida etməli idi, daha 1 azərbaycanlı azarkeşin də tribunada olmadığı Andorrada mənasız bir yoldaşlıq oyununda yox!
***
Bu ilin də milli üçün boşa verilməsinin günahını Ayxan Abbasovda axtarmaq lazım deyil. Abbasova daha 1 il şans verib güclü komandalarla oyunlarda potensialını tam görmək yaxşı olar.
Amma Ayxan bəyə və ümumən AFFA-ya bəzi ritorik sualları yazmasam da olmur:
1) Niyə hədəf Millətlər Liqasının pley-offu deyildi?! Niyə Lixtenşteynlə Litvayla oyunlarda biz vaxt uzadırdıq, müdafiəyə otururduq, son dəqiqələrdə əvəzetməlır edib nəticəni qorumağa çalışırdıq?!
2) Niyə bu cür zəif rəqiblərlə matçlarda gələcəyin heyəti qurulmadı, həmin futbolçularla bəlli bir oyun modeli formalaşmadı.
3) Niyə Lorenzo Mezzotero kimi istedada dərhal heç olmasa 1 dəqiqə əsas millidə şans verilmədi ki, onun Azərbaycan millisindən başqa seçim imkanı qalmasın?!
4) Niyə Emin Mahmudov kimi bir canlı əfsanə millidən küsdürüldü, axı onun mövqeyində daha yaxşı futbolçumuz yetişməyib, necə deyərlər Eminin ölüsü də, bu milliyə hələ neçə il faydalı olar və niyə onun milli karyerası belə urvatsız şəkildə bitdi?!
5) Niyə heç olmasa Andorra ilə son oyunda bütün gənclərə əsas heyətdə yer veilmədi?!
Ritorik suallar çoxdur. Görünür hamının əsas məqsədi bu cür zəif rəqibləri udub mükafat qazanmaq imiş. Xeyirli olsun!
Amma Ayxanı günah keçisi seçməklə də heç nə dəyişməyəcək. Potensial əcnəbi məşqçiyə verəcıyiniz pulları infrastruktura xərcləsəz, bu futbolumuz adına ən doğru addım olar.




Fikirlərini bizimlə bölüş!