Rauf Əliyevin nə dərəcədə səmimi olduğunu deyə bilmərəm. Hər halda, onun qəzetimizə dediyi “alman dilini bilsəydim, Foqtsa mesaj yazardım” sözləri məni xeyli düşündürdü. Bir sadə məntiqlə ki, azərbaycanlı futbolçular cəmiyyətdə laqeyd və unutqan adam obrazı formalaşdırıb.
Əksəriyyət onlar üçün mənəvi dəyərlərin çoxdan arxa plana keçdiyinin fərqindədi. Özləri buna əsas verib. Elə götürək Raufu. Adam “Qarabağ”da parlamağa başlayanda bu klub haqda ağızdolusu danışırdı. Hafiz Məmmədovun dollarlarının parıltısına şirniklənib “Bakı”ya keçən kimi paytaxt təmsilçisini tərifləməkdən yorulmadı. Məlum səbəblərə görə “Xəzər Lənkəran”ın yolunu tutandan sonra isə cənubluları dağın başına qoydu. “Fırtınalar meydanı”nda oynamağın və bu camiəyə xidmət etməyin az qala böyük şərəf olduğunu dedi. İndi də növbəti dayanacağı olan “Neftçi”nin şəninə təriflər yağdırır. Bu klubun formasında meyda-na çıxmağı uşaqlıq arzusu kimi qələmə verir. Utanıb-qızarmadan bir əzəli rəqibi digərinə dəyişməsində dollarların böyük rol oynadığını gizlətməyə çalışır, yaxına buraxmır. Halbuki yalan danışdığını və futbol ictimaiyyətinin bunun fərqinə vardığını gözəl bilir. Qınamıram, qardaş öyrəncəlidi. Qardaş bu yolu addımlayan digər qardaşlarının yalan adlı bulağından doyunca su içib. Və sabah “Neftçi”ni dəyişəcəyi klubu da o ki var əzizləyəcək.
Dözmədi qəlbim, ay Rauf. Doğrudan da ürəyindən əməliyyat olunan Foqtsa mesaj yazmaq ürəyindən keçir(di)sə, bunu etmək su içmək kimi asandı. Sən məndən də yaxşı bilirsən ki, qoca almanın nömrəsi Elxan Məmmədov başda olmaqla, AFFA-da oturan bığıburma bəylərin çoxunda var. Belə canın yanırsa, al nömrə-ni, yaz mesajını! Kimdi qarşını kəsən? Məktub yazmayacaqsan ki. Baş katibdən və ya Foqtsa yaxın olan digər şəxslərin birindən xahiş etsən, sənin əvəzinə bir-iki cümlə guppuldadacaqlar. Ürəyinin hayına qalan qoca da sevinəcək ki, keçmiş tələbələri onu unutmayıb. Yaşlı adamlar həssas olur, diqqət istəyir, ay Rauf. Amma indiyədək bunun etməmisənsə, bəhanə gətirmə, yalan danışma. Bezdirmisiz camaatı pafoslu açıqlamalarınız və yalanlarınız ilə.
Dözmədi qəlbin, ay Foqts. Amma inanmıram ki, səbəb Raufun da top qovduğu yığma olsun. Nə olsun ki, 6 ildə onlardan istədiyini ala bilmədin? Nə olsun ki, bu müddətdə ortaya komandaya oxşa-yan bir şey qoya bilmədin? Sən bunun fikrini çəkən kişilərdən deyildin axı. Olmaya Almani-yaya qayıdandan sonra vicdan əzabı çəkməyə başlamışdın? Qəlbin peşəkar həmyerlilərini görən kimi dözmədi? Bəlkə asan gəlir yerini (AFFA) itirməyin səni çökdürdü? Kişi, olan ol-du, keçən keçdi, boş ver belə şeyləri. Necə ki burdakı tərəfdaşların itirilmiş 6 ilin qula-ğını belə burmur. Sanki milyonlar hesabına başa gəlmiş sənli dönəm heç olmayıb. Elxan Məmmədovun indiyədək ürəyi tutmayıbsa, deməli, hər şey əladı. Zalım oğlu, qoca adamsan, nəyin dərdini çəkirsən? Qazandıqlarını xərclə, ömrünün qalan hissəsinin dadını çıxar.
Görürsən, mən sabiq tələbən Raufdan da, elə Elxan Məmmədovdan da diqqətliyəm. Dözmədi qəlbim, sənin qəlbinin dözməməsini görməzliyə vurmadım. Sənə palaz boyda yazı həsr etdim. Halbuki bir yerdə milyonların içində üzdüyün şəxslər istəsəydi, AFFA-nın saytına “keçmiş olsun, ortaq” yazardılar. Amma az əvvəl dediyim kimi, onlar sənli dönəmi heç xatırlamır da. Sanki heç Azərbaycana ayağın dəyməyib, ay zavallı. Səndən istifadə etdilər və atdılar. Yəqin günah özündə olub. Yaşınla əlaqədar hesabı qarışdırmısan əlbət. Bundan sonra hesab-kitab işlərini səndən qat-qat cavan xorvatla bir yerdə görəcəklər. Xəbərin var, bu zalım oğlu da sənin kimi Almaniyada anadan olub. Yəqin bu da qəpiyinin qədrini bilən adamdı. Sadəcə, indidən bir şeyə görə çox narahatam, herr Berti: birdən o da burdan gedəndən sonra…
Kənan HƏSƏNOV
P.S. Az qala yadımdan çıxmışdı, bəlkə bu millətin sağlam düşüncəli kəsiminin ahı tutdu səni, hə? Ola bilər?




Fikirlərini bizimlə bölüş!